DÜNYA ELMİNİN TANINMIŞ SİMALARI BAKIYA TOPLANIR - UNEC İqtisadi Forumuna kimlər qatılacaq, nələr müzakirə olunacaq?

Xəbər verdiyimiz kimi, 1-3 dekabr tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və digər təşkilatlarla birgə UNEC İqtisadi Forumu Bakı 2021 (UNEC Economy Forum Baku 2021) təşkil olunacaq.

Əhatə dairəsini, dünya miqyasında tanınmış xeyli sayda elm adamının, tədqiqatçı alimin iştirakını, ölkənin bir sıra nazirliklərini, həmçinin özəl və dövlət təşkilatlarının rəhbərlərinin, yerli və beynəlxalq sənaye ekspertlərinin ən yüksək səviyyədə təmsil olunmasını, eləcə də iştirakşıların sayını nəzərə alsaq, Forumun Azərbaycanın elm tarixində ən əhəmiyyətli hadisələrdən biri olacağını söyləyə bilərik.

Tədbirə qatılanların arasında yalnız Nobel mükafatı laureatları Prof. Dr. Aziz Sancar və Prof.Dr. Muhammad Yunusun adlarının olması kifayət edir ki, UNEC İqtisadi Forumunun beynəlxalq elm ictimaiyyətinin diqqət mərkəzində olan əsas hadisələrdən birini çevirsin.

Qeyd edək ki, Forum rəqəmsal iqtisadiyyatın asanlaşdırılması kimi post-pandemiya dövrü üçün müəyyən olunan mərhələləri, eləcə də Azərbaycanın sosial-iqtisadi transformasiyaları əhatə edən müstəqillik yolunu əks etdirəcək.

Bundan əlavə, Forum, aparıcı dövlət və özəl təşkilatları, eyni zamanda təcrübəli sənaye mütəxəssislərini bir araya gətirəcək. Bununla da, iştirakçılara ən son iqtisadi və sosial inkişaf, çağırışlar və imkanları müzakirə üçün platformanı təmin etmiş olacaq. Forum çərçivəsində rəsm sərgisi, şəhər gəzintisi, elm adamları ilə görüşlər və s. kimi müxtəlif tədbirlər nəzərdə tutulmuşdur.

Forumun əsas şüarı “Zəfər Yolu” olaraq müəyyənləşdirilib. Forumda aşağıdakı mövzular çərçivəsində müzakirələr aparılacaq:

- Dəyişən qlobal iqtisadi sistemdə necə üstün mövqe tutmalı;

-Qlobal iqtisadi artım üçün əsas problemlər;

- Yüksək texnologiyalı istehsal ekosistemi;

- İqtisadiyyatın rəqəmsal transformasiyası;

- Yaşıl iqtisadiyyat və davamlı inkişaf;

- Sosial təminat;

- Biznes;

- Post-pandemiya dövrünün iqtisadi çətinlikləri;

- Pandemiya sonrası biznesin transformasiyası;

- Azərbaycan iqtisadiyyatının keçmişinə və gələcəyinə baxış;

Forum çərçivəsində 3 gün ərzində 5 panel üzrə müzakirələr gedəcək. Panel müzakirələri “Gülüstan” sarayında keçiriləcəkdir.

Hər bir paneldə dünyanın tanınmış elm mərkəzlərindən dəvət olunan alimlərin, nazirlərin, həmçinin özəl və dövlət təşkilatlarının rəhbərlərinin, tanınmış yerli və beynəlxalq sənaye ekspertlərinin iştirakı, eləcə də seçilən mövzular Forum çərçivəsində maraqlı müzakirələrin baş tutacağına zəmanət verir.

Qeyd edək ki, panellər aşağıdakı kimidir:

PANEL 1: Azərbaycanın gələcək inkişaf strategiyası: qlobal trendlər və yerli faktorlar

PANEL 2: Post-pandemiya dövründə elm və təhsil

PANEL 3: İqtisadiyyatın rəqəmsal transformasiyası: Yeni çağırışlar, yeni imkanlar

PANEL 4: Post-pandemiya dövründə biznes transformasiyası

PANEL 5: Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya

Dekabrın 1-də panellər üzrə müzakirələr başlamazdan öncə Forum iştirakçıları Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcək.

