İNSANIN XOŞBƏXT YAŞAMAQ HAQQI... - Və “İstiqlaliyyət Bəyannaməsi”nin fəlsəfəsi

Fəxrəddin MEHDİYEV

2-ci məqalə

İnsan xoşbəxtliyi ideyası ədəbi mövzudur, çoxcəhətli mövzu olduğundan, onun əsasən daxili - psixoloji, eyni zamanda obyektiv, zahiri cəhətləri fərqləndirilir. Obyektiv cəhətdən insanın xoşbəxt yaşaması insan-cəmiyyət-hakimiyyət münasibətləri ilə çox bağlıdır.

Aclıq çəkən, işsiz, yoxsul, təhlükəsizliyinə təminatı olmayan insan azad ola bilmədiyi kimi, həyatdan da məmnun ola bilməz. Ona görə də bütün dövrlərin ictimai-siyasi xadimləri insan xoşbəxtliyinin həllini insan-hakimiyyət münasibətlərində görüblər. Hakimiyyət uğrunda mübarizdə bu ideyadan istifadə etməyə çalışıblar – ya həqiqətən, ya da manipulyasiya vasitəsi kimi.

İnsanın xoşbəxt yaşamaq haqqının reallaşdırılması hakimiyyətin öz missiyasını və öhdəliyini necə yerinə yetirməsindən asılıdır. Dövlətin yaranmasını izah edən müqavilə nəzəriyyəsi də həmin ideya ilə bağlıdır. Maarifçilik dövrünün böyük mütəfəkkiri İeremiya Bentam “Əxlaq və qanunvericilk prinsiplərinə giriş” əsərində göstərirdi ki, fayda xoşbəxtlikdir və etik davranışların məqsədi daha çox insanlar üçün daha çox xoşbəxtliyə nail olmaq imkanlarının yaradılmasıdır. Bu prinsip əsasında İ.Bentam və onun ardıcılları səhiyyə və sığorta sistemində, həbsxanalarda islahatların aparılmasını, yoxsulluq haqqında qanun qəbul edilməsini, ictimai həyatın bütün sahələrində demokratiyanın və özünüidarənin genişləndirilməsinin zəruriliyini göstəriblər.

İ.Bentam tarixdə beynəlxalq hüququn vacibliyi, Millətlər Liqasının yaradılması, müstəmləkə sisteminin ləğv edilməsi, kilsənin dövlətdən ayrılması, qadınlara kişilərlə bərabər hüquqların verilməsi, ölüm və bədən cəzalarının ləğvi və s. kimi mütərəqqi ideyaları irəli sürüb. Böyük humanist alim həmçinin heyvanların hüququ haqqında danışan birinci şəxslərdən olub. İnsanın xoşbəxt yaşamaq haqqı barədə ideya davamlı olaraq alimlərin və ictimai-siyasi xadimlərin diqqətində olub.

Şotlandiya maarifçiliyinin yaradıcılarından biri Frensis Xatçeson insanların xoşbəxtlik haqqını mənəvi və siyasi fəaliyyətinin əsas prinsipi kimi göstərib. (Джайлз Брандрет, Путь оптимиста. М. 2014. с.66)

Xoşbəxtliyə canatma hüququnun insanın təbii ayrılmaz hüququ olduğu fikri ilk dəfə tarixdə siyasi sənəd kimi ABŞ-ın “İstiqlaliyyət Bəyannaməsi”ndə öz əksini tapıb: “Biz belə bir həqiqəti tam aşkar hesab edirik ki, bütün insanlar anadan bərabər doğulur və bu zaman Yaradan onlara müəyyən ayrılmaz hüquqlar bəxş edir ki, bunların sırasında yaşamaq, azadlıq və xoşbəxtliyə canatma hüququ da var". Bununla da ABŞ-ın qurucu atalarından olan Tomas Ceffersonun müəllifliyi ilə hazırlanan “İstiqlaliyyət Bəyannaməsi” müasir qərb siyasi sisteminin əsasını qoyur.

“İstiqlaliyyət Bəyannaməsi” tarixdə birinci dövlət sənədidir ki, dövlət həyatının əsası kimi Xalqdan Suverenlik ideyasını bəyan edir.

Bəyannamədə təsdiq edilirdi ki, insanların təbii, ayrılmaz hüquqları hakimiyyət tərəfindən qəbul edilən istənilən qanundan yüksəkdə dayanır.

