“RUS-ERMƏNİ BİRLİKLƏRİNİ MÜHASİRƏYƏ ALMALIYIQ!” – “Laçın dəhlizinə biz nəzarət etməliyik”

Sülhəddin Əkbər: “Yeni təmas xətti və Laçın dəhlizi boyunca Azərbaycan və Türkiyənin hərbi postları qoyulmalıdır...”

ATƏT-in Minsk qrupunun həmsədrlərinin 44 günlük müharibə və Ermənistanın məğlubiyyətindən sonra çağırılmamış qonaq qismində Bakıda peyda olması, eləcə də erməni terrorçularının Hadrut istiqamətindəki son təxribatı diqqəti yenidən 10 noyabrda imzalanan bəyannaməyə və sülhməramlıların bölgədəki fəaliyyətinə yönəldir. 

“AzPolitika.info” bu mövzunu Azad Demokratlar Partiyasının (AzDP) sədri, təhlükəsizlik məsələləri üzrə mütəxəssis Sülhəddin Əkbərlə müzakirə edib:

- Sülhəddin bəy, dekabrın 1-də Laçın rayonunun qaytarılması ilə Azərbaycan üçtərəfli bəyannaməyə uyğun olaraq, sonuncu rayonunu düşməndən geri aldı. Bundan sonrakı mərhələ daha çox siyasi-diplomatik danışıqlar dövrü kimi ortaya çıxır. Dekabrın 1-dən sonra müşahidə edilən situasiyanı necə qiymətləndirirsiniz?

- Təbii ki, dekabrın 1-dən sonra münaqişənin hərbi fazası ən azından indiki mərhələdə başa çatmış hesab oluna bilər. Həm Ermənistan, həm Azərbaycan, həm də digər tərəflər bunu belə qiymətləndirir. Qeyd edilir ki, tərəflər üçtərəfli sazişə əməl edir və Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yubatma ilə olsa da, yerinə yetirdi. İndi əsas məsələ regionda yaranan yeni vəziyyətin qorunub saxlanması, gərginliyin yenidən hərbi fazaya keçməsinin qarşısının alınması və tədricən prosesin siyasi-dilomatik müstəviyə keçirilməsidir. Odur ki, dekabrın 1-dən sonrakı mərhələni əsasən hərbi fazanın başa çatması və prosesin diplomatik müstəviyə keçməsi kimi qiymətləndirmək olar. Əlbəttə, bu dövrdə həm regionda, həm tərəflərdə baş verən hadisələrdən, habelə üçüncü tərəflərin davranışından çox şey asılı olacaq. İndi əsas sual bundan ibarətdir ki, əldə edilən anlaşma qorunub saxlanılacaqmı, yoxsa yenə də Ermənistan və ya onun Azərbaycan ərazisində qalmış qalıqları tərəfindən təxribatlara yol veriləcək?

Bu mərhələdə daha çox üçtərəfli sazişdə nəzərdə tutulan maddələrin yerinə yetirilməsinə diqqət yönəldiləcək. Bu, daha çox Azərbaycanı və Türkiyəni maraqlandırır. Ən azı Rusiya da bunda maraqlıdır. Ermənistan və onun arxasında duranlar, eləcə də üçtərəfli sazişdən kənarda qalan qüvvələr sözsüz ki, təhrikçi mövqelərini davam etdirəcəklər. Bu məsələdə diqqətli olmaq lazımdır. Həmçinin, bu qüvvələr “Dağlıq Qarabağın statusu” adı altında oyuna daxil olmağa çalışacaqlar. Biz bunu əslində, açıq şəkildə görürük.

Mənim fikrimcə, indiki mərhələdə iki məqama xüsusi diqqət etməyimiz vacibdir. Birincisi, Rusiya-erməni hərbi birliklərinin nəzarəti altında qalan Azərbaycan torpaqlarında baş verənlər. Azərbaycan çalışmalıdır ki, sürətlə burada öz süveren hakimiyyətini bərpa etsin.

İkincisi, kənar qüvvələrin Dağlıq Qarabağın statusu ilə bağlı addımları. Azərbaycan düşünməlidir ki, ona yönəlik hücumları necə dəf edəcək. Yəni gündəlikdə iki məsələmiz var.

- Birinci məsələyə dair, yəni Rusiya sülhməramlıları və onların nəzarətində olan ərazilərdəki atmosferlə bağlı düşüncələriniz nədən ibarətdir, bu proses nə dərəcə Azərbaycan üçün arzuedilən məcrada davam edir?

