AĞDAM - ERMƏNİ VƏHŞİLİYİNİN TƏZAHÜRÜ... – Düşmənin məhv etdiyi şəhərdən reportaj + FOTOLAR

Şəhər daş-daş, mismar-mismar sökülüb. Buralarla sanki “ehtiyat hissələri anbarı” kimi davranılıb. Kimə nə lazım olub, gəlib aparıb, sonra bir də gəlib… Proses 28 il davam edib. Yeganə tam dağıdılmamış bina məscid olub. Amma orada da bir müddət heyvan saxlayıblar.

Əslində, “istifadəyə az-çox yararlı” tikililərə başqa məkanlarda da rast gəlmək mümkündür. Amma şəhərin mərkəzində və ona yaxın kəndlərdə işğaldan sonra daimi yaşayış olmayıb.

Ağdamı xatırladan çox şey məhv edilib – inzibati binalar, abidələr, yaşayış evləri, ictimai-iaşə obyektləri… İndi, ən yaxşı halda, əlində Ağdamın müharibədən öncəki şəklini tutub, məscidin minarəsinə qalxıb ətrafa baxa, köhnə küçələrin və məhəllələrin yerini tapa bilərsən.


Ağdam ərazisində şiddətli artilleriya döyüşləri getməyib. Yəni, bütün bu dağıntılar “insan əməyi”nin nəticəsidir. Şəhidlər Xiyabanı tamamilə uçurulub, məzarlar qazılıb, meyitlər qəbirlərdən çıxarılıb. Başqa bir ərazidəki qəbirstanlıqda başdaşılar sındırılıb, aşırılıb. Digər qəbirstanlıqlarda isə mərmərlər sökülüb və daşınıb.

Ağdamı çoxları Yaponiyanın Xirosiması ilə müqayisə edir. Beynəlxalq media və ekspertlər ona “Ruhlar şəhəri” deyirlər. Ağdamı Çernobıla da bənzədirlər, ancaq Çernobılda bütün tikililər yerindədir. Oranın keçmiş əhalisi Pripyat parkındakı attraksionlara, mamır basmış uşaq maşınlarına baxıb xoş günlərin xiffətini çəkir. Ağdamda isə xoş günləri xatırladacaq yerlər ancaq xarabalıqlardır.

Yaşayış olmasa da, “Ruhlar şəhərində” təsərrüfatla məşğul olublar. Buna görə, yerlə-yeksan edilmiş bəzi ərazilər tikanlı məftillərlə və avtomobil qalıqları ilə hasarlanıb. Həyətlərdə meyvə ağaclarına, bostanlara rast gəlmək mümkündür. Nar ağacları çoxluq təşkil edir. Görünür, bu ağacın susuzluğa davamlı olması ilə əlaqədardır.


Ətraf daş, dəmir parçaları ilə doludur, xarabalıqlar arasında, bəzi məhlələrdə nəsə qırmızı nöqtələr diqqət çəkir… Yaxınlaşanda onların qırmızı bibərlər olduğunu görürük.

Dağıdılmış yüzlərlə evin arasından 2-3 tikili də boylanır. İlk baxışdan, burada yaşayış olduğunu düşünürsən, amma içəriyə daxil olanda görürsən ki, bura ev yox, anbardır, saxlanc üçün istifadə olunurmuş. Aydındır ki, onlar təsərrüfatla məşğul olanlara gərək imiş.

Mərkəzdən çox da uzaq olmayan bir məsafədə kombayn, traktor və “Kamaz”lar yığılmış geniş ərazi yerləşir. Texnikanın əksəriyyəti yararsız vəziyyətdədir. Görünür ki, maşınlar vaxtilə işlək olublar, zaman-zaman detalları sökülüb, ehtiyat hissə kimi aparılıb.

Ağdamın mərkəzindən xeyli aralı yerləşən Qızıl Kəngərli kəndində həyat əlamətlərinə rast gəlinir. Çox güman ki, burada Ermənistandan olan hərbçilərin ailələri məskunlaşıb. Həyət-bacalarda təsərrüfatla da məşğul olublar – bağlarda nar, xurma, başqa-başqa meyvə ağacları, pomidor, bibər və boranı kimi tərəvəz bitkiləri var

Küçələrdə isə adda-budda mağaza, kiçik piştaxtalar gözə dəyir. Tikililərdən bəzilərinin təzə olduğunu da müəyyən etmək mümkündür: burada kök atmaq fikrindəymişlər.


Kəndlərdə işğaldan əvvəl inşa olunmuş evlərin mütləq əksəriyyəti birmərtəbəlidir. Salamat qalanların bir qisminə, necə deyərlər, əl gəzdirilib. Amma işğalın izləri yenə də hər yanda aydın sezilir…

Tədarük məntəqəsini xatırladan birmərtəbəli binanın çölündəki rəsmlər bizi ayaq saxlamağa məcbur edir. İki divar rəsmindən biri “qədim erməni çarı Tiqranın” şəklidir. Binanın içərisində isə divara daha yekə bir rəsm həkk olunub: “Böyük Ermənistan” xəritəsi!

Bu kənd, bu məntəqə, içərisindəki “Böyük Ermənistan” da daxil olmaqla, artıq Azərbaycan ordusunun nəzarətindədir.

Seymur Kazımov (pressklub.az)


635x100

Şərhlər

Roma 2020-12-03 14:36:09

Bu murdar, mənfur millətin "qabiliyyətini" göstərir, hələ görəsən televiziyalarda (əsasən Rusiya kanalları) nə oyunlardan çıxırlar. Dünyada analoqu olmayan satqın, milyonüzlü, hətta ən pis sözlərdən də pisinə layiq bir millət yox, ondan-bundan düzələn tayfa...

Son yazılar