Qlobal miqyasda davam edən Covid-19 pandemiyasına görə tətbiq edilən məhduddiyyətlər Diasporla İş üzrə Dövlət Komitəsinin həmvətənlərimizlə keçirdiyi ənənəvi görüşləri video-formatda keçirilən görüşlərlə əvəz etməsinə səbəb olmuşdu. Məhdudiyyətlər yumşaldılan kimi Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan həmvətənlərimizin görüşünə yollandı.

İlk olaraq, iyunun 26-da Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində xaricdəki Azərbaycan Evlərinin birinci və Azərbaycanlıların Koordinasiya Şuralarının ikinci toplantısı keçirildi. Bu toplantıların qalib dövlətimiz, qalib xalqımız və qalib ordumuz üçün böyük önəm daşıyan bir tarixə – Azərbaycan Silahlı Qüvvələrinin yaranması gününə təsadüf etməsi bu tarixi daha da əlamətdar etdi.

Həmin toplantıda Diasporla iş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi layihələr çərçivəsində daha sıx təşkilatlanan Azərbaycan diasporunun gələcək fəaliyyət istiqamətlərini müəyyən edən yol xəritəsi, eləcə də Azərbaycanlıların Koordinasiya Şuralarının fəaliyyətlərinə dair prioritet məsələlər və gələcək inkişaf perspektivləri müzakirə edildi.

Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə dünyanın buluşma nöqtəsi olan İstanbulda keçirilən toplantıların milli birlik və həmrəylik yolunda inamla addımlayan Azərbaycan diasporunun fəaliyyətinə ciddi töhfələr verəcəyi şübhəsizdir. 

26-30 avqust tarixlərində isə Dövlət Komitəsi təmsilçilərinin erməni lobbisinin ictimai rəyə güclü təsir etdiyi Avropa ölkələrinə-Belçikaya, Niderland Krallığına və Almaniyaya səfəri gerçəkləşdi. Komitə rəhbərliyi Belçikada və Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, Azərbaycan icmaları ilə silsilə görüşlər keçirdi. Brüsseldəki Azərbaycan Evində, Niderland Krallığının Rotterdam şəhərindəki Benilüks Azərbaycanlıları Konqresinin (BAK) ofisində, Haaqa şəhərində yerləşən Hollanda–Azərbaycan Türk Kültür Dərnəyində keçirilən görüşlər, eləcə də Belçika-Niderland Azərbaycanlıları Koordinasiya Şurasının növbəti toplantısı zamanı diasporun təşkilatlanmasına, xüsusi ilə gənclərin diaspor təşkilatlarındakı iştirakına dair mühüm məsələlər müzakirə edildi.

Səfər çərçivəsində Haaqa şəhərinin "Yeni İkendinen" məzarlığında Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinə ucaldılmış abidənin ziyarət edilməsi harada yaşamasından asılı olmayaraq, Xocalı soyqırımının hər bir azərbaycanlının qan yaddaşına əbədi həkk olunduğunu, heç vaxt unudulmayacağını bir daha göstərdi. 

Belçika və Niderland Krallığının ardınca, Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri azərbaycanlıların ən çox məskunlaşdığı mərkəzi Avropa ölkəsinə- Almaniyaya həmvətənlərimizin görüşünə yollandı. Görüşlərdən birinin Köln şəhərində fəaliyyət göstərən Azərbaycan Evində keçirilməsi, Almaniyanın müxtəlif şəhərlərində yaşayan həmvətənlərimizin burada bir araya gəlməsi Azərbaycan Evlərinin təsis olunmasının zərurətdən meydana gəldiyini göstərirdi.

Kölndə Azərbaycan icması ilə keçirilən görüşdə bu şəhərdə və ətrafda yaşayan azərbaycanlılar, Almaniyanın aparıcı universitetlərində çalışan həkim soydaşlarımız, Türkiyənin Kölndəki konsulluğunun əməkdaşları, türk diasporunun nümayəndələri və KİV təmsilçiləri iştirak edirdi. Bu görüşdə Azərbaycan və Türkiyə diasporlarının birliyindən, Almaniya ictimaiyyəti arasında, xüsusilə mediada Azərbaycan həqiqətlərinin təbliği istiqamətində görülən işlərdən, nüfuzlu yerli KİV-lərlə əməkdaşlığın əhəmiyyətindən və bu sahədə mövcud çətinliklərdən danışıldı, diasporlararası gələcək əməkdaşlığa dair təkliflər irəli sürüldü.

Komitə rəhbərliyinin Köln Universiteti Klinikasının Radiologiya İnstitutunda azərbaycanlı tibb mütəxəssisləri ilə görüşü xüsusilə yadda qaldı. Səhiyyənin yüksək inkişaf etdiyi Almaniyada azərbaycanlı həkimlərin uğurlarının, mütəxəssis kimi yetişməsinin əhəmiyyətinin vurğulandığı görüşdən həm Komitə rəhbərliyi, həm də gərgin iş rejimində çalışan həkimlərimiz xoş təəssüratlarla ayrıldı. 