- Üçtərəfli bəyanat imzalandıqdan sonra mən ilkin qiymətləndirməmi aparmışdım. Odur ki, bu məsələyə təkrar qayıtmaq istəmirəm. Amma geri qayıtmadan da indiki vəziyyəti qiymətləndirmək mümkündür. Təbii ki, Rusiyanın ən böyük istəyi sülhməramlı adı altında Azərbaycanda legitim hərbi iştirakını təmin etmək idi. Mən son illər ərzində hər zaman bunu vurğulayırdım. Rusiya demək olar ki, buna nail oldu. Sözsüz ki, bu prosesdə Rusiyanın da itkiləri oldu. Əsas itkiləri, belə demək mümkündürsə, SSRİ dövründə mövcud olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazi bölgüsünü nəzərə alsaq, bu ərazinin Şuşa başda olmaqla, bir hissəsinə nəzarətin itirilməsidir. Eyni zamanda, Türkiyənin regionda hərbi və geopolitik iştirakıyla razılaşmalı oldu. Rusiyanın bu iki itkisini vurğulamaq olar.

Bundan sonra nə etmək lazımdır? Fikrimcə, bundan sonra Rusiyanın bölgədəki hərbi iştirakını, onun Ermənistanla hərbi ittifaq içində olduğunu da nəzərə alaraq, mümkün qədər məhdudlaşdırmaq lazımdır. Bunu necə etmək olar? Bunu Rusiya sülhməramlı və erməni hərbi birliklərinin hazırda nəzarətində olan Laçın dəhlizi və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisini Azərbaycan və Türkiyə hərbi qüvvələrinin birgə mühasirəyə alması ilə etmək olar. Yəni Azərbaycan qardaş Türkiyə ilə birlikdə rus-erməni birliklərini öz torpağında mühasirəyə almalıdır. Daha dəqiq ifadə etsək, yeni təmas xətti və yeni Laçın dəhlizi boyu Azərbaycan və Türkiyənin perimetr üzrə hərbi postları qoyulmalı və postlar arasında hərbi patrul xidməti həyata keçirilməlidir. Bunu da Azərbaycan və Türkiyə birlikdə etməlidir. Əgər bu xəttin daxilində Rusiya Ermənistanla birgə fəaliyyət göstərirsə, biz də qardaş Türkiyə ilə birgə hərəkət etməliyik. Qənaətimcə, qarşıda duran başlıca operativ taktiki vəzifə indiki mərhələdə bundan ibarətdir.

- Siz rus-erməni hərbi birləşmələri ifadəsini işlətdiniz. Artıq bir aydan çoxdur ki, rus sülhməramlıları münaqişə bölgəsindədir. Onların fəaliyyəti sizi qane edirmi?

- Təbii ki, qane etmir. Üstəlik, Rusiya silahlı qüvvələri və sülhməramlı sözü bir-birilə ziddiyyət təşkil edir. Biz rus sülhməramlı qüvvələrinin olduğu digər ərazilərə baxıb bunu qeyd edirik. Moldovaya baxın. Eləcə də Gürcüstanın Abxaziya və Cənubi Osetiya ərazilərindəki sülhməramlılara baxmaq olar. Rusiya silahlı qüvvələrinin Krım və Donbasda törətdiklərinə də diqqət yetirin. Nəhayətdə, yaxın tarixdə bizə etdiklərinə baxa bilərsiniz. 20 yanvara, Xocalı faciəsində iştiraklarına diqqət edin. Üstəlik, indiki hədəflərinə baxın. İndiki halda onların əsas məqsədi Azərbaycanda sülhməramlı adı altında hərbi iştiraklarını təmin etməkdir. Onların bundan sonrakı vəzifəsi Azərbaycana, regiona təsirlərini artırmaq, Azərbaycandan hərbi baza almağa nail olmaqdır. Eyni zamanda, Ermənistana təsirini artırmaqdır. Amma Rusiya Azərbaycanın nəzarətində olmayan bölgədəki fəaliyyətindən Türkiyə və Azərbaycanın narahat olduğunu da bilir. Odur ki, bölgədə möhkəmlənmək üçün əlindən gələni edəcək.

