Tanınmış iqtisadçı, İqtisadi Təhlil İnstitutunun (İB) rəhbəri Məmməd Talıblının növbəti kitabı işıq üzü görüb.
“İqtisadi vektor və strateji seçim” adlı kitabının ilk fəsli Cənubi Qafqazın iqtisadiyyatına həsr edilib. Bu fəsildə müharibənin iqtisadi təsirlərindən tutmuş Qarabağa investisiya cəlb edilməsi yolları kimi aktual problemlər təhlil edilib.
İkinci fəsil bütünlüklə Rusiya iqtisadiyyatı və Rusiya-Azərbaycan münasibətlərinin iqtisadi-siyasi təhlili ilə bağlıdır. Burada Azərbaycanın Rusiya siyasi orbitinə daxil olmasının (və ya möhkəmlənməsinin) siyasi və iqtisadi nəticələri geniş şərh edilmişdir.
Üçüncü fəsildə Avroatlantik məkanın iqtisadi potensialları və Azərbaycanla Avropa İttifaqı əlaqələrinin perspektivləri fonunda Azərbaycanın strateji seçim alternativləri təhlil olunmuşdur. Burada, xüsusilə, uzun illər həlli yarımçıq qalmış Azərbaycanın ÜTT-yə üzvlüyü ilə bağlı problemlərin də səbəbləri göstərilmişdir.
Dördüncü fəsildə son illər Türkiyə iqtisadiyyatındakı problemlərin görünən və görünməyən səbəbləri dərindən təhlil edilmiş, Azərbaycan-Türkiyə iqtisadi əlaqələrinin inkişaf perspektivləri qiymətləndirilmişdir.
Nəhayət, sonuncu, qlobal iqtisadiyyata və meqatrendlərə həsr edilən beşinci fəsildə qlobal iqtisadi kiçilmə, qlobal borc böhranı, FED-in antiböhran siyasəti, ABŞ-İran münasibətlərinin Azərbaycana təsirləri, pandemiya zamanı dövlətin iqtisadi siyasəti və postpandemiyadan dövrünün qlobal gözləntiləri barədə qiymətli analizlər aparılmışdır.
Ümumilikdə götürsək, kitabda iqtisadçı Məmməd Talıblının Azərbaycanın xarici iqtisadi əlaqələrinin, son illərdə iqtisadi vektorunu hansı istiqamətə yönəltməsinin təhlili, ölkəmizin gələcəkdə etməli olduğu strateji seçimlərin əsaslandırılması ilə bağlı müstəqil düşüncələri yer almışdır. Eyni zamanda əsər müəllifin son ayların ən aktual mövzusu olan Rusiya-Ukrayna savaşı kontekstində Azərbaycanın getməli olduğu yola işıq salmaq cəhdidir. Kitab xüsusilə ictimai-siyasi vəziyyətlə maraqlananlara, ictimai xadimlərə və iqtisadçılara ünvanlanmış bir ərmağandır.
Hələlik 2 kitab evində müəllifin kitablarını əldə edə bilərsiniz.
“Kitabevim”, 28 May, Puşkin 32A (Dəmiryolu Xəstəxanası yaxınlığı), (055- 877 -24-44)
(https://www.facebook.com/kitabevimsebekesi)
“Papillon” KİTAB EVİ ilə əlaqə saxlamaq olar. Tariyel Əliyevlə əlaqə (050-574-74-01) saxlaya bilərlər. Bu kitab evi isə çatdırılma xidmətləri də göstərir. (https://www.facebook.com/tariyel.eliyev.3)




Şərhlər