Dekabrın 18-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla həbs edilən Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. DTX-nın yaydığı məlumata görə, onlar vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, dövlət vəsaitini mənimsəməkdə, külli miqdarda rüşvət almaqda şübhəli bilinirlər.
“AzPolitika.info” araşdırıb ki, həbs olunana qədər Nizaməddin Quliyevin fəaliyyəti Hesablama Palatası tərəfindən yoxlanılsa, onun bir sıra cinayətləri üzə çıxarılsa da, barəsində heç bir tədbir görülməyib. Bu, N.Quliyevin Goranboy rayonuna rəhbərlik etdiyi dövrə təsadüf edib. Xatırladaq ki, o 2009-cu il sentyabrın 24-də Goranboy rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
2 il əvvəl Goranboyda hansı korrupsiya cinayətləri üzə çıxmışdı?
Hesablama Palatası iki il əvvəl İcra Hakimiyyətinin fəaliyyətini araşdırıb və aşkara çıxarılan qanunsuzluqlarla bağlı 26 yanvar 2017-ci ildə məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Goranboy rayon İcra Hakimiyyəti və aidiyyəti qurumlar tərəfindən mənzil fondunun maliyyə təsərrüfat planı tərtib edilməyib, gəlir və xərcləri müəyyənləşdirilərkən qeyri-yaşayış sahəsi üzrə istismar yığımı nəzərə alınmayıb, mənzil fondunun hər kv. metrinə düşən xərclər araşdırılmayıb, mənzil fondunun zərəri proqnozlaşdırılarkən əsaslandırıcı hesablamalar aparılmayıb, bir sıra hallarda vəsaitlərin təyinatı dəyişdirilməklə icra edilib...
Məlumata görə, qurumun apardığı audit 4 qurumda həyata keçirilib və ümumilikdə 7 213,6 min manat məbləğində vəsait əhatə olunub.
Hesabatda deyilir ki, qurumlar tərəfindən təsərrüfat gəlirləri hesabına maliyyələşməli xərclər bəzi hallarda büdcə vəsaiti hesabına ödənilib: “Artıq ştat saxlanılması hallarına yol verilib, müvafiq bölgüyə riayət edilmədən tələbatdan artıq alınmış vəsaitin təyinatı dəyişdirilərək təsərrüfat məqsədlərinə, o cümlədən dövlət büdcəsində nəzərdə tutulmayan mənzil fondunun məişət və istehsalat tullantılarının daşınması xərclərinin ödənişinə yönəldilib. Bəzi hallarda mənzil fondunda əsaslı təmir işlərinin eyni ünvanda üst-üstə düşməsi, işlərin həcminin və dəyərinin artırılması, vergi və satınalmalar üzrə qanunvericiliyin, habelə Əmək Məcəlləsinin tələblərinin gözlənilməməsi, və. s nəticəsində artıq ödənişlərə, həmçinin mövsümə uyğun olmayan alışlara vəsait yönəltməklə səmərəsiz xərclərə yol verilib”.
Palatanın açıqlamasına görə, qeyd olunanlarla yanaşı bəzi hallarda “Tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları”nın, “Büdcə sistemi haqqında” qanunun, “Azərbaycan Respublikasının Vahid büdcə təsnifatı”nın, “Dövlət büdcəsinin xərcləri üzrə öhdəliklərin qəbul olunması haqqında Təlimat”ın və “Büdcədən maliyyələşən kredit sərəncamçıları tərəfindən alınan malların, qəbul olunan iş və xidmətlərin xəzinə uçotu haqqında Təlimat”ın tələblərinə riayət edilməyib: “Milli Mühasibat Uçotu Standartlarına keçid təmin olunmayıb, öhdəliyə qəbul olunmayan köhnə borcun ödənilməsi halına yol verilib, bir halda debitor borcu əsassız silinib, hesabat dövründə ödəniş növbəliliyi gözlənilmədiyindən auditlə əhatə olunan dövrdə kreditor borcu artıb”.