Diqqətlə baxsanız görərsiniz ki, sülhməramlılar yalnız Ermənistan, Qarabağdakı saxta qurum, habelə yerli erməni sakinləri üçün hər şey edirlər. Və müxtəlif adlar altında oraya qüvvə yığmaqla məşğuldurlar. Orada demək olar Rusiyanın elə bir strukturu qalmayıb ki, onun qurumu yaradılmasın. Sanki Rusiya orada əvvəlki miqyasda olmasa da, yeni bir dövlət qurmağa çalışır. Mən qeyd etmişəm ki, bu, əslində Rusiyanın Ermənistan və qondarma qurum vasitəilə Azərbaycana qarşı apardığı vəkalət müharibəsidir. Azərbaycan bu vəkillərin - Ermənistan və “Dağlıq Qarabağ respublikası”nın başını əzdikdən sonra, ordumuz Xankəndinin qapısında dayanan kimi, Rusiya təcili şəkildə ortaya çıxmağa məcbur oldu. Özünü Qarabağa dürtdü. Bundan sonra bizim başlıca problemimiz budur və biz bunu həll etmək haqqında düşünməliyik. Biz nə qədər desək ki, orada hər hansı bir status yoxdur, Araik Arutunyan hər gün görüşlər keçirir, qərarlar imzalayır. Bizim deməyimizlə deyil. Orada Ermənistan da fəaliyyət göstərir, saxta “respublika” da. Sadəcə olaraq, Rusiya daha kiçik miqyasda status-kvo yaratmaq istəyir.

- Bizim nəzarətimizdə olmayan ərazilərin perspektivini necə görürsünüz, nəhayətdə kiçik ərazi də olsa, biz orada suverenliyimizi tam bərpa edə biləcəyikmi?

- Hər şeydən əvvəl deyim ki, hər hansı bir gizli razılaşmanın olub-olmamasından mənim məlumatım yoxdur. Odur ki, açıq mənbələrə əsasən dəyərləndirmələrimi aparıram. Bizim əlimizdə heç bir hüquqi sənəd yoxdur, olan sənəd siyasi bəyanatdan ibarətdir. Bilirsiniz ki, siyasi bəyanatın da hüquqi qüvvəsi yoxdur. Əslində, bu sənədin qarantı Rusiyadır və onun da hər iki tərəfə böyük təsiri var. O, özünün siyasi-hərbi təsirindən istifadə edərək tərəfləri bu anlaşmaya əməl etməyə məcbur edir. Yeganə qarant Putin Rusiyasıdır.

Bizim üçün daha vacibi Azərbaycanın maraqlarıdır. İlk növbədə çalışmaq lazımdır ki, Azərbaycan Ermənistanla dövlət sərhədlərini bərpa etsin. Bu iş əslində aparılır və mən bunu təqdir edirəm. Yəni sərhədlərin delimitasiyası həyata keçirilir, Sərhəd Qoşunlarının postları müəyyənləşdirilir. Amma bu, azdır. Məncə, burada ən kritik məsələ Laçın dəhlizi istiqamətində Ermənistanla Azərbaycan arasında sərhəd keçid məntəqəsinin, gömrük postunun yaradılması məsələsidir. Yəni Azərbaycanın sərhədçiləri, gömrük xidməti və eyni zamanda polisi bu dəhlizə nəzarət etməlidir. Əgər biz dəhlizə nəzarət edə bilməsək, bu halda hansı ərazi bütövlüyümüzdən söhbət gedə bilər? Ərazimizə kimlərin, hansı malların girib-çıxdığını bilmiriksə, onlara necə nəzarət edə bilərik? Bu mənada ilk növbədə Azərbaycan-Ermənistan sərhədinin 5 kilometrlik dəhlizi qapadılmalıdır. Nə ilə? 

