Dövlət Statistika Komitəsi (DSK) bildirib ki, 2020-ci ilin 11 ayında inflyasiya cəmi 2,8 faiz təşkil edib. O, cümlədən ərzaq mallarının 5 faiz bahalaşdığını qeyd edib.
DSK-nin məlumatlarına şübhə varmı? Üstəlik, bu arda bəzi iqtisadçılar arasında devalvasiya barədə gözləntilərin ciddi əsasları ola bilərmi?

Vüqar Bayramovun qənaətincə, devalvasiya birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq: “Çünki Azərbaycan üzən məzənnə siyasətinə keçidi elan etsə də, Mərkəzi Bank keçidi reallaşdırılmayıb. O baxımdan məzənnəyə birbaşa təsir edən tərəf Mərkəzi Bankdır. Gələn il də Mərkəzi Bankın mövqeyi manatın məzənnəsinin mövqeyinin müəyyənləşməsində həlledici olacaq”.

İqtisadçı əlavə edib ki, inflyasiya hesablananda adətən 500-600 civarında müxtəlif mal qrupları üzrə hesablanır: “Bilirsiniz, əhali əsasən daha çox istehlak olunan üzrə qiymət artımınıöz canında hiss edir, inflyasiya isə daha geniş mal qruplarında olur. Bu mənada zaman-zaman elan olunan inflyasiya səviyyəsi ilə əhalinin hiss etdiyi qiymət dəyişmələri arasında fərqlərin olması gözləniləndir. Sadəcə, real vəziyyəti qiymətlındirmək üçün alternativ hesablamaların olması vacibdir. Belə hesablamalar olmadığından komitənin məlumatında birmənalı nə qədər kənarlaşdırmaların olduğunu söyləmək çətindir”.
Azər Mehtiyev ərzaq mallarının 5 faiz bahalaşmasının inandırıcı görünmədiyi qənaətindədir: “Əvvəla, Azərbaycan uzun müddətdir pandemiya şəraitində yaşadığından bu müddətdə insanları ərzaq məhsullarının qiyməti ilə bərabər dərmanların qiymətləri də maraqlandırır. Hazırda insanları xərcə salan iki element varsa, biri ərzaq, ikincisi dərman ləvazimatlarıdır. Hər iki sahədə çox ciddi qiymət artımı var. Ona görə də 5 faiz real görünmür”.
İqtisadçı gələn ilin iqtisadi göstəriciləri baxımından manatın devalvasiyası barədə deyilənləri də belə şərh edib: “Devalvasiya nə qədər iqtisadi görünsə də, hökumətin, Mərkəzi Bankın qərarı əsasında baş verən prosesdir. Azərbaycanda təbii ki, manatın möhkəmlənməsinin ciddi əsası yoxdur, yəni manatın sabitliyi daha çox ölkəyə gələn neft gəlirləri hesabına və inzibati təsirlər vasitəsilə təmin olunur. Bunun doğru olub-olmadığını söyləmək mübahisəlidir. Çünki Azərbaycan pandemiyanın ikinci dalğasıyla yanaşı həm də müharibə yaşamışölkədir. Belə bir şəraitdə manatın məzənnəsinin enməsi gözlənilən olmalıydı. Dünyanın əksər ölkələrində pandemiya yerli valyutaya təzyiqi artırdı”.
A. Mehtiyevin fikrincə, Azərbaycanda isə hökumət valyuta ehtiyatlarına istinadən manatın məzənnəsini saxlaya bilir və pandemiya ilə bağlı iqtisadi fəallığın aşağı düşdüyü nəzərə alınsa, hökumətin əlinə imkan da düşüb. İqtisadçı habelə hesab edir ki, iqtisadi fəallığın zəifliyi dollara olan tələbatı azaldır.
A. Mehtiyevin qənaətinə görə, “devalvasiya olacaqmı” sualından daha çox “hökumət devalvasiyaya gedəcəkmi” sualı qoyula bilər: “Bu da iqtisadi vəziyyətdən asılı olaraq proqnozlaşdırılan bir hadisə deyil. Yəni bu gün valyuta ehtiyatları hökumətə manatın məzənnəsini qorumağa imkan verir. Amma prosesin nə qədər davam edəcəyi neftin dünya bazarındakı qiymətindən və pandemiyanın necə getməsindən asılıdır. Hazırda dünya bazarında neftin qiyməti Azərbaycan üçün sərfəlidir, təhlükə gözlənilmir. Pandemiyaya gəldikdə, hökumətin nə qədər dəstək tədbirlərini həyata keçirdiyi haqda açıqlamaları yoxdur. Yəqin ki, devalvasiya haqda sualları bir müddət sonra cavablandırmaq mümkün olacaq”.

Şərhlər
Ərzaq bahalaşır,ancaq 190 manat yerində sayır.
Hərə çıxır deyir ekspertəm,ağzına gələni danışır,bu deputatın yaxşı əmək haqqısı var,əvvəllər belə danışmırdı.Soğan artıq 1 manatdır,hansı idxaldan danışırlar.