GÖMRÜK KOMİTƏSİ 138 MİLYONU BÜDCƏDƏN YAYINDIRIB? - Və ya ƏDV üzrə yığımlar niyə azalıb?

"Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı rəsmi məlumatlara görə, Azərbaycan 2021-ci ilin 1-ci yarımilində 5 milyard 391 milyon dollar, 2020-ci ilin 1-ci yarımilində isə 4 milyard 989 milyon dollar həmində mal idxalı həyata keçirib. Odur ki, idxal dövriyyəsi ötən ilə nəzərən 402 milyon dollar və ya 8%-dən çox artıb. İdxal dövriyyəsinin 402 milyon dollar artması gömrük rüsumları üzrə yığımları 73 milyon manat, aksizlər üzrə yığımları 11 milyon manat çoxaltsa da, ƏDV üzrə yığımlar 68 milyon manat azalıb".

"AzPolitika.info" xəbər verir ki, bu barədə iqtisadçı ekspert Nemət Əliyev DGK-nin məlumatlarını təhlil edərkən bildirib. Onun sözlərinə görə, belə bir şəraitdə ƏDV üzrə yığım göstəricisinin azalması burada çox şübhəli hal kimi diqqəti cəlb edir.

"Bu yöndəki şübhələri əsaslı edən faktlardan biri də budur ki, 2020-ci ilin 1-ci yarımilində idxal dövriyyəsi 2,026 milyard dollar azalsa da, ƏDV üzrə yığım göstəricisi 26 milyon manat artıb. Böyük sual budur ki, dövriyyənin 2 milyard azalması ƏDV üzrə yığımları azalda bilməyibsə, dövriyyənin 400 milyon dollardan çox artması ƏDV üzrə yığımları niyə və necə azaldıb? Gömrük Komitəsi 2020-ci ildəki bacarığını niyə 2021-ci ildə də nümayiş etdirməyib, yaxud da etdirmək istəməyib? Nədir bunun səbəbi", - deyə ekspert sual edir.

N.Əliyev qeyd edir ki, idxal dövriyyəsi və bu dövriyyədən hesablanan gömrük rüsumları, hətta aksizlər artıbsa, ƏDV üzrə yığım göstəricisi də artmalıdır, azala bilməz! O, xatırladır ki, xaricdən gətirilən mallara tətbiq olunan ƏDV aşağıdakı formula üzrə hesablanır:

"ƏDV=[≪malın gömrük dəyəri≫+≪gömrük rüsumu≫+≪aksizlər≫] X 18%.

Bir az riyazi biliyi olan hər kəs bu formuladan asanlıqla müəyyən edə bilər ki, əgər malın gömrük dəyəri, gömrük rüsumları və aksizlər artıbsa, ƏDV də artmalıdır. Yəni, 120 manatın 18 faizinin 100 manatın 18 faizindən 20 faiz artıq olmasını dərk etmək qədər sadədir bunu anlamaq. Digəl ki cari ilin 1-ci yarımilində idxal dövriyyəsinin, rüsumlar və aksizlər üzrə yığımların çoxalmasına baxmayaraq, ƏDV üzrə yığımlar 68 milyon manat azalıb. Yarımillik göstəricilərin dinamikası göstərir ki, belə bir hal son 5 ildə ilk dəfədir əmələ gəlib".

N.Əliyevin sözlərinə görə, idxal dövriyyəsi ilə ƏDV-nin yığım səviyyəsi və gömrük rüsumlarının yığım səviyyəsi arasında qurulmuş qarşılıqlı birqiymətli əlaqələrin son 5 illik dinamik təhlili göstərir ki, idxal dövriyyəsinin artması, bir qayda olaraq, həm gömrük rüsumları üzrə yığım səviyyəsinin artması ilə, həm də ƏDV üzrə yığım səviyyəsinin artması ilə müşayiət olunub: "Misal üçün, 2018-ci ilin 1-ci yarımilində idxal dövriyyəsinin 1,251 milyard dollar artması gömrük rüsumları üzrə yığımların 91 milyon manat, ƏDV üzrə yığımların isə 318 milyon manat artmasına səbəb olub. Bu səbəb-nəticə əlaqələri 2019-cu ilin 1-ci yarımilində də keçərli olub: idxal dövriyyəsinin 2,355 milyard dollar artması müqabilində gömrük rüsumları üzrə yığımlar 72 milyon manat, ƏDV üzrə yığımlar 310 milyon manat artıb. Hətta 2020-ci ilin 1-ci yarımilində idxal dövriyyəsinin 2,026 milyard dollar azalmasına baxmayaraq, Gömrük Komitəsi əlini o dərəcədə iti tuta bilib ki, ƏDV üzrə yığım göstəricisi daha 26 milyon manat artıb. Amma 2021-ci ilin 1-ci yarımilində əməliyyatlar necə dolandırılıbsa, hesablamalar necə labirintə salınıbsa, idxal dövriyyəsi 402 milyon dollar, hətta gömrük rüsumları və aksizlər üzrə yığımlar üst-üstə 84 milyon manatdan çox artsa da, ƏDV üzrə yığımlar 68 milyon manat azalıb".