Biz demirk ki, giriş-çıxış olmamalıdır. Amma bu prosesə nəzarəti Azərbaycan sərhədçiləri, gömrüyü, polisi və xüsusi xidmət orqanı həyata keçirməlidir. Bundan sonra qalır Laçın dəhlizi və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin sülhməramlılar və erməni silahlı qüvvələrinin nəzarətində olan əraziləri. Biz, yuxarıda qeyd etdiyim kimi, bu hissəni Türkiyə ilə birlikdə nəzarətə almalıyıq. İkincisi, mümkün qədər öz evlərindən didərgin salınan azərbaycanlı vətəndaşlarımızın yurd-yuvasına sürətlə dönməsinə nail olmalıyıq. Çünki qaçqınlarımız geri dönməyincə, Azərbaycan öz hakimiyyətini bərpa edə bilməyəcək. Onlar öz kəndlərinə, şəhər və qəsəbələrinə döndükcə Azərbaycan hakimiyyət orqanları da ora girməyə başlayacaq və beləcə suverenliyimiz bu ərazilərdə təmin ediləcək. Onsuz da biz onların təhlükəsizliyini Rusiya və erməni hərbi birləşmələrinə əmanət edə bilmərik. Onların təhlükəsizliyinə Azərbaycan və Türkiyə silahlı qüvvələri təminat verməlidir. Necə ki, indi rus sülhməramlılar və erməni hərbi birləşmələri oradakı ermənilərin təhlükəsizliyinin təminatçısı kimi çıxış edirlər. Bu üç addımın atılmasından sonra biz tədircən həmin bölgədə suverenliyimizi bərpa etməyə başlaya bilərik. Bunu qarşı tərəf də bilir. Odur ki, Ermənistan və onun arxasında duran qüvvələr, eləcə də ABŞ və Fransa oyuna girməyə başlayacaqlar. Onlar “status” məsələsi ilə prosesə girməyə çalışacaqlar. Rəsmi Bakı bu məsələləri görməzdən gələrsə, qarşıda bizi ağır hadisələr gözləyə bilər. Müharibə hələ tam başa çatmayıb.

Odur ki, Azərbaycan qətiyyən özünü rahatlamamalı, əvəlkindən də qat-qat diqqətlə bütün sahələrdə hazırlığını davam etdirməli, daha da güclənməlidir.

Rasim Əliyev

“AzPolitika.info”

635x100

Şərhlər

Veteran 2020-12-15 16:29:20

Yenə də köhnə hamam,köhnə tas. 200 il rusiya hakimiyyətində olan zir-zibillər yenə də həmin hoqqalardan çıxırlar.Yenə biz onlardan ehtiyat edirik. Artıq yetər.İndi kimi və nəyi gözləyir bizimkilər.Təcili ciddi .təcili təbirlər görülmli.ruslara oz yerlərini göstərmək lazımdır . Əks təqdirdə cəhənnəm olsunlar Azərbaycandan!

Xalq 2020-12-14 17:04:19

Sülhəddin bəyin yol xəritəsi bəyənilsin. Onsuz da başqa yolumuz qalmamışdır, məncə bu dürüst bir yol xəritəsidir. rusu çıxarmasaq özünüz fikirləşin nə ola bilər.

Cəmşid Dərələyəzli 2020-12-14 15:36:07

Sadəcə bu b9r aylıq gedişat onu gprsədir ki, Rusiya Qarabağda oraya təyin etdiyi generalın fonunda ikinci bir Volski höküməti yaradır. Buna isə yol vermək olmaz. Ən əsası da Türküyə sülhməramlılarının əli ilə Sulhəddin bəyin də dediyi kimi çəmbəri daraltmaq lazımdır. İnşallah Ölkə Başçısı bu yöndə tədbirlərini görür.də.

Bey. 2020-12-14 13:52:30

Yazı ilə razılaşmaq olar.

Abba Vəliyev 2020-12-14 13:33:16

Laçın dəhlizi nə məqsəd daşıdığına diqqət verən varmı?Bu dəhlizin hətta 5km olması da ağılla dək edilən deyil.Çünki,əgər Qarabağın bütün hissələrində,hətta kənarda yaşayan ermənilər əgər Azrbaycan vtəndaşlarıdırsa onlara dəhliz nəyə gərəkdir?Onlar sadəcə Azərbaycan pasportu və ya kimliklərlə istədikləri ölkəyə gedə bilər.İkinci tərəfdən əgər Aərbaycanda yaşayan ermənilərə mühafizə lazımdırsa və onu pus "sülhməramlıları" edəcəksə, bu halda xüsüsi postlar və nəqliyyat vasitələri ilə bunu edə bilərlər.Bu sad proseduru mürəkkəbləşdirmək.bir yol üçün 5 km. endə ərazi ayrmaq mənasız olduğu aydın görünür.Yo.əgər Qarabağ erməniləri zərbaycan vıətəndaşları deyillərsə,onda AZərbaycan ərazilərində necə yaşaya bilər? ö

Son yazılar