2018-ci ildən etibarən Azərbaycana çoxsaylı hibrid avtomobillərin gətirilməsi ölkənin avtomobil parkında onların payını əhəmiyyətli şəkildə artırıb. Bu cür maşınlara marağın əsas səbəbi qiymətin münasib, yanacaq sərfiyyatının isə az olması ilə bağlıdır.
Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, cari ilin 10 ayı ərzində ölkəyə 61 milyon manat dəyərində 10 033 ədəd hibrid avtomobil gətirilib. Ölkəyə daha çox Koreya və Yaponiya istehsalı olan "Toyota prius", "Toyota Corolla" markalı avtomobillər idxal olunur. Bu avtomobillərin istismar müddəti 5-10 il aralığında dəyişir. Onlar yerli bazarda 13-20 min manat aralığında alıcılara təklif olunur.
Vergi Məcəlləsinə edilən dəyişiklikdən sonra bu avtomobillər gömrük rüsumundan azad edilib. Belə ki, 2022-ci il yanvarın 1-dən istehsal tarixi 3 il, mühərikinin həcmi 2500 kubsantimetrə qədər olan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə vergidən azad olunub. Vətəndaşlar hibrid avtomobillərin keyfiyyətindən razı qalsalar da, kredit şərtlərinin ağır olduğunu deyirlər.
Taksi fəaliyyəti ilə məşğul olan Rəşad Mahmudov "AzPolitika.info"-ya bildirib ki, rahatlıq baxımından hibrid avtomobillər çox əlverişlidir: "Taksi fəaliyyəti ilə məşğul olanların yanacaq xərcləri çox olur. Amma hibrid avtomobillə 20 manatlıq yanacaqla günboyu çalışmaq mümkündür".

Seymur Həsənov isə qeyd edir ki, hibrid avtomobillər yaxşı olsa da, qiyməti əlçatan deyil: "Düşünürəm ki, kredit şərtlərinə müəyyən qədər güzəştlər edilsə, hər kəs rahatlıqla bu maşınıları əldə edə bilər".
Nəqliyyat eksperti İlqar Hüseynli "AzPolitika.info"-ya bildirib ki, hibrid avtomobillərin gömrük rüsumundan azad edilməsi, vətəndaşların belə nəqliyyat vasitələrinə marağını artıracaq: "Araşdırmalara əsasən, ekologiyaya ən çox yanacaqla işləyən avtomobillər zərər vurur. Lakin hibrid avtomobillər "ekologiyanın dostu" hesab olunur. Çünki bu maşınların iş mexanizmi elə qurulub ki, 60 km-ə qədər yanacaqdan istifadə etmədən elektrik enerjisi ilə çalışa bilir. Eyni zamanda çalışıdğı müddət ərzində enerji depolayır. 60 km-dən yuxarı sürət həddi ilə hərəkət edən zaman isə alternativ yanacaq vasitələrindən istifadə edir. Onsuz da böyük şəhərlərdə nəqliyyat sıxlığı olduğundan, 60 km sürət həddini aşmaq olmur. Eyni zamanda bu sistem sürücülərin sürət hədinə və təhlükəsizlik qaydalarına əməl etmələrinə şərait yaradır".
İ.Hüseynlinin sözlərinə görə, artıq əksər ölkələr yanacaqla işləyən avtomobillərdən istifadəni azaltmağı planlaşdırır: "Məsələn, Belçikada hökumətin qəbul etdiyi qərara əsasən, yanacaqla işləyən avtomobilini satışa çıxaran hər bir vətəndaşa dövlət 900 avro ödəyəcək. Hökumət bu yolla avtomobillərin istifadəsini məhdudlaşdırmaq istəyir. Düşünürəm ki, ölkəmizdə də belə stimullaşdırıcı tədbirlərlə ekoloji və maddi baxımdan əlverişli olan hibrid avtomobillərə marağı artırmaq olar".
Elvin Bəyməmmədli
"AzPolitika.info"
Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda hazırlanmışdır.


Şərhlər
Ay ekspertlər! Hibrid nəqliyyat texnikanın dünənki sözüsür! Eloktromobilə keçmək lazımdır! gürcüstanda iri bir zavod tikilir. Bu gün-sabah işə düşəcək. Bizim benzin mafiyası buna imkan verədi. Nə zaman Azərbaycanda şəhərdə, magistrallar boyu elektrik dolduma məntəqələri olacaq? Çində yeni satılan hər 3 nəqliyytdan biri elektodur, Bu məsələni qaldırın. Gələcəyin nəqliyyatı hibrid yox. elektronəqliyyatdır. Hətta avtobuslar, iri yük avtomobilləri belə. elektrikə keçir. Biz yenə hamıdan geridəyik....Çox təssüf