Bu günlərdə Bakının 9 və 117 nömrəli orta məktəblərində müəllimlərin şagirdlərə qarşı rəftarı gündəmdədir. Belə ki, 9 nömrəli məktəbin direktoru Zinyət Əhmədovanın məktəbin foyesində şagirdlərə əl qaldırması müşahidə kameralarına düşüb. Xəzər rayonu Binə qəsəbəsində yerləşən 117 saylı məktəbdə isə fiziki tərbiyə müəllimi şagird Leyla Əliyevanın başını dəfələrlə divara çırpıb və nalayiq ifadələr işlədib. Bu barədə şagirdin anası məlumat verib.
9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntü ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb. Araşdırmanın nəticələrinə əsasən, məktəbin direktoru Zinyət Əhmədovaya “Müəllimlərin etik davranış Qaydaları”nın tələblərini pozduğuna görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib. Həmçinin, 117 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən fiziki tərbiyə müəllimi intizam məsuliyyətinə cəlb olunub.
Paytaxtın iki məktəbində müəllimin şagirdi döyməsi və başını divara çırpması cəmiyyətdə haqlı narazılığa səbəb oldu. Lakin təəssüf ki, aidyyəti qurumlar bu məsələyə kifayət qədər həssaslıqla yanaşmır. Sual olunur, müəllim hansı əsasla şagirdi döyə, ona işgəncə verə bilər? Belə müəllimlər niyə işdən azad edilmir?
Mövzu ilə bağlı "Redaktor.az" saytının suallarını cavablandıran Milli Məclisin deputatı, təhsil eksperti Etibar Əliyev bildirib ki, müəllim tərbiyə etmək funksiyasını öz üzərindən atmamalıdır:
“Bütün dünyada məktəbin qorunması üçün ciddi işlər aparılır. Keyfiyyətli təhsil mühiti anlayışı həm də şagird-müəllim, müəllim-valideyn münasibətlərini özündə ehtiva edir. Məktəblərdə psixoloji gərginliyin azaldılmasında direktorların rolu böyükdür. Və məktəb psixoloqlarının hazırlanmasına ciddi diqqət yetirmək lazımdır. Məktəblərdə nizam-intizam qaydalarının pozulmasında şagirdlərin mobil telefonlara ifrat dərəcədə aludə olmalarının da rolu az deyil. Şagirdlər biliklərə yiyələnməli, fiziki hazırlığa cəlb olunmalı və tərbiyə almalıdır. Tərbiyə konsepsiyasına yenidən baxılmalıdr. Müəllim şagirdinə öz övladı kimi yanaşmalıdır. Valideyn-müəllim münasibətləri sivil formada tənzimlənməli, şagird ayrıseçkiliyinə yol verilməməlidir. Məktəbə mütəmadi olaraq alimlər, yazıçılar dəvət olunmalıdırlar. Pandemiya ilə əlaqədar məktəblərdə maarifçilik işləri bir qədər səngidi. Hər halda müəllim tərbiyə etmək funksiyasını öz üzərindən atmamalıdır. Şagird davranışlarındakı neqativ halları hiss edirik. Təsadüfi deyildir ki, klassik pedaqoqlar tərbiyə faktorunu təhsildən önə çəkirdilər".
Deputat bildirib ki, indi bir sıra ölkələr çağımızın tələblərinə uyğun olaraq yeni tərbiyə konsepsiyası hazırlayır:
"Məktəb icbari təhsil pilləsinin şagirdlərinin davranışını xüsusi olaraq diqqətdə saxlamalıdr. Peşə təhsili təşviq olunmalıdır. Hər bir valideynin məktəbdən gözləntisi var. Məktəblə cəmiyyət arasında qarşıdurmanın yaranmasına meyilli insanlar da az deyil. Bunun səbəbləri araşdırılmalıdır. Sosial şəbəkələr şagirdlərimizin fənn olimpiadalarındakı uğurlarını işıqlandırmır. Lakin məktəbdə hər hansı xoşagəlməz hadisələri manipulyasiya edirlər. Hər halda neqativ halların baş verməməsi üçün qabaqlayıcı tədbirlər görülməlidir. Şagirdlərin dərsdən yayınması hallarının qarşısı alınmalıdr. Valideynlər uşaqlarının dərsdən sonrakı davranışları ilə maraqlanmalıdırlar. İndiki dövrdə müəllimin tənbeh olunmasının tərəfdarı deyiləm. Baş verən hadisənin səbəblərini araşdırmaq lazımdır. Müəllimin gözdən salınması yaxşı hal deyil. O, şagirdləri arasında nüfuzunu itirir. Bütün dövrlərdə cəmiyyət həmişə müəllimin tərəfində olub. Ancaq müəllimlər də ehtiyatı əldən verməməli, emosiyalarını cilovlamalıdırlar. Ötən əsrin məktəbi ilə indinin məktəbi eyni deyil”.


Şərhlər
Bu yazılarım müəllimlərə deyil. Təhsil Nazirliyinədir. 5ci sinif texnologiya kitabına baxanınız olub heç? Texnologiya deyil, başdan ayağa, xarratlıq dərsidir. Bu dərsliyi kim təsdiq edib? Bunun harası texnologiyadır? Bütün müəllimlər dərsdən əlavə vəsaitlə dərs keçir, 4-5 əlavə kitab andırır. Əgər Nazirliyin dərs proqramı yetərsizdirsə bunu bildirin ki, valideyin də işini bilsin. Gündə DİM test kitablarından 20-50 aradı test verirlər evə. Bu uşaqların sosyal həyatı ol olmamalıdır? Danışanda hər şey gözəl səslənir Azərbaycanda, amma işin içinə girən kimi görürsən ki, hər şey göstərməlidir.
Sokrat deyib ki, valideynlərim məni göydən yerə endirib, müəllimlərim isə yerdən göyə qaldırıb. Yəni müəllimlər də valideyinlər kimi çox böyük hörmətə malik insanlardır. Müəllimlər hər bir insanın şəxsiyyət kimi formalaşmasında danılmaz izlər buraxırlar. Mən bir yaşlı nəsilin nümayəndəsi bildirmək istəyirəm ki, bəli bizim vaxtımızda da müəllimlər bəzən şagirdlərə hirsləndikdə əl qaldırırdılar, lakin biz bunu heç vaxt evdə bildirmirdik. Əlbətdə ki mən müəllim tərəfindən şagirdlərə fiziki güc tətbiq edilməsinin tərəfdarı deyiləm, yalnız müəllim öz hərəkətlərində səmimi olmalı və şagirdi təhqir etməməlidir. Məgər valideynlər hirslənəndə öz evladlarını tənbeh etmirlər? Bu səbəbdən mən deputatla razıyam ki, müəllimlərin üzərinə bu qədər gedilməməlidir. Fikrimcə müəllim şagirdə bir şillə vurubsa bunu böyük bir faciyə kimi qabartmaq olmaz, sadəcə bu hərəkətin səbəbi araşdırılmalıdır.
Müellim seneti hemişe Müqeddes senet olub ve hemişe de Müqeddes olacaqdır.Bir çox hallarda müellime valideynden de artıq üstünlük ver dövrünün bir çox dahileri,ancaq müellim de gerek öğellim afına layiq olsun.Bir misal var :pis uşaq yoxdur pis valideyn var,yeni terbiyye verenin de gerekdir ki ,terbiyyesi olsun.