Ziyarətdən sonra – günün birinci yarısında Nobel mükafatı laureatı Aziz Sancarın alimlərlə görüşü olacaq. Görüşdə Nobel mükafatı laureatı Aziz Sancar öz təcrübələrini alimlərlə bölüşəcək. Elm adamı olmaq yolunda hansı mərhələlərdən keçməli, yaxşı bir tədqiqatçı olmaq üçün nələrə sahib olmalı və s. bu kimi məlumatları auditoriya ilə paylaşacaq.

Forumun ilk günü nahardan sonra Azərbaycanın gələcək inkişaf strategiyası: Qlobal trendlər və yerli faktorlaradlı birinci panel üzrə müzakirələr başlayacaq.

Birinci Panelin spikerləri Forumun sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov, Kozminiski Universitetinin professoru (Polşa) Grzeqorz Vitold Kołodko, UBS Bankının Strategiya departamentinin rəhbəri (İsveçrə) Massimiliano Castelli, Bayes Biznes Məktəbinin Strategiya və rəqəmsal transformasiya üzrə professoru (Birləşmiş Krallıq) Gianvito Lanzolla, “McKinsey & Company”-in Moskvadakı baş tərəfdaşı (Rusiya) Yermolai Solzhenitsyna olacaq.

Panelin spikerləri Azərbaycanın 30 illik müstəqllik dövründə keçdiyi inkişaf yolundan və Azərbaycanın gələcək inkişaf strategiyası ilə bağlı planları müzakirə edəcəklər. Ölkənin inkişaf strategiyasına qlobal trendlərin və yerli faktorların təsirlərindən danışılacaq və mövzu ilə bağlı auditoriyanı maraqlandıran suallara cavab veriləcəkdir.

Paneldə moderator Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) prorektoru Neman Muradlı olacaq.

Birinci panel başa çatdıqdan sonra alim və tədqiqatçıların Kozminiski Universitetinin professoru (Polşa) Grzegorz W. Kolodko ilə görüşü olacaq. 

Polşanın Maliyyə naziri postunda çalışmış, iqtisadçı, professor Grzegorz W. Kolodko alim və tədqiqatçılarla keçirəcəyi bu görüşdə tədqiqat sahəsində qazandığı uğurları auditoriya ilə bölüşəcək. Professor Kolokdo sual-cavab sessiyasında alim və tədqiqatçıları maraqlandıran sualları cavablandıracaqdır.

Forumun ikinci günü- dekabrın 2-də iki panel üzrə müzakirələr keçiriləcək.

Günün birinci yarısında “Post-pandemiya dövründə elm və təhsil” adlı ikinci panel üzrə müzakirələrə start veriləcək. Burada COVID-19 pandemiyası dövründə ən çox təsirlənmiş sahələrdən biri olan təhsil sahəsinin post-pandemiya dövründəki vəziyyətinə dair müzakirələr aparılacaq.

Panelin spikerləri Forumun sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov, Nobel mükafatı laureatı, professor (ABŞ) Aziz Sancar, Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev, YÖK rəhbəri (Türkiyə) Erol Özvar, Helmholtz Zentrum München Tədqiqat İnstitutunun professoru (Almaniya) Məsud Əfəndiyev və "Ali İqtisadiyyat Məktəbi" Milli Tədqiqat Universitetinin Təhsil İnstitutunun direktoru (Rusiya) İsak Froumin olacaq.

Panelin spikerləri bu paneldə post-pandemiya dövründə elm və təhsilin vəziyyətini təhlil edəcək və auditoriyanın suallarını cavablandıracaqlar.

İkinci panel yekunlaşdıdan sonra Forumda media brifinqi, kitab təqdimatı və rəsmi müqavilələrin imzalanması həyata keçiriləcək.

Günün ikinci yarısında isə Forum öz işini gənc tədqiqatçıların və Tədqiqat Mərkəzlərinin rəhbərlərinin «SPRINGER» nəşriyyat şirkətinin iqtisadiyyat üzrə redaktə məsələləri direktoru Christian Rauscher ilə görüşü ilə davam etdirəcək.

Qeyd edək ki, son illərdə tədqiqatçıların müxtəlif indeksli jurnallarda məqalələrinin çap olunması geniş vüsət almışdır. «SPRINGER» nəşriyyat şirkətinin iqtisadiyyat üzrə redaktə məsələləri direktoru Christian Rauscher gənc tədqiqatçılar və tədqiqat mərkəzlərinin rəhbərləri ilə fikir mübadiləsi aparacağı bu görüşdə mövzu ətrafında geniş müzakirələr aparılacaq, qaranlıq məqamlara cənab Rauscher tərəfindən aydınlıq gətiriləcəkdir.

