Yaxın günlərdə həbsdən azad edilən keçmiş məhbuslardan biri “axar.az”ın əməkdaşına olduqca maraqlı informasiya verib. Sabiq səhiyyə naziri ilə eyni cəzaçəkmə müəsisəsində cəza çəkən və bir müddət əvvəl azadlığa çıxan keçmiş məhbusun sözlərinə görə, Əli İnsanov həbsdən çıxdıqdan sonrakı fəaliyyəti barədə danışarkən, Cəmil Həsənli ilə bərabər yeni siyasi qurum yaratmaq arzusunu dilə gətirib. Hətta bu istiqamətdə müəyyən addımların atıldığını da qeyd edib.
Məsələ ilə bağlı Milli Şuranın vahid namizədi Cəmil Həsənli bildirib ki, Əli İnsanov tərəfindən ona hər hansı bir müraciət edilməyib. Buna rəğmən Əli İnsanovla mütləq görüşəcək: “Əli İnsanovun həbsdən azad edilməsi ilə bağlı Avropa Məhkəməsinin qərarı var. Bu qərar indiyədək yerinə yetirilməyib. Halbuki o, çoxdan həbsdən azad edilməli idi.
Əli İnsanov azadlığa çıxanda isə - müraciət edib-etməməsindən asılı olmayaraq - onunla mütləq görüşəcəm”.
Keçmiş nazirlə birgə siyasi fəaliyyət göstərmək məsələsinə gəlincə, Cəmil Həsənli deyib ki, ehtimal üzərində dəyərləndirmə aparmaq düzgün olmaz, hər şeyi həyatın tələbi müəyyənləşdirəcək: “Belə bir təklif hələ ki, mənə çatdırılmayıb və belə bir müzakirə aparılmayıb. Əli İnsanov da hələ ki həbsdədir. Həbsdən azad olunsa - inşallah ki olunacaq – onunla görüşüm insani borc istəyindəndir. Qalan məsələləri isə zaman həll edər”.


Şərhlər