Hər zaman qeyri-etik davranışları və açıqlamaları ilə gündəmə gələn, ermənilərin “şərəf ordeni” verdiyi teleaparıcı Vladimir Solovyova qarşı “xuliqanlıq” maddəsilə cinayət işi açılması üçün hüquq-mühafizə orqanlarına müraciət edilib.
“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, vəkil Andrey Belyanski qalmaqallı aparıcıya qarşı Yekaterinburq şəhərinin sakinlərini təhqir etməsilə bağlı bir neçə iddia qaldırıb.
Məlumat üçün qeyd edək ki, bir müddət əvvəl Yekaterinburq şəhərinin mərkəzində park ərazisinin sökülərək, yerində kilsə tikilməsinə etiraz edən yerli sakinlərlə hakimiyyət orqanları arasında konflikt baş vermişdi. Etirazlar getdikcə daha böyük vüsət aldığından hakimiyyət əhali arasında sorğu keçirmişdi. Sorğuda iştirak edənlərin böyük əksəriyyəti kilsənin həmin ərazidə tikilməsinin əleyhinə çıxmışdılar. Bunu nəzərə alan hakimiyyət kilsənin tikilməsindən vaz keçmişdi.
Həmin bu Solovyov isə yerli sakinləri, etirazçıları efirdə təhqir edərək, onları “şeytanlar” adlandırmışdı. Bu, Yekaterinburqda böyük narazılığa və hiddətə səbəb olduğu üçün aparıcının hüquqi müstəvidə cəzalandırılması qərara alınmışdı.
Artıq işlə bağlı materiallar Sverdlovsk Vilayətinin hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Bununla yanaşı, vəkil Moskva prokurorluğuna da müraciət edərək, Solovyova qarşı “təhqir” maddəsilə cinayət işinin açılmasını tələb edib.
Xatırladaq ki, bundan öncə Rusiya müxalifətinin liderlərindən sayılan Aleksey Navalnı Kremlin təbliğat maşınının “vintlərindən” biri sayılan Solovyovu ifşa edən materiallarla çıxış etmişdi. Həmin materiallarda aparıcının İtaliyada hər birinin dəyəri bir milyon dollardan baha olan iki villası barədə məlumatlar və özünün İtaliyada yaşamaq hüququ verən sənədi əks olunurdu.
“AzPolitika”


Şərhlər