Artıq xeyli vaxtdır ki, Azərbaycan mətbuatında hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin aylıq vəzifə maaşlarının (və yaxud vəzifə maaşlarına əlavənin) artırılması, lakin bu artımların əmək pensiyası almaq hüququ olan ehtiyatda və istefada olan hərbi qulluqçulara (xüsusi rütbəli şəxslərə) şamil edilməməsi geniş müzakirə edilməkdədir.
Müdafiə nazirinin sabiq müavini, ehtiyatda olan polkovnik Mehman Səlimov “AzPolitika.info”-ya açıqlamasında məsələyə münasibət bildirib və problemin səbəbini açıqlayıb.
M. Səlimov əvvəlcə qeyd etdi ki, ölkə Prezidentinin bir çox hüquq-mühafizə və güc strukturlarının hərbi qulluqçularının (əməkdaşlarının) aylıq vəzifə maaşlarının artırılması haqqında imzaladığı 23.12.2021-ci il tarixli Fərmanda nəzərdə tutulan 20 faizlik əlavə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara şamil olunur: “Əgər əvvəllər rəsmi qurumların nümayəndələri bu artımın əlavə olduğunu və bunun 01.01.2022-ci il tarixdən sonra ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə də şamil olunmayacağını da bildirirdilərsə indi bu arqument də onların əlindən çıxmışdır.
Belə ki, artıq birmənalı olaraq məlumdur ki, 01.01.2022-ci il tarixdən sonra ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə pensiya təyin olunarkən Azərbaycan Respublikası Prezidentinin bir çox hüquq-mühafizə və güc strukturlarının hərbi qulluqçularının (əməkdaşlarının) aylıq vəzifə maaşlarının artırılması (əlavələr) haqqında imzaladığı 23.12.2021-ci il tarixli Fərmanlarında göstərilən 20 faizlik artım (əlavə) da nəzərə alınır.
“Əmək pensiyaları haqqında” Qanunun 1.0.5 maddəsinə əsasən, hərbi qulluqçuların aylıq pul təminatı-hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.
Belə ki, qanunun bu maddəsinin tələbindən görünür ki, ehtiyatda və istefada olan hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin əmək pensiyalarında olan artımlar (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) hərbi qulluqçuların əmək haqlarında baş verən artımlarla birbaşa əlaqəlidir. Və bu 20 faizlik artım isə nə büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələrdir, nə də ki, digər ödənişlərə aiddir. Belə olan halda adı çəkilən 20 faizlik artımın (əlavənin) hazırda əmək pensiyası alan ehtiyatda və ya istefada olan hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə şamil edilməməsi bir paradoksdur”.
Daha sonra Mehman Səlimov 20 faizlik artımın (əlavənin) hazırda əmək pensiyası alan ehtiyatda və ya istefada olan hərbi qulluqçulara və xüsusi rütbəli şəxslərə şamil edilməməsinin günahının müvafiq nazirliklərdə deyil, Nazirlə Kabinetində olduğunu bildirdi: “Bir çoxları bunun günahını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində və Maliyyə Nazirliyində görürlər. Və həmin hüququ pozulan narazı şəxslər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı onların aldıqları əmək pensiyasının 20 faizlik artım (əlavənin) nəzərə alınmaqla yenidən hesablanması tələbinə dair məhkəmədə iddia qaldırmağa hazırlaşırlar. Bəri başdan deyim ki, həmin iddiaların heç biri təmin edilməyəcəkdir.
Ona görə təmin edilməyəcək ki, həmin iddiaların hüquqi əsasları yoxdur. Çünki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özbaşına əmək pensiyalarının yenidən hesablanmasını həyata keçirə bilməz.
Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin əmək haqqlarının artırılması haqqında 23.12.2021-ci il tarixli fərmanlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 114-cü maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanıdır. Həmin Fərmanın müvafiq maddəsi ilə bu Fərmandan irəli gələn məsələlərin həlli Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır.

Nazirlər Kabineti isə öz növbəsində müvafiq qərarı ilə əmək haqqları artırılmış qurumların (məsələn, Müdafiə Nazirliyi,Daxili İşlər Nazirliyi və s.) vəzifə-maaş cədvəlini təsdiqləyərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərməli idi. Həmin vəzifə-maaş cədvəlləri məxfi qrifli olur və Prezidentin 23.12.2021-ci il tarixli Fərmanları əmək haqqları artırılmış qurumlardan (məsələn, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və s.) pensiyaya çıxmış hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin vəzifələrinin adları və axırıncı əlavələr nəzərə alınmaqla yeni müəyyən edilmiş vəzifə maaşları göstərilməlidir. Və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumu ( Əmək və ƏSMN yanında DSMF-nin tabeliyindəki Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial ) vəzifə-maaş cədvəllərinə əsasən pensiyaların yenidən hesablanmasını həyata keçirir.
Azərbaycan Respublikası Prezidentinin 04.03.2022-ci il tarixli “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı ilə nəzərdə tutulmuş 10 % məbləğində aylıq maddi yardımı isə pensiyaların artırılması kimi qəbul etmək düzgün olmazdır.
Hesab edirəm ki, əmək pensiyaların 10 %-i məbləğində aylıq maddi yardımın ləğv edilməsi, bunun əvəzində isə qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının pensiyalarının AR Prezidentinin 23.12.2021-ci il tarixli Fərmanlarına əsasən artırılması daha düzgün və qanuna uyğun olardı. Və bunun üçün Prezidentin icra orqanı olan Nazirlər Kabineti 23.12.2021-ci il tarixli Fərmanların müvafiq bəndlərində nəzərdə tutulmuş irəli gələn məsələləri həll edərək Maliyyə və Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə müvafiq yazılı göstəriş verməlidir”.
Rasim
“AzPolitika.info“

Şərhlər
Maddi yardım şəxsin yazılı ərizəsinə əsasən verilə bilər!!!