Neftin kəskin ucuzlaşması Rusiya və Qazaxıstanı hərəkətə keçirib. Dünən qeyri-iş günü olmasına rəğmən Rusiyanın Mərkəzi Bankı və Maliyyə Nazirliyi açıqlama verərək bazardan valyuta alışını dayandırdıqlarının bildiriblər və ehtiyac olarsa valyuta satışını bərpa edəcəklərini qeyd ediblər.
Qazaxıstan hökuməti və Mərkəzi Bankı da açıqlama verərək zəruri qərarların qəbulu üçün baş nazirin rəhbərliyi altında qərargahın yaradıldığını bildiriblər. Hökumət artıq 2020-ci ilin büdcəsinə dəyişikliyə başlayıb. Aprelin əvvəlində dəyişilməsi nəzərdə tutulan büdcədə prioritet olmayan bir sıra xərclər, o cümlədən bahalı mebel, nəqliyyat vasitəsi alışı, seminarların, forumların keçirilməsinin məhdudlaşdırılması planlaşdırılır.
Ekspertlər hesab edir ki, neftin qiymətlərinin kəskin düşməsi Azərbaycanın gəlirlərinə təsir edəcək. Ölkənin dövlət büdcəsində neftin bir barelinin qiyməti 55 dollar səviyyəsində götürülüb.
İqtisadçı alim, deputat Vahid Əhmədov yaranmış vəziyyəti şərh edərkən bildirmişdi ki, neftin qiymətində ucuzlaşma davam edərsə, büdcəyə yenidən baxıla, bəzi ixtisarlara gedilə bilər.

Xatırladaq ki, 2020-ci ilin büdcəsi 26.9 milyard manat nəzərdə tutulsa da, 2.7 milyard manat kəsirlə qəbul edilib. Hökumət fərqi neftin qiymətindən yaranacaq profistdən, habelə digər daxilolmalardan qapadacağını proqnozlaşdırsa da, vəziyyət əks istiqamətə inkişaf edir. Belə görünür, büdcədə müəyyən dəyişikliklər qaçılmaz olacaq.
Yaranmış vəziyyəti "Amerikanı səsi"-nə şərh edən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Brent markalı neftin qiymətlərinin 4 saata 14 dolllar düşməsini heç KVANT kompüterləri də proqnoz edə bilməzdi: “Çünki Azərbaycanın gəlirlərinin üçdə ikisindən çoxu xam neftin hesabına formalaşır. Əgər dünya bazarında neft məhsulları və qazın qiymətlərinin də neftin qiymətləri əsasında formalaşdığını hesablasaq, bu, Azərbaycan iqtisadiyyatı üçün 90 faizlik göstəricidir. Bu baxımdam neft qiymətləri Azərbaycanın həm büdcəsində, həm də ticarət əlaqələrində önəmli faktor olaraq qalır. Əgər biz Neft Fondunun ümumi gəlirlərində neft və qaz satışından dövlətin mənfəətinə nəzər salsaq, 2019-cu ildə neftin ortaq ixrac qiymətinin 64 dollarında Azərbaycan 14,6 milyard manat mənfəət əldə edib. 2020-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 55 dollar hesablanmaqla bu göstərici 10,5 milyard manatdır”.

Ekspert hesab edir ki, Azərbaycanın Neft Fondundakı valyuta ehtiyatları, yaxın iki ildə neft bazarında panika davam etsə belə, dövlət büdcəsinin formalaşdırılması üçün bəs edəcək: “Ancaq sonrakı dövrlər üçün bu problemlidir. Necə ki, Rusiya bəyan edib ki, ölkənin valyuta ehtiyatları yaxın üç ildə ölkənin iqtisadi inkişaf modelini proqnozlaşdırılan səviyyədə aparmağa yetərlidir”.
İqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda bütün makroiqtisadi göstəricilər neftin qiymətindən asılıdır. Yəni xarici ticarətdə mənfi saldo yaranacaq, ölkədə manata təzyiqlər ciddi şəkildə artacaq. Neft Fondunun büdcəsinin formalaşdırılmasında da ciddi problemlər olacaq: “Hələ ki, Neft Fondunda vəsait var və dövlət büdcəsinə transfertlər davam edəcək. Büdcənin 50 faizi Neft Fondundan asılıdır. Amma büdcəsinin təqribən 11 faizi neft şirkətlərindən gələn vergi daxilolmalarından asılıdır. Neftin ucuzlaşması davam edərsə burada problemlər yarana bilər. Neftin ucuzlaşması neft şirkətlərinin vergi ödəmələrində təxminən yarım milyard dollara yaxın azalmaların müşahidə olunması ilə nəticələnə bilər. Bununla yanaşı, Neft Fondunun büdcəsi də özünü doğrultmayacaq. Çünki Neft Fondunun büdcəsi də 55 dollardan hesablanıb. Neftin qiyməti 35-40 dollar koridorunda qalarsa, Neft Fondunun gəlirlərində təqribən 5 milyard dollar azalma müşahidə edilə bilər. Qiymətlər 35 dollardan aşağı düşsə, daha ciddi problemlər yaşanacaq. Amma manata təzyiqlər və xarici ticarətdə mənfi saldo qaçılmazdır”.

Ekspertin fikrincə, neftin qiymətinin düşməsinin qısa müddətdə sosial təsirləri olmayacaq. “Amma iqtisadiyyta real və psixoloji təsirləri mütləqdir,” o qeyd edib.
AzPolitika.info

Şərhlər
Çox müdrik qərardır...)))) büdcə xərclərində səmərəli struktur dəyişikliyinin aparılması əvəzinə, səmərəsiz xərclərin azladılaraq onların büdcədə məhsuldar xərclərin artırılması istiqamətində yönəldilməsi əvəzinə, iqtisadiyyatda ÜDM-in bir mənalı olaraq azalması meyllərinin formalaşması şəraitində büdcə xərclərinin (məcmu tələbin) azaldılması.... anti-tsiklik tədbirlərin formalaşması əvəzinə (o cümlədən büdcə kəsrinin və ya transfertlərin artırılması hesabına) iqtisadiyyatda gəlirlərin azaldılması...məzənnənin sabit saxlanılması naminə iqtisadiyyatda məşğulluğun azaldılması....maraqlıdır ölkədə dövlət maliyyəsinin idarə olunması modelinin müəllifi kimdir???.....))))))))))