Əhməd İsmayılov: “MEDİA-nın layihələri şəffaflıq prinsipi üzərində qurulub”
“MEDİA tərəfindən çap mediası və onlayn media subyektləri ilə bağlı müsabiqənin nəticələri açıqlandı. Bu müsabiqələrin təşkil olunmasının məqsədi peşəkar jurnalistikanın formalaşmasına dəstək verməkdir. Müsabiqələr davamlı olacaq”.
APA-nın məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov iyulun 2-də keçirilən mətbuat konfransında deyib: “Bundan öncə Azərbaycanda onlayn media subyektləri üçün müsabiqə keçirilməyib”.
Ə. İsmayılov bildirib ki, bu müsabiqələr keçmiş ənənənin davamı deyil: “Əvvəllər çap mediası üçün müsabiqələr keçirilib. Lakin indiki şərtlər əvvəlkindən tamamilə fərqlidir, yəni, bu müsabiqələr əvvəlki ənənənin davamı deyil. Biz həm qəzetin dizaynını, həm də qəzetin məzmununu dəyərləndirmişik. Köhnə ənənələrdən ciddi fərqlərdən biri də odur ki, redaksiyalara göstərilən maliyyə yardımlarının xərc istiqamətləri artıq müəyyən edilib. Həmin tələblərə riayət edilməsinə MEDİA tərəfindən xüsusi nəzarət olunacaq. Bu müsabiqələr heç də köhnə ənənələrin davamı kimi qiymətləndirilə bilməz”.
“Biz bu müsabiqələri keçirərkən medianın ehtiyaclarını qiymətləndiririk” deyən Ə. İsmayılov qeyd edib ki, müsabiqələr agentliyin maliyyə imkanları çərçivəsində keçirilir: “Maliyyə imkanlarımız artırılarsa, məbləğ məsələsinə yenidən baxıla bilər. Biz bunun həm iqtisadi, həm də hüquqi tərəflərini araşdırıb qərar qəbul etməliyik. Dəstək layihəsi media subyektinin bütün büdcəsini əhatə edə bilməz. Bu media subyektlərinin iqtisadi müstəqilliyi prinsipinə ziddir. Bizim məqsədimiz məhz media subyektlərinin iqtisadi müstəqilliyini təmin etməkdən ibarətdir”.
Ə. İsmayılov bildirib ki, Azərbaycanda Vahid Media Reyestri yaradılacaq: “Bütün media subyektləri həmin media reyestrində qeydiyyata alınacaq. Bu, informativ reyestr olacaq. Media subyektləri fəaliyyətə başlamazdan öncə bu reyestrə özləri haqqında məlumatlar verəcək, qeydiyyata alınacaqlar”.
Ə. İsmayılov əlavə edib ki, jurnalistlər isə jurnalist vəsiqəsi almaq üçün MEDİA-ya müraciət edəcəklər: “Bu, könüllü əsasladır. Hər hansı jurnalist vəsiqə almaq müraciət etsə, müraciət tərəfimizdən dəyərləndiriləcək. Həmin jurnalistlər media reyestrinin bir bölməsində qeydiyyata alınaraq, jurnalist vəsiqəsi ilə təmin ediləcək”.
“MEDİA tərəfindən keçirilən müsabiqələrə maraq çox böyükdür. Nəticələr sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bu müzakirələrdə təkcə jurnalistlər iştirak etmir”.
Bunu isə MEDİA-nın Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli deyib.
N. Məmmədli bildirib ki, bütün görülən işlər media sahəsində islahatların tərkib hissəsidir. Bu tədbirlər ilin sonuna kimi davam edəcək: “Bu, müsabiqədir. Müsabiqədə qalib gələn tərəf olur, qalibləri təbrik etmək lazımdır. Müsabiqədə hədəfinə çatmayanlara da biz uğurlar arzulayırıq. Bu, davam edən prosesdir. İstəyimiz ondan ibarətdir ki, Azərbaycanın bütün jurnalistləri dövlətin dəstəyindən faydalansın”.


Şərhlər