Hesablama Palatasının Kollegiyası Goranboy rayon İcra Hakimiyyəti və onun tabeliyində olan idarə, müəssisə və təşkilatlar tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığını nəzərə almaqla qərar qəbul edib, müəyyən edilmiş digər nöqsan və çatışmazlıqların qısa müddət ərzində aradan qaldırılması və bu istiqamətdə görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə qərarın surəti və müvafiq təqdimat Goranboy rayon İcra Hakimiyyətinə göndərilib. Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.
Məlumatdan göründüyü kimi, Nizaməddin Quliyevin rəhbərlik etdiyi dövrdə Goranboy Rayon İcra Hakimiyyəti ciddi nöqsanlara, korrupsiya cinayətlərinə yol verib. Bu barədə Hesablama Palatası rəhbər orqana – Milli Məclisə məlumat versə də, Respublika Prokurorluğuna müraciət etməyə lüzum görməyib. Halbuki, yuxarıda sadalanan faktlar vəzifəli şəxslər tərəfindən törədilmiş irimiqyaslı qanunsuzluqlardır.
Xatırladaq ki, Nizaməddin Quliyev 2014-cü il sentyabrın 2-də Azərbaycanın ictimai-siyasi həyatında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib. O, bu ilin aprel ayının 5-də vəzifəsindən azad edilərək Ağstafa rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
Ağstafada hansı cinayətlərə yol verilib?
N.Quliyevin vəzifədə olduğu dövrdən bir qədər əvvəl Hesablama Palatası bu rayonda da ciddi qanunsuzluq faktları aşkara çıxarıb. Belə ki, audit 2014-2017-ci illər və 2018-ci ilin yanvar-sentyabr ayları üzrə Ağstafa rayon İcra Hakimiyyətinin sifarişinə əsasən tikinti-quraşdırma işləri aparılan “1320 şagird yerlik 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri” üzrə 2018-ci ilin dekabr ayının 3-dən 15-i tarixinədək aparılıb.
Sənəddə qeyd edilib ki, 1320 şagird yerlik 3 saylı tam orta ümumtəhsil məktəbi binasının əsaslı təmiri obyektinin layihə-smeta sənədləri şirkət tərəfindən hazırlanıb, Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsində ekspertizadan keçirilərək müvafiq rəy alınıb. Tikintidə Qiymətqoyma Mərkəzi tərəfindən obyektin 2016-cı ilin noyabr ayı üzrə artım əmsalı 26,97 olmaqla, ehtimal olunan müqavilə dəyəri 2 787,3 min manat və əlavə işlərin 2016-cı ilin dekabr ayı üzrə artım əmsalı 28,44 olmaqla ehtimal olunan müqavilə dəyəri 190,4 min manat müəyyən edilib. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin müvafiq razılıq məktubu əsasında 2 milyon 977,7 min manat məbləğdə podratçı ilə birbaşa satınalma müqaviləsi bağlanıb, 2 972,1 min manat məbləğində işlərin yerinə yetirilməsi “İşlərin qəbulu haqqında Akt” larla rəsmiləşdirilib və vəsait ödənilib. Obyektin tikintisi 2017-ci ilin oktyabr ayında başa çataraq istifadə olunsa da, indiyədək rəsmi qaydada istismara qəbulu təmin edilməyib.
Obyekt üzrə smeta sənədlərində nəzərdə tutulmuş “müvəqqəti bina və qurğular”a görə 34 821,74 manat və “nəzərdə tutulmayan işlər və xərclər”ə görə 53 496,08 manat, “İşlərin qəbulu haqqında Akt”lara bir sətirlə daxil edilərək cəmi (ƏDV-siz) 88 317,82 manat vəsait podratçı təşkilata ödənilib. Bununla yanaşı, yerinə yetirilməyən işlər “İşlərin qəbulu haqqında Akt”larına daxil edilərək, 2017-cü ilin yanvar-mart aylarında 2 480 manat, may-iyul aylarında 18 763,5 manat və avqust ayında 58 822 manat olmaqla, podratçıya cəmi 80 065,5 manat məbləğində vəsaitin artıq ödənilməsinə yol verilib. Həmçinin bağlanmış müqavilənin 18.1-ci bəndinin şərtlərinə əməl edilmədən, keyfiyyət zəmanəti kimi saxlanmalı 148,6 min manat miqdarında son ödəniş texniki təminat müddəti başa çatmadan icraçıya ödənilib. Eyni zamanda Nazirlər Kabinetinin 2003-cü il 28 fevral tarixli qərarı ilə təsdiq edilmiş "Mallar (işlər və xidmətlər) üzrə satınalma müqaviləsinin NÜMUNƏSİ"nin tələblərinə əməl olunmayaraq, podratçı təşkilatdan müqavilənin yerinə yetirilməsi təminatı tələb edilmədən 2 977,7 min manat məbləğində satınalma müqaviləsi bağlanıb.
