Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Şəfqət küçəsi 52 ünvanında qeydiyyatda olan Fətullayev Ruslan Əzim oğlu “AzPolitika.info”-ya ünvanladığı məktubda pandemiya ilə bağlı nəzərdə tutulan 190 manatlıq birdəfəlik ödənişdən məhrum edildiyini bildirir.
R.Fətullayev işsiz olmasına və heç bir gəlir mənbəyinin olmadığına rəğmən, adına VÖEN olduğu üçün yardım ala bilməyib.
Ancaq bu problemlə qarşılaşan əksər vətəndaşlardan fərqli olaraq, R.Fətullayev hələ yanvar ayında onun adına olan VÖEN-i ləğv etdirmək istəsə də, buna nail ola bilməyib: “Mən işsiz olduguma görə, 190 manatlıq birdəfəlik kompensasiyani almaq üçün e-sosial.gov.az saytına onlayn müraciət etdim. Cavabında isə mənim vergi ödəyicisi olduğum sms vasitəsilə mənə bildirildi və yardımdan imtina edildi.
Ancaq yardımı verənlər araşdırsaydılar görərdilər ki, 2017-ci ildə taksi fəaliyyəti ilə məşgul olmaq üçün açdığım VÖEN hal-hazırda passivdir. 2018-ci ilin yaz aylarından işsiz oldugum üçün heç bir ödəniş etməmişəm. 2019-cu ilin yanvar ayında VÖEN-i ləgv etdirmək istəsəm də, vergi orqanında mənə bildirdilər ki, mənim DSMF-ə 70 manat borcum var. Mənimsə faktiki olaraq, həmin borcu ödəməyə imkanım olmadı və heç indi də yoxdur. Buna görə mənim adıma olan VÖEN ləğv olunmadı, ancaq passiv saxlanıldı.”
Şikayətçi daha sonra DSMF-ə müraciət etsə də, problemini həll edə bilməyib. İndi isə belə çıxır ki, DSMF-ə 70 manat borcu olduğu və bu borcu belə ödəmək imkanı olmadığı halda, vətəndaş guya sahibkar olması əsas gətirilərək, dövlətin yardımından məhrum edilib.
R.Fətullayev müraciətində çox çətin durumda olduğunu vurğulayır. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və ölkə rəhbərliyinə müraciət edərək, heç olmasa onun 190 manatlıq birdəfəlik yardım alma hüququnun bərpa olunmasını xahiş edir.
Tahir
AzPolitika.info


Şərhlər