Dünən Ukrayna prezidenti Volodimir Zelenski videoformatda Rusiyanın dörd tanınmış jurnalistinə - “Meduza”nın baş redaktoru İvan Kollakova, “Dojd” televiziyasının baş redaktoru Tikhon Dzyadkoya, müxalif jurnalist Mixail Zıqar və “Kommersant”ın müxbiri Vadimir Solovyevə rus dilində 90 dəqiqəlik müsahibə verib.
“AzPolitika.info” həmin müsahibənin maraqlı hissəsini oxuculara təqdim edir:
“Rusiya Mariupolda ukraynalı uşaqları oğurlayır. Kreml indiyə qədər ən azı 2000 uşağı oğurlayaraq Rusiyaya aparıb. Onların harada saxlanıldıqlarıyla bağlı heç bir dəqiq məlumat yoxdur. Bu uşaqlar arasında kimsəsiz və valideynini müharibə zamanı itirənlər var. Ancaq Rusiya başa düşməlidir ki, nəyinsə qarşılığında biz onlarla razılaşmayacağıq. Bu, sadəcə müharibə deyil, daha ağrılı bir vəziyyətdir. Bu bir ay ərzində Rusiya və Ukrayna arasında qlobal, tarixi, mədəni bağlar qopdu. Heç düşünmürəm ki, bu qədər hadisədən sonra iki ölkə arasında münasibətlər yenidən əvvəlki kimi olacaq”- deyə, Zelenski bildirib.
Prezident qeyd edib ki, hazırda Mariupolda böyük fəlakət yaşanır: “Şəhər Rusiya hərbçiləri tərəfindən mühasirəyə alınıb. Şəhərin bütün giriş və çıxışlar bağlanıb. Mariupol limanı isə minalanıb. Şəhərin daxilində humanitar fəlakət hökm sürür. Bu əraziyə qida, dərman, su aparmaq mümkün deyil. Çünki Rusiya hərbçiləri humanitar konvoyları atəşə tutur, sürücüləri öldürürlər. Ərazidə davamlı olaraq atəş səsləri eşidilir. Yarım milyondan artıq əhalisi olan şəhərdə binaların 90 faizindən çoxu yandırılıb və dağıdılıb. Ölmüş insanların cəsədləri şəhərin mərkəzində, yollarda, səkilərdə qalıb. Hazırda onları çıxarmaq mümkün deyil”.
Zelenski bildiirb ki, Rusiyanı bütün Ukrayna ərazisindən çıxarmaq mümkün deyil: “Bu, III-cü Dünya Müharibəsinə gətirib çıxara bilər. Mən hər şeyi mükəmməl başa düşürəm və bunu bilirəm. Ona görə də təklif edirəm ki, kompromisə gedək və hər şeyin başladığı yerə qayıdaq. Bundan sonra Donbas məsələsini həll etməyə çalışaq.
Bizim əsas prioritetlərimiz - qurbanların sayını minimuma endirmək, müharibəni qısa müddətdə bitirmək, Rusiya Federasiyasının qoşunlarını Ukraynadan çıxarmaq və Rusiyanın hücumdan əvvəlki mövqelərinə qayıtmasıdır”.
Zelenski Rusiya hökumətini Ukrayna Silahlı Qüvvələrinin Donbasa qabaqlayıcı zərbə planlaşdırdığını göstərən sənədləri saxtalaşdırmaqda ittiham edib: “Rusiya Müdafiə Nazirliyi martın 9-da Ukraynanın 2022-ci ilin martında bölgəyə hərbi hücum planlaşdırdığını iddia etdiyi sənədlər dərc edib. Nazirlik sənədlərin 22 yanvar tarixinə aid olduğunu və Ukrayna Milli Qvardiyasının komandanı, general-polkovnik tərəfindən imzalandığını bildirib. Bu, bir növ saxta sənəddir. Bizim bu barədə heç bir planımız yox idi. Biz ərazilərimizi hərbi yolla almaq fikrində deyildik. Ukraynanın Donbasa hücumunu göstərən bütün sənədlər 100 faiz saxtadır".
Ukrayna Putinin iki tələbini – Ukraynanın demilitarizasiyasını və “denasifikasiyasını” müzakirə etməyəcək: “Biz bunu ümumiyyətlə müzakirə etmirik. Bu məsələləri müzakirə etmək üçün ümumiyyətlə bir masa arxasına belə əyləşməyəcəyik. Mənim üçün bunlar tamamilə anlaşılmaz şeylərdir. Rusiya və Ukrayna arasında potensial razılaşma - təhlükəsizlik zəmanəti, neytrallıq və dövlətimizin qeyri-nüvə statusu ola bilər”- deyə, Zelenski bildirib.
“AzPolitika.info”


Şərhlər