Satınalmalar keçirilərkən “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə tam riayət olunmayıb. Qanunun tələblərinə uyğun olaraq arayışlar və digər təsdiqedici sənədlər tələb edilmədən 2 977,7 min manat ehtimal dəyəri olan obyektin satınalması keçirilib. Eyni zamanda Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən Maliyyə Nazirliyinin 13 yanvar 2009-cu il tarixli əmri ilə təsdiq edilmiş Büdcə Təşkilatları üçün “Maliyyə hesabatlarının təqdimatı üzrə” 1№li Milli Mühasibat uçotu Standartının tələblərinə əməl olunmayaraq, maliyyə hesabatları tərtib edilməyib.
Qeyd edək ki, yalnız DTX tərəfindən icra başçısı və müavinləri həbs olunduqdan sonra Maliyyə Nazirliyi Nizaməddin Quliyevin fəaliyyəti dövründə korrupsiyaya yol verilib-verilmədiyini araşdırmağa başlayıb.
Bundan sonra necə olacaq?
Ümumiyyətlə, Hesablama Palatasının fəaliyyətdə olduğu 18 il ərzində həyata keçirdiyi auditlərin nəticələri ilə bağlı hüquq-mühafizə orqanlarının ciddi ölçü götürməməsi diqqət çəkir. Müxtəlif dövlət qurumlarında, büdcə təşkilatlarında, habelə təsərrüfat hesablı dövlət şirkətlərində aparılan yoxlamalar zamanı çox ciddi qanun pozuntuları, korrupsiya faktları, vəzifədən sui-istifadə halları üzə çıxıb. Bu faktların bir çoxu Palata tərəfindən ictimailəşdirilib, Milli Məclisə və Baş Prokurorluğa məlumat verilib. Amma təəssüf ki, Milli Məclisdə müzakirələr zamanı Hesablama Palatasının büdcə təşkilatlarında ortaya çıxardığı korrupsiya faktları müzakirə olunmayıb. Prokurorluq orqanları da yüksək vəzifəli şəxslərin rəhbərlik etdiyi sahələri araşdırmaqda o qədər də həvəsli olmayıblar. Hər halda bu cür fəaliyyətlər olubsa da, mətbuata yansımayıb. Bəzi hallarda cəmiyyətdə rezonans doğuran korrupsiya cinayətləri belə aidiyyatı qurumları hərəkətə gətirməyib.
Nizaməddin Quliyevin və Yevlax rayonunun keçmiş icra başçısı Qoca Səmədovun həbsindən sonra cəmiyyətdə yerli icra qurumlarının fəaliyyətlərində dönüş olması gözləntisi var. Bu, həm dövlət vəsaitlərinin istifadəsi, həm də vətəndaşların problemlərinin həlli ilə bağlı üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi ilə bağlıdır. Ümid etmək olar ki, tərkibi yenilənəcək Milli Məclis və prokurorluq orqanları Hesablama Palatasının ortaya qoyduğu nəticələri, habelə mediada büdcə təşkilatlarının, vəzifəli şəxslərin fəaliyyətində yol verdikləri nöqsanlarla bağlı təqdim olunan faktlara ciddi yanaşacaqlar. Hər halda ənənəvi fəaliyyətin bundan sonra mümkün olmayacağı ilə bağlı yüksək səviyyədə siyasi iradə nümayiş etdirilib.
“AzPolitika.info”

Şərhlər
sag olsunlat