Forumun ikinci günü iştirakçıları “İqtisadiyyatın rəqəmsal transformasiyası: Yeni çağırışlar, yeni imkanlar” adlı ücüncü panel üzrə də maraqlı müzakirələr gözləyir.

Panelin moderatoru Holon Texnologiya İnstitutunun kiber şöbəsinin rəhbəri (İsrail) Dr. Harel Menashri olacaq.

Panelin spikerləri isə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev, Edgelands İnstitutunun həmtəsisçisi, baş əməliyyat direktoru (Kanada) Danil Kerimi, Türkiyə Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini (Türkiyə) Lutfihak Alpkan, BP-də Sistem Arxitekturası üzrə Rəhbər Qaret Key

Rəqəmsallaşan dünyamızda iqtisadiyatın rəqəmsal transformasiyası məsələləri son dərəcə diqqət mərkəzindədir. Panelin spikerləri bu mövzu ətrafında yeni çağırışlar və yeni imkanları müzakirə edəcək, auditoriyanı maraqlandıran suallar cavablandırılacaqdır.

Forumun sonuncu- ücüncü günü də iştirakçları maraqlı müzakirələr gözləyir. Belə ki, günün birinci yarısı “Post-pandemiya dövründə biznes transformasiyası” adlı 4-cü paneldə COVID-19 pandemiyası ilə mübarizə müddətində ən çox zərər görmüş biznes subyektlərinin problemləri diqqət mərkəzində olacaq.

Panelin spikerləri post-pandemiya dövründə biznesin transformasiyası modellərini ətraflı şəkildə müzakirə edəcək və auditoriyanı maraqlandıran suallara cavab verəcəklər.

Qeyd edə ki, dördüncü panelin moderatoru Veon şirkətinin Rəqəmsal və Yeni Biznesin İnkişafı üzrə vitse-prezidenti (Rusiya) George Held olacaq.

Panelin spikerləri isə Nobel mükafatı laureatı, professor (Banqladeş) Məhəmməd Yunus,Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, "Paşa Holdinq"-in baş icraçı direktoru Cəlal Qasımov, Meyvəçilik üzrə Bodensee Kompetensiya Mərkəzinin icraçı direktoru (Almaniya) Manfred Büchele, BP-də Kommunikasiyalar, Xarici Əlaqələr, Strategiya və Region üzrə Vitse-Prezident Bəxtiyar Aslanbəyli olacaq.

Dördüncü panel yekunlaşdıqdan sonra media brifinqi, kitab təqdimatı, rəsmi müqavilələrin imzalanması keçiriləcək.

Forimun “Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” sonuncu –beşinci paneli isə dekabrın 3-də günün ikinci yarısı keçiriləcək.

Panelin moderator Qarabağ Dirçəliş Fondunun İdarə heyətinin sədri Rəhman Hacıyev olacaq.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, ATİB-in İdarə heyətinin sədri Camal Yangın, Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbəri Təbriz Əmmayev isə 5-ci panelin spikerləri olacaqlar.

Paneldə İşğaldan azad olunmuş Qarabağ torpaqlarına planlaşdırılmış böyük qayıdış panelin spikerləri tərəfindən geniş şəkildə müzakirə ediləcək. Qarabağda dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiyanın və yaradılacaq infrastrukturun əhəmiyyəti məsələlərinə toxunularaq bu mövzuda auditoriyanı maraqlandıran suallara cavab veriləcəkdir.

Panel üzrə müzakirələr bitdikdən sonra – günün sonunda Gülüstan Sarayında Nobel mükafatı laureatı Aziz Sancarın 75 illik yubileyinə həsr olunmuş ziyafət keçiriləcək.

Forum başa çatdıqdan sonra - 4 dekabr tarixində qonaqların Qarabağa səfər etməsi də tədbirin proqramına daxil edilib. Səfər zamanı44 günlük Vətən Müharibəsində Müzəffər Ordumuzun düşmən tapdağından azad Qarabağ və onun iqtisadi potensialı haqqında geniş məlumatlar veriləcəkdir.

Qeyd olunanlar UNEC İqtisadi Forumu Bakı 2021-in elm tariximizin ən önəmli hadisələrindən birinə çevirələcəyini gözləməyə əsas verir.

E. İsmayıllı

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusunda hazırlanmışdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar