MİR MÖVSÜM AĞA ZİYARƏTGAHINDA BİR GÜN... - Ziyarətgahda hansı qadağalar var? (REPORTAJ + FOTOLAR)

Son günlər bəzi KİV-də, sosial şəbəkələrdə Mir Mövsüm Ağa ziyarətgahına kənardan qurbanlıq heyvan gətirməyə icazə verilmədiyi ilə bağlı xəbərlər yayılıb. Vətəndaşlar qeyd edirlər ki, ziyarətgaha alıb apardıqları heyvanı orda kəsməyə icazə verməyiblər. Məscidin səlahiyyətli şəxslərindən biri onlara deyib ki, ziyarətgahda satılan və çəkisi 10 kiloqramdan artıq heyvanların kəsilməsinə icazə var.

“AzPolitika.info”nun əməkdaşı şikayətləri araşdırmaq üçün Şüvəlan qəsəbəsində yerləşən Seyyid Əli Mir Mövsüm Ağa ziyarətgahına yollanıb.

Qeyd edək ki, bu ərazi Azərbaycanda insanların ən çox ziyarət etdiyi müqəddəs yerlərdən biridir. Yüzlərlə insan Mir Mövsüm Ağanın məzarını ziyarət edir, qurban kəsdirir, niyyətlər edir, nəzir verirdi. Bizim niyyətimiz olmasa da, digər insanlar kimi böyük nəzir qutularından birinə pul atmamış, ziyarətgahdan ayrılmaq istəmədik. Ümid edirik ki, nəzirimiz ehtiyacı olan şəxsə gedib çatacaq.

Məsciddən çıxdıqdan sonra ziyarətgahdan bir qədər aşağıda, qurbanlıqların kəsidiyi əraziyə yollandıq. Qurban kəsimi zamanı təmizliyə və bütün gigiyenik qaydalara riayət olunur.

Ziyarətçilər qurbanlıqlarını seçdikdən sonra ödəniş edirlər və onlara nömrə verilir. Səsgücləndirici ilə növbəsi olan şəxs qəssabın yanına yaxınlaşır və ona istəklərini bidirir. Xatırladaq ki, kənar şəxslərin qurbanın kəsildiyi yerə daxil olmasına icazə verilmir. Onlar yanlız çöldə şüşə platformanın arxasında dayanaraq, prosesi izləyə bilərlər.

Adının gizli qalmasını istəyən ziyarətgahın işçisi,“AzPolitika.info”nun əməkdaşına bildirdi ki, kənardan qurbanlıq gətirməyə heç bir qadağa yoxdur: “Bəzi yanlış anlaşılmalar ola bilər, amma sizə tam əminliklə deyirəm ki, qurbanın kənardan və ya burdan alınmasının heç bir fərqi yoxdur, əsas niyyətdir: “Amma kənardan gətirilən heyvanlarla bağlı bəzi şərtərimiz var. Kənardan qurbanlıq gətirənlər kəsim və doğrama üçün 10 manat pul ödəməlidir. Burda satılan heyvanların kəsilməsi və doğranması xidməti isə pulsuzdur. Həmçinin, kəsilən heyvanın başı, içalatı və dərisi bizə qalır, vətəndaşa verilmir”.

Həmsöhbətimiz qeyd edir ki, burda İslam qanunlarına uyğun olaraq, yaşı 8 aydan, çəkisi 10 kiloqramdan az olan heyvanların kəsilməsinə icazə verilmir: "Hazırda quzuların qiyməti 240-340 manat aralığında dəyişir. 14-15 kiloqram çəkisi olan heyvanın qiyməti təxminən 220-240 manatdır. Kəsilib, təmizlənmiş heyvanın ətinin kilosu isə 16 manat 50 qəpikdən satılır. Gün ərzində burda yüzə yaxın qurban kəsilir”.

Qeyd edək ki, ziyarətgahda olduğumuz müddətdə 2 vətəndaş rahat şəkildə kənardan gətirdiyi qurbanı ödəniş etdikdən sonra kəsdi. Onlara hər hansısa qadağanın olması bildirilmədi.

