Dağıstandakı məktəblərin birində Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsinə etiraz olunub.
“AzPolitika.info” xəbər verir ki, sosial şəbəkələrdə və mətbuatda geniş yayılan və böyük rezonans doğuran hadisənin Dağıstanın İzberbaş qəsəbəsindəki 11 nömrəli məktəbdə keçirilən buraxılış tədbiri zamanı baş verdiyi bildirilir.
Rusiyanın “Republic” media layihəsinin redaktoru Dmitri Kolezevin bildirdiyinə görə, yayımlanan videodakı şəxs sözügedən məktəbin 11-ci sinif şagirdi Zöhrə Albekovadır.
O, məktəbi bitirdiyinə dair attestatı alarkən, mikrafonu götürərək deyib: “Müharibəyə yox! Ukraynaya azadlıq! Putin şeytandır!”.
Maraqlıdır ki, tədbirə toplaşan şagirdlərin və valideynlərin əksəriyyəti bu cəsarətli qızı alqışlayıb.
Rusiya “teleqram” kanallarının yaydığı məlumata görə, Z.Albekovaya və onun anasına dərhal inzibati protokol yazılıb. Şagirdə yazılan protokol “orduya qarşı diskriminasiya”, anasına yazılan protokol isə onun “valideynlik vəzifələrini icra etməməsi” ilə bağlı olub.
Lakin rəsmi orqanlar hadisəyə dair hər hansı məlumat yaymayıblar. Əvəzində, video yayımlanandan qısa müddət sonra Z.Albekovanın və anasının “üzür videosu” təşkil olunub. Qorxduqları açıq-aşkar sezilən qız və anası həmin videoda baş verənlərə görə peşimançılıq keçirdiklərini bildirir. Albekovanın anası həmçinin, Putini dəstəklədiyini qeyd edir.
Xatırladaq ki, Rusiyanın Ukraynadakı hərbi işğal zamanı ən böyük tələfat verdiyi regionlar arasında Dağıstan ön sıralarda durur. Bu da Moskvanın müharibənin ön cəbhəsinə daha çox əyalətlərdə yaşayan milli azlıqların nümayəndələrini cəlb etmək, bir növ onları qırğına vermək siyasətilə bağlıdır. Bu səbəbdən belə görünür ki, Dağıstandakı məktəbin 11-ci sinif şagirdinin səsləndirdiyi fikirlər təkcə onun iradəsini və düşüncəsini əks etdirmir...
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər
Dağıstanın bir tərəfində günahsılz insanları,körpələri qətl etmək üçün "kadırovçular"rı hazırlayıb Ukraynaya göndərən Ramazan Kadırov, digər tərəfində isə zorakılıqla öldürülmüş körpələrin donmuş təbəssümlərindən qəhrlənən Zöhrə qızımızın səsi gəlir.Yəni,qardaş Dağıstan xalqı ,heç də Kadırov kimi düşünmür..