Dünyanın ikinci Çernobılı - Fukusima nüvə stansiyasında nə baş verdi?

On il əvvəl Yaponiyanın tarixində baş verən ən güclü zəlzələ Fukusima Nüvə Elektrik Stansiyasının təsirlənməsinə və radioaktiv sızıntıya səbəb olmuşdu. 9 bal gücündə olan zəlzələ o qədər güclü idi ki, hətta Yerin oxunu dəyişmişdi. Honşu adasına təsir edən nəhəng sunami, təxminən, yarım milyon insanın evlərini tərk etməsinə səbəb oldu.

Fukusima Nüvə Elektrik Stansiyası Yaponiyanın şərq sahilində, paytaxt Tokionun 220 kilometr şimal-şərqində, Okuma şəhərində yerləşir. 11 Mart 2011-ci il, yerli saatla 14.46-da başlayan zəlzələnin episentri elektrik stansiyasından 97 km şimalda yerləşən Sendai şəhəri idi.

Sunami sahilə çatana qədər, yerli sakinlərin ərazini tərk edə bilmələri üçün cəmi 10 dəqiqə vaxt var idi.

Nüvə stansiyasında quraşdırılmış sistem zəlzələni aşkarladığı üçün nüvə reaktorları avtomatik olaraq dayandı. Ancaq reaktorların mərkəzləri hələ çox isti olduğundan, təcili vəziyyətlərdə işə düşən dizel generatorları hələ də soyutmağa davam edirdi. Bir müddət sonra Fukusimaya çatan 14 metr yüksəklikdəki dalğa dənizdə quraşdırılmış qoruyucu divarı yıxaraq, kimyəvi partlayışlara səbəb oldu. Radioaktiv maddə atmosferə və Sakit Okeana sızmağa başladığı üçün, 150 000 insan bölgədən kənarlaşdırıldı və tədricən genişləndirilən qadağan olunmuş zonalar elan edildi. Partlayışlar nəticəsində ən az 16 işçi yaralandı və onlarla insan yüksək radiasiyaya məruz qaldığı üçün xəstəxanaya aparıldı.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən 2013-cü ildə yayımlanan bir hesabatda, təcrid zonasından kənardakı ərazilərdə radiasiya riskinin az olduğu qeyd edilərək, radiasiyadan hər hansı xəstəliklərin yaranmayacığı bildirilirdi.

Birləşmiş Millətlər Təşkilatının bir neçə gün əvvəkl - 9 Mart 2021-ci il tarixində yayımladığı hesabatda da, Fukusima sakinlərinin səhhətində radiasiya ilə bağlı hər hansı mənfi təsirin aşkarlanmadığı, insanların sağlamlığında gələcəkdə də radiasiya ilə əlaqəli nəzərəçarpacaq təsirlərin gözlənilmədiyi vurğulandı.

Lakin yerli sakinlərin çoxu təhlükənin hələ də mövcud olduğuna inanır, buna görə bir sıra bölgələrdə məhdudiyyətlərin götürülməsinə baxmayaraq, onlar evlərinə qayıtmır. Xüsusilə də, 2018-ci ildə bir işçinin radiasiyadan öldüyü açıqlanandan sonra bu narahatlıqlar artmağa başladı.

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Fukusima fəlakətinin kateqoriya üzrə 7-ci dərəcə olduğunu müəyyənləşdirdi. Bu, Çernobıldan sonra bu miqyasda təsnif edilən ikinci fəlakət idi...

Güntəkin

"AzPolitika.info"

635x100

Şərhlər

t.ədalət 2021-03-12 18:20:19

Nüvə stansiyaları mütləq qəzaya uğrayır.Bir çox dövlətlər nüvədən bəhrələnmək üçün AES-lərin tikintisinə razılaşırlar.

Son yazılar