İlahiyyatçı Hacı Rüfət Qarayev “AzPolitika.info”ya bildirib ki, İslamda ən vacib qurban İsmayıl qurbanıdır ki, onun xüsusi kəsim yeri var: “Həcdə olan insanlar bu qurbanı mütləq Minada kəsməlidirlər. Dində də İsmayıl qurbanının həmin yerdə kəsilməsi məqsədəuyğun hesab olunur”.

İlahiyyatçı qeyd edir ki, Həccə gedə bilməyənlər imkan daxilində yaşadıqları şəhərdə, kənddə qurbanlarını kəsə bilərlər: “Nəzir qurbanı isə insanların niyyətindən asılıdır. Burda məqsəd Mir Mövsüm Ağaya qurban demək deyil. Məqsəd bu ziyarətgahı müqəddəs bir məkan kimi niyyət edərək, ”Bizim Allahdan bir istəyimiz arzumuz var, həyata keçsin bizdə bu qurbanımızı aparıb Mir Mövsüm Ağanın ziyarətgahında kəsəcəyik” demələridir. Bu qurban yaxşı olar ki, niyyət olunan məkanda kəsilsin. Əgər həmin məkanda şərait olmazsa, şəxsin o yerə getmək imkanı yoxdursa, yaşadığı yerdə də qurbanını kəsə bilər. Qurbanın kəsilməsində məqsəd Allaha yaxınlaşmaqdır. “Qurani Kərim” də bir ayədə Allah buyurur ki, “Sizin kəsdiyiniz qurbanın nə əti, nə qanı Allaha çatmaz, Allaha çatan sizin təqvanızdır”. Yəni etdiyiniz niyyəti həyata keçirməyinizdir. Qurbanın ehtiyac sahibinə çatması mütləqdir”.

Elvin Bəyməmmədli

“AzPoltika.info”




635x100

Şərhlər

Camaat 2021-12-09 10:50:30

Köhnə ateistə :Sizin fikrinizlə tam razıyam.Biz belə qafalarla hara gedirik.Bu millət nə vaxt bu cəhalət yuxusundan ayılacaq?

Köhnə ateistə 2021-12-07 22:15:47

Seyidlər Əhli-Beytlə bağlı olduqlarından cəmiyyət tərəfindən onlara hörmət və ehtiram göstərilməlidir. Ancaq seyidlərin evlərinin, məzarlarının, onlara aid olan əşyaların sitayiş obyektinə çevirmək günahdır, küfrdür və şirkdir. mla

Köhnə ateist 2021-12-07 17:42:07

İslam dinində ziyarətgahlar yoxdur, ibadəygahlar var. Yox əgər varsa, ancaq Kəbədir. Etiraz edənlər varsa, xahiş edirəm ki, Peyğənbərimizin dövründə mövcud olmuş bir ziyarətgahın adını bildirsinlər.

kasıb 2021-12-07 15:48:28

Allahşükürün var dövləti belə ziyarətgahların hesabına yaranıb.

İsmayıl 2021-12-07 14:01:43

İlahiyyatçı Rüfət Qarayev ziyarətçilərin Allaha şərik qoşmaqdan uzaq olduqlarını bildirməkdən ötrü əməlli-başlı açıqlamaya gedib. Haqq gəlir,batil yox olur. Əvvəl belə açıqlamalara ehtiyac duymurdular.Qurban yalnız Allaha kəsilir ey insanlar,qula deyil....

JJ 2021-12-07 13:21:04

Bu cur buddist mebedlerini legv eliyib onun statusunu adi bir mescide cevirmek lazimdi, bu qeder avamliq olmaz. Dinde bele sheyler yoxdu

Camaat 2021-12-07 10:53:52

O müqəddəs ziyarətgahıda bazara döndərdilər.Kiloqramı16-17 manata da ət olar ay alverçilər ?

Aborigen 2021-12-07 10:27:19

"Kəsilib, təmizlənmiş heyvanın ətinin kilosu isə 16 manat 50 qəpikdən satılır. Gün ərzində burda yüzə yaxın qurban kəsilir”. Əldə edilən vəsait hara və necə xərclənir?"

Son yazılar