Azad Demokratlar Partiyası Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı bəyanat verib.
Sənədə deyilir:
Əziz həmvətənlər! Öz dövlət müstəqilliyini bərpa edərək müasir milli-azadlıq hərəkatının təməl mərhələsini uğurla tamamlayan, pozulmuş suverenliyi və ərazi bütövlüyü uğrunda apardığı məqsədyönlü mübarizəsini keyfiyyətcə yeni mərhələyə yüksəldən Azərbaycan xalqının mübarizə və döyüş əzmini sındırmaq məqsədilə keçmiş metropoliya, onun varisi Rusiya Federasiyası “Qanlı 20 yanvar”dan sonra 2-ci qanlı kütləvi cəza tədbirini həyata keçirmişdir. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə etnik təmizlik və “yandırılmış torpaq” siyasəti yürüdən düşmən Ermənistanın Silahlı Qüvvələri və havadarlıq etdikləri erməni separatçı-terrorçu dəstələri hamiləri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal etməklə qalmamış, kütləvi qorxu və psixoz yaratmaq, xalqın mübarizə və döyüş əzmini qırmaq niyyətilə etnik azərbaycanlılara, dinc mülki əhaliyə qarşı nümayişkaranə şəkildə soyqırımı törətmişdir.
Bu məşum barbarlıq aktı nəticəsində 106-sı qadın, 63-ü uşaq, 70-i də qoca olmaqla, 613 mülki şəxs xüsusi qəddarlıqla qətl edilmiş, 1275 şəxs girov götürülərək amansız işgəncələrə məruz qalmışdır. Bu şəxslərdən 68-i qadın, 26-sı uşaq olmaqla, 150-sinin taleyi bugünədək hələ də məlum deyildir. Həmin barbarlıq aktı zamanı 487 şəxs ağır bədən xəsarətləri almış, 8 ailə tamamilə məhv edilmiş, 130 uşaq valideyinlərindən birini, 25-i isə hər ikisini itirmişdir.
Bu gün xalqımızın XX əsrdə üzləşdiyi ən dəhşətli faciələrdən biri, bəşəriyyətə və insanlığa qarşı ağır cinayət, eyni zamanda hərbi cinayət olan Xocalı soyqırımından düz 30 il keçir. Artıq Azərbaycan Respublikasının müzəffər Silahlı Qüvvələrinin II Qarabağ Müharibəsində qalib gəlməsilə bu soyqırımın, ona məruz qalanların intiqamı böyük ölçüdə alınmışdır. Lakin neoimperialist Putin Rusiyasının “sülhməramlı” adı altında birbaşa hərbi müdaxiləsilə həm qələbəmizin tam və qəti olmasının, həm Xocalının azad olunmasının, beləliklə həm də soyqırımı qurbanlarının intiqamının tam alınmasının qarşısı alınmışdır. Üstəlik, bu soyqırımını planlayanlar, təşkil edənlər və həyata keçirənlər bügünədək azadlıqda, cəzasız qalmaqdadırlar.
Əziz həmvətənlər, bu gün ləyaqətli bir millət və dövlət olaraq başlıca vəzifəmiz düşmən üzərində tam və qəti qələbə çalmaq, başda Xocalı olmaqla, hələ də düşmən tapdağı altında inləməkdə olan bütün torpaqlarımızı işğaldan azad etmək, suverenliyimizi və ərazi bütövlüyümüzü tam bərpa emək, bütün məcburi köçkünləri öz doğma yurd-yuvalarına qaytarmaq, bu soyqırımının beynəlxalq səviyyədə tanınmasına nail olmaq və beləliklə, onun qurbanlarının acı çəkən narahat ruhlarını nəhayət hüzura qovuşdurmaq, bütün zərərçəkənlərinsə mənəvi, əxlaqi və ruhi-psixoloji yaralarına məlhəm çəkməkdir.
Tanrı bu yolda yar və yardımçımız olsun, başda Silahlı Qüvvələrimiz olmaqla, xalqımıza səbr və güc, bitirici tam və qəti qələbə imkan və fürsəti versin. Tanrı millətimizi, ordumuzu və dövlətimizi qorusun. Amin.


Şərhlər
Amin! Allah putinə lənət eləsin, Ukraynaya və digər dövlətlərə, Azərbaycana faşist rusiya üzərində tam qələbə qazanmağa kömək olsun. Amin!