İqtisadçı daha sonra vurğulayıb: "Xüsusi hal kimi qeyd edim ki, idxal dövriyyəsinin artması şəraitində ƏDV üzrə yığım göstəricisinin azalması bir halda mümkün ola bilər. Belə ki, ƏDV-dən azad olunan idxal mallarının siyahısı əhəmiyyətli dərəcədə genişləndirilsin və kifayət qədər böyük bir dövriyyəni əhatə etmiş olsun ki, bu da indiki şəraitdə inandırıcı görünmür. İnandırıcı görünmür, ona görə ki:

1. ƏDV dövlət büdcəsində vergi gəlirlərinin 50%-ə qədərini təşkil edir və hökumət bu dərəcədə təsirli paya malik olan bir gəlir mənbəyi üzərində eksperimentlər aparmağa risk etməz;

2. Pandemiya səbəbi ilə daha ağır il sayılan 2020-ci ildə iqtisadiyyata, əhaliyə ƏDV hesabına elə də təsirli güzəştlər həyata keçirilməyibsə, şərtlərin nisbətən yumşaldığı 2021-ci ildə daha böyük güzəştlər ediləcəyini düşünmək sadəlövhlük olardı;

3. Pula yetərincə həssas münasibətinə çox yaxşı bələd olduğumuz hökumətin nağdını qoyub, nisyə dalınca yürüməsi hazırkı şərtlər daxilində ağlabatan görünmür. Odur ki, cari ilin 1-ci yarımilində ƏDV üzrə yığımların 68 milyon manat azalmasına dair Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi məlumat qeyri-ciddidir".

Bəs DGK-nin ƏDV üzrə yığım götəricisi cari ilin 1-ci yarımildə necə dəyişə bilərdi?


Nemət Əliyev bu suala cavabında diqqəti mümkün variantlardan birinə yönəldib: "2021-ci ilin 1-ci yarımilində idxal dövriyyəsi artdığına görə nəzərimizi artım dinamikasının yaşandığı ən yaxın illərin göstəricilərinə yönəldək. 2020-ci ildə idxal dövriyyəsi azaldığına görə bu ili nəzərdən keçirmirik. 2019-cu ildə idxal dövriyyəsinin hər 1 milyon dollar artımı ƏDV üzrə yığımlara 132 min manat artırıcı təsir göstərib (310/2355≈132). 2018-ci ildə bu artırıcı təsir 254 min manat (318/1251≈254) olub. Bu iki ilin orta göstərici 174 min manatdır. Əgər bu sonuncu orta göstəricini əsas tutub hesablamaları davam etdirsək, o zaman 2021-ci ilin 1-ci yarımilində ƏDV üzrə yığımların ≈70 milyon manat artması qənaətinə gələ bilərik (402X174≈70 milyon manat). Gömrük Komitəsinin yaydığı məlumatlara görə isə ƏDV üzrə yığımlar 68 milyon manat azalıb. Halbuki, bu göstərici aşağı-yuxarı 70 miyon manat artmalıydı.

Bu ziddiyyətli vəziyyət şübhələri əhəmiyyətli dərəcədə artırmaqla ≈138 milyon manatın (70+68) dövlət büdcəsindən yayındırılması ehimalını xeyli dərəcədə gücləndirir və aktuallaşdırır".

Ekspert hesab edir ki, Maliyyə Nazirliyi və Hesablama Palatası vəzifə məsuliyyətindən çıxış edərək hərəkətə keçməli, Dövlət Gömrük Komitəsində maliyyə yoxlamalarına başlamalıdır: "Komitədə rəhbər vəzifə tutan bütün heyətin attestasiyasının həyata keçirilməsi çox vacibdir. Komitə sədrindən tutmuş onun müavinlərinə qədər, idarə rəislərindən tutmuş maliyyə yığım funksiyasını icra edən şöbə rəislərinə qədər hamını bu prosesə cəlb etmək lazımdır. Komitədə böyük təmizləmə işlərinə ehtiyac var. Bu işin üzərindən sükutla keçmək olmaz!"

"AzPolitika.info"

635x100

Şərhlər

Eldəniz 2021-09-24 10:48:53

Allah məmmədhəsn əmiyə rəhmət etsin..... hökumət bunları tanısaydı, Səfərovlar,İbrahimovlar,İskenderler və s. milyarder ola bilməzdilər....

Avtandil 2021-08-22 12:50:02

Bəs bu yeyintini aşkar edən,yerini və içtirakçısını müəyyən edəcək qurum niyə ortada yoxdur?Ax biz özümüzü qanuni dövlət sayırıqsqq bu mıqalədə göstərilən rəqəmlər niyə bu qurumları maraqlandırmır?Ax söhbət milyonlardan gedir!Bir kasıb mağazadan bir çörək oğurlayanda DİN-nin əməkdaşları onun üzərinə şahin kimi yürüyür.həbs edir və hətta məhkmə hbs qərarı verirBs bu hal niyə heç kimi maraqlandırmır?

Cammat 2021-08-20 11:53:58

Bu bir kəndin eşşək minən naxırçılarını rədd edib damlamaq niyə müşkülə çevrilib?

Fazil 2021-08-19 13:25:16

Gömrül yalançı generallardan v Nehrəm qrupundan təcili təmizlənməlidir.

Amon 2021-08-18 00:08:05

Narahat olmayin gomruk komitesinin her zamanki kimi yalan ve uydurma cavab vermek limiti var yene ondan istifade edecekler

kasıb 2021-08-17 17:52:32

138 milyon yox milyard ola bilər

vidadi goyce 2021-08-17 13:24:30

metamorfoza

Son yazılar