Görüşlər zamanı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov qlobal pandemiya təhlükəsinə, erməni lobbisinin ABŞ, Belçika, Niderland, Kanada və Rusiyadakı özbaşınalığına və təhdidlərinə baxmayaraq, Vətənimizin haqq səsini dünya ictimaiyyətinə çatdıran diasporumuzun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş böyük Zəfərdə xüsusi payı olduğunu qeyd etdivəfədakar fəaliyyətlərinə görə diaspor təşkilatlarına və xaricdə yaşayan soydaşlarımıza minnətdarlığını bildirdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərdə aparılan quruculuq işləri barədə ölkəmizin xaricdəki fəal təbliğatçılarına ətraflı məlumat verildi. Komitənin təşkilatçılığı ilə “Dəmir yumruğun gücü ilə” şüarı altında gerçəkləşdirilən diasporun Şuşa səfərləri zamanı həmvətənlərimizin duyğulu anlar yaşadığı, eyni zamanda erməni vandallarının əzəli torpaqlarımızda törətdiyi hərbi və ekoloji terrorun şəxsən şahidi olduqları bildirildi və həmin təsirli anları əks etdirən videoçarx nümayiş olundu. Şuşa səfərlərinin diaspor fəallarının təşəbbüsü ilə Avropanın bir sıra KİV-lərində geniş işıqlandırıldığı xüsusi ilə vurğulandı. 

Azərbaycan dövlətinin diaspor siyasəti, dövlət başçısının tapşırığı ilə diaspor quruculuğu istiqamətində indiyədək həyata keçirilmiş və gələcəkdə gerçəkləşdirilməsi nəzərdə tutulan layihələr, Koordinasiya Şuralarının, Azərbaycan Evlərinin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə açılan “Qarabağ” həftəsonu Azərbaycan məktəblərinin, “Qarabağ” idman klublarının və “Qarabağ” rəqs dərnəklərinin fəaliyyəti barədə ətraflı məlumat verildi.

Görüşlərdə qarşıda duran vəzifələr və hədəflərdən bəhs edərkən ictimai-siyasi və humanitar sahələrə inteqrasiyanın, ictimai rəyə təsir etmək gücünə malik dairələrlə və KİV-lərlə əlaqələrin qurulmasının, anti-Azərbaycan qüvvələrinin təxribatlarına çevik reaksiyanın, türk və digər dost diasporlarla birgə əməkdaşlığın, xaricdə yaşayan gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasının, mənəvi dəyərlərimizin qorunmasının önəmi bir daha vurğulandı. Eyni zamanda, soydaşlarımızın gördüyü işlər, qarşılaşdıqları problemlər, çətinliklər və onların həll yolları müzakirə edildi, onları maraqlandıran məsələlərə aydınlıq gətirildi.

Bu görüşlərin əhəmiyyətini artıran mühüm amillərdən biri ondan ibarətdir ki, həm diaspor təşkilatları, həm də Diasporla İş üzrə Dövlət Komitəsi görülən işlər barədə bir-birinə qarşılıqlı hesabat təqdim edir və diaspor təşkilatlarının iş effektivliyinin artırılması yolları dair soydaşlarımızın fikirləri öyrənilir. Bu görüşlər həmçinin Azərbaycan dövlətinin hər zaman Azərbaycan diasporunun yanında olduğunu, soydaşlarımızın hər zaman Azərbaycan dövlətinə arxalana biləcəklərini göstərir. 

Komitənin Brüsseldə və Haaqada keçirdiyi görüşlərdə Azərbaycanın Belçikadakı və Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfirləri Vaqif Sadıqov və Fikrət Axundovun iştirakı dövlət siyasətində diaspor quruculuğuna verilən önəmin, bu istiqamətdə dövlət qurumları arasındakı sıx əməkşdaşlığın göstəricisidir.

Hələ 90-cı illərin sonunda Azərbaycanın diaspor təşkilatlarına öz tövsiyələrini verən ulu öndər Heydər Əliyev xarici ölkələrdəki səfirliklərimizi diaspor quruculuğu prosesinə cəlb etmiş, həmvətənlərimizi Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştiraka istiqamətləndirmişdi.

Belə səfərlərin mütəmadi təşkil olunacağına, Azərbaycan diaspor nümayəndələri ilə müntəzəm görüşlərin keçiriləcəyinə, dövlət siyasətinin prioritetlərindən olan diaspor quruculuğu istiqamətində fəaliyyətin uğurla davam etdiriləcəyinə ümidvarıq.