Maraqlı cəhətlərdən biri də ondan ibarətdir ki, liberalizm prinsipini irəli sürmüş böyük mütəfəkkir C.Lokk tərəfindən şəxsiyyətin təbii və ayrılmaz hüquqları kimi göstərdiyi triada - “yaşamaq, azadlıq, mülkiyyət“, T.Cefferson tərəfindən irəli sürülən triada isə - “yaşamaq, azadlıq, xoşbəxtliyə canatma hüququ” şəklində ifadə edilib. Bəyannamədə ifadə edilən xoşbəxtliyə canatma hüququ ilə dünyada ABŞ-ın böyük imkanlar ölkəsi kimi tanınması arasında qarşılıqlı əlaqə danılmazdır. Mütərəqqi ideya ölkəni mütərəqqi istiqamətdə inkişaf etdirir, güclü ideya ölkəni güclü edir. Təsadüfi deyil ki, tədqiqatçılar tərəfindən ABŞ-ın “İstiqlaliyyət Bəyannaməsi” dünyanı dəyişdirən yüz böyük ideyadan biri kimi dəyərləndirilir. (Сто великих идей, изменивших мир. М . 2016.с.206-208)

Böyük tədqiqatçı alim Y.N.Harari bestsellərə çevrilmiş əsərində insan xoşbəxtliyini yeni dövrün tələbi baxımından xarakterizə edərək göstərir ki, “Bizim gündəliyimizidə əhəmiyyətinə görə ikinci bölmə, etimal ki, xoşbəxtlik formulunun axtarışı olacaq... XVIII əsrin axırlarında ingilis filosofu İ.Bentam ən yüksək faydanı daha çox fərdləri daha çox xoşbəxt elan etmək olduğunu bəyan etdi... XIX və XX yüzilliklərdə Bentamın görüşləri geniş müzakirə edilir və hökumətlər, korporasiyalar, laboratoriyalar daha çox aktual və konkret məsələlərin həllinə diqqəti gücləndirdi. Ölkələr özlərinin uğurlarını öz vətəndaşlarının xoşbəxtliyi ilə deyil, ərazilərin böyüklüyü, əhalisinin, ümumi daxili məhsulun artımı ilə ölçürdülər... Lakin son on illikdə düşüncələrdə dəyişiklik baş verdi, Bentamın nəzəriyyəsinə daha ciddi yanaşılır. Daha çox insanlar inanırlar ki, millətin möhkəmləndirilməsi üçün yaradılan nəhəng sistemlər, əslində hər bir şəxsin xoşbxətliyinə və rifahına xidmət etməlidir... Dövlət onun üçündür ki, bizə xidmət etsin... XX əsrdə milli uğurun əsas ölçüsü adambaşına düşən ümumi daxili məhsul hesab edilib. Lakin bizim günlərdə filosoflor, siyasətçilər və hətta bir çox iqtisadçılar ümumi daxili məhsulu ümummilli xoşbəxtliklə əvəz etməyə çağırırlar.” Y.N.Harari eyni zamanda yunan filosofu Epikürün xoşbəxtlik haqqında görüşlərinə də münasibət bildirirək yazır: "Epikür öz şagirdlərinə xəbərdarlıq edirdi ki, xoşbəxtlik yüksək maddi rifah olsa da, əməklə alınmalıdır. Şöhrət, pul, sərvət hərisliyi və acgözlüyü insanı deqradasiyaya uğradır və bədbəxt edir. Xoşbəxtlik insanın cəmiyyətdə və təbiətdə harmoniyada yaşaması, cəmiyyət və insanlar üçün faydalılığı ilə bağlıdır". (Юваль Ной Харари. Номо Деиs.Kраткая история будущего. М. 2019. с40-47.)

BMT tərəfindən hər il xoşbəxt elan edilən ölkələrin tarixi həmin ölkələrin vətəndaşlarının öz təbii, ayrılmaz hüquqları uğrunda apardıqları mübarizənin tarixidır. İnsanın xoşbəxt yaşama hüququnun reallaşması hakimiyyətin öhdəliyidir, missiyasıdır. Lakin vətəndaşların da həmin hüquqların reallaşması üçün hər an, hər gün mübarizə aparmaq öhdəliyi var.

Ən demokratik ölkələrdə də vətəndaşların öz hüquq və azadlıqları uğrunda mübarizəsi onların gündəlik həyat tərzidir. Başqa cür ola da bilməz. Hüquqları uğrunda mübarizə aparmayan insan hüquqsuz yaşamağa məhkumdur...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar