Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin noyabrında “BBC” telekanalı ilə baş tutmuş müsahibəsi sosial şəbəkələrdə geniş rezonansa səbəb olub. Müsahibədə jurnalist tərəfindən səsləndirilən “senzura” və “müxalifətin sıxışdırılması” kimi uydurma ittihamlara prezidentin kifayət qədər aydın şəkildə cavab verməsi və Qərbin “ikili standartlarına” işarə etməsi sosial şəbəkə istifadəçilərinin xüsusilə diqqətini çəkib.
Azərbaycan Prezidenti jurnalistə Culian Assanj barədə xatırladıb və sual verib: “Siz cənab Assanjla baş verənləri necə qiymətləndirirsiniz? Bu, sizin ölkədə azad mətbuatın təzahürüdür?”
Bu an jurnalist özünü itirərək söhbətin mövzusunu dəyişməyə çalışıb.
“Report” xəbər verir ki, xarici istifadəçilər müsahibənin məhz bu hissəsini çox bəyəniblər. Onlar müsahibənin həmin fraqmentini tvitterdə paylaşaraq aktiv şəkildə şərhlər yazıblar.
“Bu müsahibə “BBC” jurnalistlərinin cahilliyinin nə qədər yüksək səviyyədə olduğunu göstərir. Onlar öz elita üzvlərindən başqa heç kəsə hörmət qoymurlar. Buna görə də demokratik yolla seçilmiş liderlərimizlə eyni şəkildə davranırlar – nəzakət və hörmət nümayiş etdirmədən”, – tvitter istifadəçilərindən biri yazır.
“Bu şəxs Ermənistan və Azərbaycan məsələsindən başqa, Britaniya mediasında olmayan sağlam düşüncədən və həqiqətdən danışır. Böyük Britaniyada media nəhəng biznesin və isteblişmentin maraqlarının təyin etdiyi parametrlər daxilində fəaliyyət göstərdiyi müddətcə “azad”dır: deməli, azad deyil”, – Adhamh Sophur adlı istifadəçi videogörüntüyə şərhində yazıb.
Paul Brennan adlı iş adamı isə İlham Əliyevi açıq şəkildə inanılmaz zövqə və təfərrüatlara diqqət yetirən adam adlandırıb.
“Onun televiziyanın canlı efirində hakim Qərb təbliğatına dərs verməsi həqiqətən xoşuma gəldi”, – çoxsaylı şərhlərdən birində deyilir.
Bu müsahibəyə maraq hər gün artır, hazırda onu 3 milyondan çox insan izləyib. İndiyə qədər Azərbaycandan hər hansı bir məqalə, açıqlama, müsahibə və ya çıxış beynəlxalq arenada bu qədər rezonans doğurmayıb. Xarici KİV-lərlə baş tutmuş bu müsahibə göstərir ki, Prezident müharibə dövründə Azərbaycanın maraqlarını təkcə döyüş meydanında deyil, həm də informasiya müharibəsində müdafiə edib.

Prezident İlham Əliyevin "Tvitter"də böyük rezonans doğuran "BBC"yə müsahibəsinın həmin hisəsini təqdim edirik:
Prezident İlham Əliye deyir:
- Bizim azad mediamız var. Bizim azad internetimiz var. İndi hərbi vəziyyətə görə bizim bəzi məhdudiyyətlərimiz var, lakin əvvəllər heç bir məhdudiyyət yox idi. Azərbaycanda internet istifadəçilərinin sayı 80 faizdən çoxdur. Siz internetin azad olduğu, senzuranın olmadığı və 80 faiz internet istifadəçilərinin olduğu bir ölkədə medianın məhdudlaşdırılmasını təsəvvürünüzə gətirə bilərsiniz? Bizim “Facebook”da milyonlarla insanımız var. Bizdə azad medianın olmadığını necə deyə bilərsiniz? Bu, yenə də qərəzli yanaşmadır. Bu, Qərb auditoriyasında Azərbaycan haqqında bir fikir formalaşdırmaq cəhdidir. Bizim müxalifətimiz var, bizim QHT-lərimiz var. Bizdə azad siyasi fəaliyyət var. Bizdə azad media var. Bizdə söz azadlığı var. Əgər siz bu sualı qaldırdınızsa, mən də sizə bir sual verə bilərəmmi? Siz cənab Assanjla baş verənləri necə qiymətləndirirsiniz? Bu, sizin ölkədə azad mətbuatın təzahürüdür?
- Biz burada mənim ölkəmi müzakirə etmək üçün deyilik.
- Xeyr, gəlin müzakirə edək. Gəlin, müzakirə edək.
- Yox, Prezident Əliyev.
- Ermənilərin burada azad mətbuatının olmayacağı ilə bağlı məni ittiham etmək əvəzinə, gəlin, Assanj barədə danışaq. Bağışlayın, o, Ekvador səfirliyində neçə il keçirdi və nəyə görə? O, indi haradadır? Jurnalist fəaliyyətinə görə siz həmin şəxsi girov saxladınız, əslində, mənəvi və fiziki olaraq onu öldürdünüz. Bunu siz etmisiniz, biz yox. İndi o həbsxanadadır. Siz bu işlərlə məşğul olduğunuz halda, sizin azad mətbuat haqqında danışmağa mənəvi haqqınız yoxdur.
- Münaqişəyə qayıdaraq...
- Bəli, yaxşı olardı ki, münaqişəyə qayıdasınız, çünki bu, sizin xoşunuza gəlmir. Sizin xoşunuza yalnız ittiham etmək, hücum etmək gəlir. Amma güzgüyə baxın. Mən dəfələrlə demişəm, buraya gəlməmişdən və bizə mühazirə oxumaqdan əvvəl baxın. Siz sualınızla məni ittiham edirsiniz. Bu, sual deyil, bu, ittihamdır. Siz prokuror kimi danışırsınız. Niyə? Əgər siz bu qədər demokratik və obyektivsinizsə, nəyə görə Assanjı həbsxanada saxlayırsınız? Nə üçün? Siz onu jurnalist fəaliyyətinə görə həbsxanada saxlayırsınız.
- Mən onu həbsxanada saxlamıram, Prezident Əliyev.
- Bu, sizin xoşunuza gəlmir.
- Bu, xoşa gəlmək məsələsi deyil.
- Siz buna öyrəşməmisiniz.
- Bu, bizim müsahibənin mövzusu deyil.
- Çünki siz ancaq hücum etməyə adət etmisiniz…
"AzPolitika.info"










Şərhlər