Ortalıqda Azərbaycanın az qala 30 ildir başını qataraq, yalnız “Qarabağ probleminin danışıqlar yolu ilə həlli” adı altında Azərbaycana qarşı təcavüzün, torpaqlarımızın işğalı və yerli əhalinin didərgin salınması faktlarının ört-basdır edilməsilə məşğul olan bir qurum var – ATƏT-in Minsk Qrupu.

Əslində, bu qurumun həmsədrlərinə – Rusiya, Fransa və ABŞ-a, bu ölkələrin Azərbaycana və Ermənistana olan münasibətlərinə nəzər yetirəndə, onların sözügedən münaqişənin həllinə hansı töhfələr verə biləcəklərini təsəvvür etmək çətin deyildi. Və bu “töhfə”nin uzun illərdən sonra aparılan mənasız danışıqların dalana dirənməsini, Ermənistanın qıpqırmızı, həyasızcasına heç bir güzəşt edilməyəcəyini, “Qarabağ Ermənistandır” deyəcək qədər harınlamasını şərtləndirdiyi göz önündədir.

1992-ci ildən fəaliyyət göstərən və faktiki olaraq heç bir müsbət nəticəyə nail ola bilməyən Minsk Qrupu həmsədrlər institutu artıq çoxdan “çürüdüyünü” Ermənistanın iyul ayında əl atdığı hərbi təxribat zamanı bir daha təsdiqləmiş oldu. Tovuz hadisələrində Minsk Qrupu həmsdərərinin fəaliyyəti faktiki olaraq gözə görünmədi.

Azərbaycan-Ermənistan sərhədində yaranan gərgin vəziyyətlə bağlı münaqişə tərəflərini tezlikləəsaslı danışıqları bərpa etməyə çağırmalarına baxmayaraq, beynəlxalq vasitəçilərin passivliyi açıq şəkildə özünü biruzə verdi. Onların bəyanatları isə vəziyyətə adekvat olmadı. Sadəcə, şablon bəyanatlar verməklə işini bitmiş hesab edən vasitəçilər sanki yaranmış vəziyyətdə hansı real addım atacaqlarını heç özləri də təsəvvür etmirlər. Və belə nəticə çıxır ki, onlara yalnız münaqişəətrafında mövcud olan vəziyyətin mümkün qədər uzadılması, dondurulması sərf edir.

Minsk Qrupu həmsdərlərinin fəaliyyəti və ümumilikdə bu formatın heç bir effektiv nəticə vermədiyi və bundan sonra da verməyəcəyi gün kimi aydındır. Son iki ildə danışıqlar faktiki olaraq dalan dirənib, Ermənistan baş nazirinin məlum açıqlamalarından sonra isə proses ümumiyyətlə donub. Üstəlik, baş verənlər göstərir ki, Ermənistan rəhbərliyi bir tərəfdən danışıqlar prosesini pozur, digər tərəfdən isə cəbhədə gərginliyi davam etdirir.

Əslində, təkcə ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Metyu Brayzanın bu qurumun fəaliyyəti ilə bağlı verdiyi açıqlama kifayət edir ki, sözügedən təşkilatdan və onun mövcud formatından imtina edilsin. Onun bu qurumun vasitəçiliyi ilə danışıqların aparılması üçün hal-hazırda şəraitin olmadığı haqqında bəyanatı Minsk Qrupunun perspektivinin nə qədər qaranlıq olduğunu göstərir və bu formatın Azərbaycanı nə dərəcədə təmin etdiyi məsələsini yenidən gündəmə gətirir.

Metyu Brayza deyir: “Azərbaycanla Ermənistan arasındakı münaqişəni yoluna qoymaq məqsədi daşıyan mövcud beynəlxalq vasitəçilik mexanizmi səmərəsiz görünür. Son toqquşmalar nəticəsində bəlkə də yeni təhlükəli geosiyasi dinamika ortaya çıxdı, yəni strateji nəqliyyat xətləri yaxınlığında ağır silahlardan atəş açılması, Rusiya ilə Türkiyə arasında hərbi qarşıdurma, müvafiq vasitəçilik mexanizminin yoxluğu kimi amillər gündəmə gəldi... "

Bir daha xatırladaq ki, bunu Minsk Qrupunun keçmiş həmsədri deyir. Yaxşı, bundan artıq nə deyiməli, hansı etiraflar olmalıdır? Bu, o deməkdir ki, ATƏT-in Minsk Qrupunun həmsədrlər institutu və onların fəaliyyət mexanizmi yararsızdır!

