Menu

Yaxın Şərqdə yeni mərhələ: BƏƏ -İsrail razılaşması bölgəyə sülh gətirəcəkmi?

19.08.2020, 20:11
Yaxın Şərqdə yeni mərhələ: BƏƏ -İsrail razılaşması bölgəyə sülh gətirəcəkmi?

Avqustun 13-də ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə daha bir ərəb dövləti – Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsrailin sionist rejimi arasında münasibətlərin normallaşması ilə bağlı razılıq əldə olunub. 

Eyni zamanda İsrail rəsmiləri ilin sonuna qədər Sudanla da oxşar razılaşmanın əldə olunacağını bildiriblər. Həmçinin Səudiyə Ərəbistanı, Oman və Bəhreyn kimi ölkələrlə də İsrail arasında normallaşma danışıqlarının aparıldığı iddia olunur. O da məlumdur ki, BƏƏ-İsrail razılaşması İsrailin İordan çayının qərb sahilindəki bəzi ərazilərin ilhaqı planından imtina qarşılığında baş tutub.

Məlum olduğu kimi, bundan əvvəl İsraillə Misir (1979-cu il) və İordaniya (1994-cü il) İsraillə diplomatik əlaqələr qurub. 

Bu siyahının genişlənməsi və İsrailləərəb ölkələri arasında anlaşmaların imzalanması regon üçün nə vəd edir? Bu hadisə bölgədə münaqişənin yenidən alovlanmasına, yoxsa sülhə gətirəcək? Çünki son razılaşmanı dəstəkləyən ölkələrlə yanaşı, qarşı çıxanlar da oldu. Bu vəziyyət region üçün nə vəd edir? Yaxın Şərqdə sülhə doğru növbəti addım regionda nələri dəyişəcək?

Politoloq Elxan Şahinoğlu "AzPolitika.info"-ya bildirib ki, Birləşmiş Ərəb Əmirliklərindən sonra digər ərəb dövlətləri İsraillə diplomatik əlaqələr qura bilərlər. Amma buna qarşı çıxanlar da var. 

"Türkiyə sərt bəyanat verdi. Bu bəyanat Birləşmiş Ərəb Əmirliklərinin İsraillə diplomatik əlaqə qurması ilə bağlı deyildi. Çünki Türkiyənin özünün də İsraillə diplomatik əlaqələri var. Türkiyənin iradı Birləşmiş Ərəb Əmirliklərinin bu diplomatik əlaqələri qurarkən Fələstin məsələsini arxa plana qoymasıdır"-deyə politoloq qeyd edib.

Ekspert hesab edir ki, İsrail-ərəb münasibətlərinin normalaşması bölgədə gərginliyi bir qədər azlatmağa xidmət edə bilər: "Həm də nəzərə almaq lazımdır ki, Birləşmiş Ərəb Əmirlikləri İsraillə diplomatik əlaqələri qurmağı bir şərtləəlaqələndirdi ki, o İordaniya çayının qərb sahilindəki Fələstin torpaqlarının ilhaqını rəsimləşdirməyəcək. Həqiqətən də İsrail bu məsələni növbəti mərhələyə saxladı. Bu da müəyyən qədər gərginliyin ortadan qaldırılması üçün vacib idi. Bu diplomatik münasibətlərin qurulmasnda ABŞ-ın səyləri də var. ABŞ-ın bir planı da var ki, ərəb dövlətləri və NATO formalaşsın. Amma ərəb dünyasını İsrailə barışdırmaq prosesi gedir. Bu, bölgədə gərginliyi nisbətən azaldılmasına da xidmət edir".

Xatırladaq ki,Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) BƏƏ-nin bu addımını sərt şəkildə qınayıb. XİN bu sazişi «ABŞ-ın gizli planı» adlandırıb.

«Tarix və bölgə xalqlarının vicdanı unutmayacaq və heç vaxt BƏƏ-nin bu riyakar hərəkətini bağışlamayacaq. Onlar özlərinin cılız maraqları xatirinə Fələstin işini satdılar və bu hərəkətlərini fədakar addım kimi qələmə verməyə çalışırlar. BƏƏ rəhbərliyinin Fələstin xalqı adından İsraillə danışıqlar aparmaq və Fələstin üçün həyati əhəmiyyət kəsb edən məsələlərdə güzəştlərə getmək haqqı yoxdur»-deyə bəyanatda qeyd olunub.

Politoloq Zərdüşt Əlizadə "AzPolitika.info"-ya şərhində bildirib ki, Birləşmiş Ərəb Əmirliklərinin atdığı addım indiki mərhələdə İsrail dövlətinin qələbəsidir. 

Amma onun fikrincə, strateji planda bu hadisə, yaxud başqa ərəb ölkələrinin də İsraillə diplomatik münasibətlər qurması bölgəyə sülh vəəminamanlıq gətirməyəcək: "Bu qərar ərəb ölkələrinin satqın, İsrailin əlaltısına çevrilmiş krallarının çox ciddi səhvidir. Ərəb xalqları heç zaman bununla barəşmayacaq və İsrail Fələstini tamamilə ram edə bilməyəcək. İndi yox, amma 30-40 il ərzində xalqlar qəflət yuxusundan oyanıb özlərinə demokratik, azad cəmiyyətlər qurduqdan sonra İsraillə haqq hesab çəkəcəklər".

Qeyd edək ki, BƏƏ-nin qərarından qəzəblənən Fələstin öz səfirini bu ölkədən geri çağırıb. Fələstinin xarici işlər naziri Riyad əl-Maliki "prezident Mahmud Abbasın göstərişi ilə ABŞ, İsrail və BƏƏ-nin üçtərəfli bəyanatından sonra Fələstinin BƏƏ-dəki səfiri geri çağırılır» - bəyan edib.

İranın Xarici İşlər Nazirliyi isə razılaşmanı BƏƏ-nin ədalətsizcəsinə Fələstin xalqı və bütün müsəlmanların kürəyinə batırdığı xəncər adlandırıb.

AzPolitika.info 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol