Baş prokuror Zakir Qaralov oktyabrın 1-də jurnalistlərə açıqlamasında yazıçı-publisist Rafiq Tağının qətli ilə bağlı əməliyyat-axtarış tədbirlərinin davam etdiyini deyib.

Üç il öncə öldürülən Rafiq Tağının qardaşı İlqar Tağıyev oktyabrın 3-də “Media forum” saytına açıqlamasında istintaq dayanandan sonra iş barədə məlumatsız olduğunu qeyd edib: “Bəlkə də iş gedir, ancaq bizi heç kəs məlumatlandırmır. Əlimizi üzmüşük. Qardaşımın qətlinin istintaqı ilə bağlı deyilənlərin çoxunu şablon sözlər hesab edirəm. Amma hər halda baş prokuror Zakir Qaralova teleqram vurmaq fikrim var. Gec-tez cinayətin üstü açılmalıdır”.

Rafiq Tağı 2011-ci il noyabrın 19-da Bakıda bıçaqlanıb və aldığı xəsarətlərdən noyabrın 23-də vəfat edib. İstintaqı aparan Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi 2014-cü il yanvarın 8-də cinayət işi üzrə icraatı dayandırıb. İstintaqın dayandırılması qərarından məhkəməyə verilən şikayət təmin olunmayıb.