İrfan Sıddıq: «Azərbaycandakı seçki barədə ATƏT/DTIHB-in rəyi ilə razıyıq və ona dəstək veririk»

Böyük Britaniyanın Azərbaycanda bu yaxınlarda fəaliyyətə başlamış səfiri İrfan Sıddıq dünən “Azadlıq” radiosunun “Işdən sonra” proqramında sualları cavablandırıb. Səfir Azərbaycanda okytabrın 9-da keçirilmiş prezident seçkiləri zamanı yol verilmiş qanun pozuntularından tutmuş, siyasi məhbus probleminə qədər bir sıra məsələlərdən danışıb.

Qeyd edək ki, İrfan Sıddıq inqilab baş vermiş ölkələrdə çalışıb. Səfir Böyük Britaniya hökumətinin bu cür ölkələrlə münasibətlərindən danışıb: “Böyük Britaniyanın ərəb baharı baş vermiş ölkələrlə inqilablardan əvvəl və sonrakı münasibətlərini fərqləndirmək lazımdır. Vaxtilə Britaniya hökuməti siyasi stabillik naminə demokratik dəyərləri qurban verməkdə ittiham olunurdu. Baş nazir, xarici işlər naziri bu tənqidlərə cavab vermişdi. Onlar etiraf etmişdilər ki, ola bilsin, vaxtilə biz daha çox siyasi sabitliyə diqqət yetirmişik, demokratik inkişaf amillərinə o qədər əhəmiyyət verməmişik. Ona görə Tunisdə və Misirdə baş verənlərdən sonra biz aydın şəkildə mövqeyimizi bildirdik ki, Britaniyanın həm maraqları, həm də dəyərləri var və bunların hər ikisini təşviq etməyə çalışırıq. Ərəb baharından sonra müşahidə etdiyimiz hal ondan ibarət oldu ki, qısamüddətli hədəflər naminə uzunmüddətli dəyərlərimizi qurban verəndə nəticədə biz uzunmüddətli dəyərlərə ləkə salır və ya onları zəiflətmiş oluruq. Məhz bu səbəbdən hazırda açıq şəkildə bəyan edirik ki, həm maraqlarımızı, həm də dəyərlərimizi təşviq etməyə çalışırıq. Bu yolla dəyərlərimizin və maraqlarımızın uzunmüddətli müdafiəsinə təminat əldə edə bilərik. Bu yanaşma dünyanın bütün ölkələrinə münasibətlərə aiddir”.

Britaniya hökumətinin Azərbaycana münasibətdə də dəyərləri maraqlara qurban verməsinə dair tənqidlərə gəlincə, səfir bildirib ki, bu, belə deyil: “Sözsüz, Britaniya hökumətinin maraqları var və Azərbaycan hökumətilə əməkdaşlıq çərçivəsində bu maraqları irəli aparmağa çalışırıq. Lakin bu o demək deyil ki, nəticədə biz dəyərlərimizlə əlaqədar açıq və dürüst müzakirələr aparmırıq, yaxud onları qurban veririk. Biz bu dəyərlər barədə mümkün müstəvilərdə Azərbaycan hökumətilə konstruktiv müzakirələr aparırıq. Sadəcə, şou naminə hansısa bəyanatlar verilməsinin tərəfdarı deyilik. Əksinə, Azərbaycandan olan tərəfdaşlarımızla birgə müştərək maraqlar naminə hərəkət etməkdə maraqlıyıq”.

Səfir Azərbaycandakı seçkilərlə bağlı ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun ilkin rəyi ilə birmənalı şəkildə razılaşdıqlarını və onu dəstəklədiklərini bəyan edib. Irfan Sıddıq həmçinin seçki günü özünün də şahidi olduğu qanun pozuntularından danışıb: “Seçki ilə bağlı fikrim Britaniya Xarici Işlər Nazirliyinin mövqeyindən fərqlənmir. Biz ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun ilkin rəyini də nəzərdən keçirmişik. Düşünürük ki, onların gəldiyi nəticə ən ətraflı və ən etibarlı mənbədir. Onların gəldiyi nəticələrlə razıyıq və buna dəstək veririk. Ümid edirik ki, Azərbaycan hökuməti ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun yekun hesabatından irəli gələn tövsiyələr əsasında müəyyən təkmilləşdirmələr aparacaq, çatışmazlıqlar aradan qaldırılacaq.

Seçki günü mən özüm də səfirliyin müşahidə missiyasının tərkibində müşahidə apardım. Lakin seçki sahəsində mütəxəssis olmadığıma görə ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun təqdim etdiyi qiymətləndirmə formasında prosesi qiymətləndirirdim. O formaya baxsanız, görərsiz ki, qiymətləndirmə ilə bağlı onların konkret metodologiyası var. Ona görə düşünürəm ki, ATƏT-in Demokratik Təsisatlar və Insan Hüquqları Bürosunun metodologiyası etibarlıdır. Heç bir fərziyələr irəli sürmürlər, faktla sübut olunmayan məsələlər orada əksini tapmır.

Mən müşahidə etdiyim məntəqədə səslərin sayılması prosesi çox pis həyata keçirildi".

Azərbaycanın demokratik ölkə olmasının Britaniyanın da uzunmüddətli maraqlarının təmin olunması baxımından vacibliyini vurğulayan səfir Azərbaycanda siyasi məhbus problemi barədə də danışıb: “Jurnalistlərin, müxalifətçilərin həbsi Azərbaycan üçün faydalı təcrübə deyil. Bu ölkənin nə imicinə, nə maraqlarına, nə də inkişaf planlarına fayda verən amil deyil. Müntəzəm şəkildə rəsmilərlə bu məsələni qaldırırıq. Bizə verilən cavab adətən belə olur ki, bunlar cinayət tərkibli məsələlərdir, müvafiq hüquqi prosedurlar gözlənilməlidir. Biz öz tərəfimizdən hökuməti dəvət edirik ki, bu insanlarla bağlı prosesləri mümkün qədər tez və qəti şəkildə həyata keçirsin. Onların məhkəmələri beynəlxalq standartlara uyğun keçirilsin, çıxarılan qərarlar ədalətli olsun”.