Problem həm də ondadır ki, artıq hamının, o cümlədən həmsədrlərin, Qarabağ münaqişəsinin tənzimlənməsinin yalnız Azərbaycanın beynəlxalq miqyasda tanınan dövlət sərhədləri çərçivəsində mümkün olacağını başa düşdüyü halda, Ermənistan bir daha rəsmi şəkildə Azərbaycan ərazilərinin işğalı siyasətindən imtina etməyəcəyini, münaqişənin həllini Azərbaycana qarşı hərbi təcavüz nəticəsində formalaşmış status-kvonun qorunması əsasında gördüyünü açıqladı. Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Araik Arutyunyanın "Gəlin, danışıqlar mövzusunu müzakirə etmək əvəzinə realist olaq və müharibəyə hazırlaşaq" bəyanatı isə birmənalı şəkildə erməni tərəfinin Minsk Qrupu başda olmaqla, heç kimlə hesablaşmadığını, təkcə Azərbaycana deyil, bu beynəlxalq quruma da meydan oxuduğunu göstərdi.

Lakin bunun müqabilində vasitəçilər təcavüzkara və təcavüzə məruz qalan tərəfə eyni yanaşmanı ortaya qoymaqda davam edərək, mahiyyətcə təcavüzkar Ermənistanın cəzasızlığını təmin etməkdədirlər. ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan sülh prosesinin perspektivsizliyini şərtləndirən əsas amil də məhz budur.

Bütün bunlar haqlı olaraq artıq 28 ildən çoxdur davam edən formatın yenilənməsinə dair çağırışları daha da aktuallaşdırır. Ancaq məsələnin daha bir anormal tərəfi odur ki, həmsədrlər buna müqavimət göstərirlər.

Hələ 2015-ci ildə Minsk Qrupu həmsdərləri yaydıqları birgə bəyanatda buna qarşı çıxmışdılar: “Danışıqların həssaslığını nəzərə alsaq, formatı dəyişmək və ya paralel mexanizmlər yaratmaq cəhdi danışıqlar prosesini poza və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyişə nail olmağa əngəl ola bilər”. Guya ki, bunlar 30 ildə hansısa irəliləyişə nail olublar və formatın dəyişdirilməsi həmin irəliləyişi əngəlləyə bilər. Bunun absurd yanaşma olduğunu xüsusi izah etməyə ehtiyac yoxdur. Çünki, həmsədrlərin dedikləri “irəliləyiş” Ermənistanın Tovuzdakı təxribatı, eləcə də işğalçı ölkə və qondarma rejim rəhbərlərinin sərsəm və həyasız bəyanatlarından başqa heç bir nəticə verməyib.

Bəs nə edilməlidir? Əlbəttə ki, Ermənistan yalnız güc, hərb dilini başa düşür və belə görünür ki, münqişənin başqa həll yolu qalmır. Yox, əgər yenə danışıqlar və beynəlxalq təzyiq yolu seçiləcəksə, bu zaman Minsk Qrupunun həmsədrlərinin “xidmətlərindən” və mövcud formatından imtina edilməlidir.

Azərbaycan münaqişənin həllini intensivləşdirmək üçün BMT və ATƏT qarşısında yeni nizmalama formatı yaradılması məsələsini qaldırmalıdır. Rəsmi Bakı bu addımı atarsa həm beynəlxalq ictimaiyyətin diqqəti münaqişənin həllinə cəlb oluna, həm də danışıqlar prosesi real fazaya qədəm qoya bilər. Belə ki, Azərbaycanın işğalın davam etməsindən zərər çəkən yeganə ölkə olaraq danışıqlar prosesinin dayanmasından narazı olmağa haqqı var və rəsmi Bakı bu prosesin sürətlənməsi, habelə daha effektiv həll formatlarının tapılması məsələsini qaldırmaq hüququna malikdir.

Format məsələsinə gəlincə, Metyu Brayzanın “Ermənistan - Azərbaycan münaqişəsindəki diplomatik boşluğu Rusiya və Türkiyə doldura bilər” fikri kifayət qədər realist yanaşmadır.

Və belə görünür ki, Azərbaycanın ölkə rəhbərinin Rusiya prezidentinə Ermənistana silah daşınmasına dair açıq iradı, bunu Yunanıstanın Azərbaycandakı yeni səfirin etimadnaməsini qəbul edərkən bir daha təsiqləməsi, eləcə də Türkiyənin ən yüksək səviyyədə səsləndirdiyi bəyanatlar və tutduğu mövqe təsadüfi deyil.

Çünki ortada münaqişənin həllinə real təsir imkanı olan iki böyük güc var - Ermənistanın qarşısında quyruq buladığı Rusiya və bizim etibar edə biləcəyimiz, güvəndiyimiz qardaş Türkiyə! ATƏT-in Minsk Qrupunun həmsədrlər institutu və formatı isə artıq çoxdan layiq olduğu yerə göndərilməkdən başqa heç nəyə yaramır.

Tahir

AzPolitika.info