Hakerlər 2020-ci il prezident seçkilərinə müdaxilə edəcəyi təqdirdə, ABŞ-ın Kiber Komandanlığı Rusiyanın siyasi və iqtisadi elitasına qarşı əməliyyat hazırlayıb. Bu barədə amerikalı rəsmilərə istinadən “Washington Post” xəbər verir. Bu zaman qeyd edilir ki, əməliyyat prezident Vladimir Putinə şamil edilməyəcək, çünki belə bir addım “həddindən artıq təxribatçı addım olardı”.
Amerika Rusiya rəhbərliyinin nümayəndələri haqqında məxfi məlumata çıxış imkanı əldə edə və həmin informasiyadan istifadə edə bilər. Onlar digər variant kimi elitanı təmsil edən insanlar arasında fikir ayrılığı axtarışına çıxa bilərlər. Ehtimallara əsasən, Kiber Komandanlığa bu işdə Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Dövlət Departamenti yardım edəcək.
Əməliyyata hazırlıqlar ötən ay kəşfiyyatın təqdim etdiyi məxfi hesabatla əlaqədardır. Həmin sənəddə deyilir ki, Rusiya hakerlərin köməyi ilə amerikalılar arasında nifaq yaratmağa və cəmiyyətdəki mövcud ziddiyyətləri bilərəkdən qızışdırmağa çalışacaq.
Daha əvvəl ABŞ-ın Kiber Komandanlığının rəhbəri, general Pol Nakasone də xarici təhdidlərə qarşı qətiyyətli olacaqlarından bəhs edib.
“Hər gün ölkəmizin, seçkilərimizin müdafiəsi ilə məşğuluq”, - deyə o bildirib.
“Washington Post”-un məlumatına əsasən, Kiber Komandanlıq artıq müəyyən tədbirlər görüb. Söhbət xüsusən sosial şəbəkələrdə amerikalı vətəndaşların adından fəaliyyət göstərən trollara hücumdan gedir. Vaşinqtonda əmindirlər ki, onlar Rusiyanın İnternet Araşdırmaları Agentliyinin tapşırığı ilə hərəkət edirlər.
Xatırladaq ki, ABŞ Konqresinin işləyib hazırladığı DAKSA qanun layihəsinə əsasən, kəşfiyyat və Dövlət Departamenti Rusiyanın Birləşmiş Ştatların daxili siyasətinə müdaxilə etdiyini təsdiqləsə, Rusiyaya qarşı sərt tədbirlər tətbiq ediləcək.(xpressa.net)


Şərhlər
Onlar Qarbaçov-Reyqan razılaşmalarının--yazılı və şifahi--heç birinə əməl etməyiblər! Hücum və zərbə növbəsi RF-dır!