2018-ci ilin iyul ayında Mərkəzi Afrika Respublikasında tanınmış rusiyalı jurnalist Orxan Camalın qətlilə bağlı Rusiya İstintaq Komitəsinin (İK) açıqladığı rəy narazılığa səbəb olub.
“AzPolitika.info” xəbər verir ki, Rusiya mətbuatına açıqlama verən mərhum jurnalistin həyat yoldaşı İrina Qordienko qətlin tamah məqsədilə törədildiyinə dair versiyanın həqiqəti əks etdirmədiyini deyib.
İ.Qordienko qeyd edib ki, İK bir il əvvəl də eyni versiya irəli sürmüşdü. Lakin ortaya Orxan Camal başda olmaqla, üç jurnalistin qətlinin tamah məqsədilə törədildiyini sübut edəcək heç bir fakt qoyulmayıb: “Mən buna böyük və dəhşətli kədər hissilə yanaşıram. Çünki İstintaq Komitəsi istənilən versiyanı irəli sürərkən, onu sübutlarla əsaslandırmalı olan ən başlıca orqandır. O, elə bunun üçün mövcuddur”.
Orxan Camalın yaxınları hesab edirlər ki, istintaq orqanı obyektiv araşdırma aparmayıb. Belə ki, İK bu hadisə ilə əlaqədar müstəqil “Dosye” Mərkəzinin təhqiqatlarının nəticələrini alsa da, işin araşdırılmasında onlardan istifadə olunmayıb. Hansı ki, “Dosye”nin araşdırmasının nəticələri qətlin törədilməsinin Rusiyanın məşhur “Vaqner” hərbi birləşməsilə bağlılığına dair ciddi şübhələrə əsas yaradırdı. Lakin istintaq bu versiyanı araşdırmaqdan imtina edib.
“AzPolitika”


Şərhlər