Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyevin cinayət işi üzrə son məhkəmə prosesindən hazırlanan reportajdan belə aydın olur ki, Şıxəliyev məhkəmədə onun əməllərindən, cinayətlərindən zərər çəkmiş şəxsləri ona qarşı verdikləri ifadələrə görə təhqir və təhdid edir, hədələyir, onları küçə söyüşləri ilə söyür və sair.
Hətta son məhkəmədə ağır cinayətləri şahid ifadələrilə təsdiqlənən həmin bu “şanlı general” zərərçəkmişlərdən birini küçə söyüşlərilə söyəndən sonra dəmir barmaqlıqlar arxasından ona su şüşəsi də atıb. Yəni, özünü rütbəsinə, adına hörmət qoyan general yox, bir növ küçə adamı, xuliqan, adi narkotik taciri, yaxud cibgir kimi aparıb. Ancaq Azərbaycan reallığı üçün bu, adi haldır. Çünki bizdəki generalların bir qismi uzun illər general adına aid standart davranış, əxlaq, ləyaqət, mədəniyyət anlayışlarından zatən çox-çox uzaqlaşıblar. Onların bəzilərində isə bu kriteriyalar lap əvvəldən yerli-dibli olmayıb. Buna baxmayaraq, Şıxəliyev kimisi MTN generalı ola bilib. Belə baxanda da Eldar Mahmudov general, nazir, ölkənin “bir nömrəli çekist”i ola bilibsə, çovdarovlar, şıxəliyevlər, quliyevlər və digər paqonlu qoçufasonlar niyə general olmasınlar ki?...
Məhkəmədəki bütün bu qoçu davranışları hakimin, prokurorun gözü qarşısında baş verir. Zərərçəkənlər isə tez-tez hakimləri işi obyektiv, ədalətli aparmamaqda günahlandırırlar. Niyə? Çünki bu qanun keşikçiləri yenə də müstəqil deyillər. Çünki yenə onlar üçün əsas olan qanun, ədalət yox, tam başqa şeylərdir. Çünki bir zamanlar indiki hakimlərin və prokurorların əksəriyyəti hazırda müttəhim kürsüsündə oturan generallarla yuxarı-aşağı eyni “cərəyanı” təmsil ediblər, onların sifarişlərini yerinə yetiriblər, MTN adı gələndə isə girməyə dəlik axtarıblar və belə görünür ki, bu vərdiş və xof hələ də onların canındadır. Odur ki, bu və digər səbəblərdən MTN cəlladları, talançıları, rüşvətxorları, cinayətkarları həbsdə, yaxud azadlıqda olmalarından asılı olmayaraq, “həm suçlu, həm güclü”dürlər və bir vaxtlar əzib üstündən keçdikləri vətəndaşların üstünə bu gün də xoruzlana bilirlər...
Məsələn, bu gün Şıxəliyev düşünür ki, mənim nəyim Akif Çovdarovdan, Eldar Mahmudovdan və digər “generallar”dan əskik, yaxud artıqdır? Niyə onlar azadlıqda, mənsə həbsxanada olmalıyam (Baxmayaraq ki, belələri üçün həbsxana sanatoriya kimi bir şeydir)? Əslində, bu sualı verməkdə də tam haqlıdır və bunun cavabını da özü hamıdan yaxşı bilir...

Bəli, nə qədər ki, məhkəmələr, hakimlər, prokurorlar, rəislər və s. tapşırıqla, sifarişlə, göstərişlə, bir çox hallarda isə rüşvətlə işləyəcəklər, nə qədər ki, Eldar Mahmudov, Zakir Qaralov, Rüstəm Usubov və s. bu kimi “generallar” törətdikləri əməllərə, haqsızlıqlara, qanunsuzluqlara, cinayətlərə baxmayaraq, azadlıqda, öz keflərində, bizneslərində, istirahətlərində olacaqlar, nə qədər ki, Çovdarov və onun kimilər “3-5 gün yatıb” çıxa və ətrafa göz dağı verib, meydan oxuya biləcəklər, nə qədər ki, hələ də “MTN çətəsi” üzvləri bir yandan məhkəməyə cavabdeh şəxs kimi cəlb olunub, digər yandan rəsmən vəkillik hüququ qazanır, Vəkillər Kollegiyasına üzv təyin olunurlar və nəhayət, nə qədər ki, bütün bu xirtdəyə qədər cinayətə, günaha batmış adamlar yalnız kampaniya xarakterli “seçmə üsulu” ilə cəzalandırılırlar, bizim ədalət mühakiməsi sistemimiz “topal ördək” olaraq qalacaq! Və şıxəliyevlər, çovdarovlar və digərləri təkcə vəzifə başında olanda öz kabinetlərində yox, hətta dəmir barmaqlıqlar arasından da üstümüzə qışqıracaq, təhqir və təhdid edəcək, hədə-qorxu gələcəklər. Biz isə harada olmalarından asılı olmayaraq, onlardan qorxacağıq...
Bir müddət əvvəl mətbuatda MTN mafiyasının cinayətləri əsasında film çəkiləcəyinə dair məlumat yayıldı. Azərbaycan kinematoqrafiyasının indiki halını nəzərə alanda, filmin nə qədər uğurlu və maraqlı alınacağını indidən demək çətindir. Amma həmin filmə çox uğurlu ad seçilib - "Çaqqallar vadisi"...
Cəlal (Elxan) Məmmədov
“AzPolitika.info”

Şərhlər
Cəlal müəllim, sizi kimi dəyərli ziyalılarımızı Allah qorusun ! Cəlal müəllim vaxt tapıb, son 5-6 ildə Vəkilliyə və Hakimliyə yüksək bal toplayan namizədləri sıradan çıxardıblar, onları Vəkil və Hakim olmasına imkan verməyiblər ? Xahiş edirəm bu haqda yazın !
Oldun ol gündən ki, malik rütbeyi-əcdadına,
Düşmədi el qayğısından başqa bir şey yadına,
Ədlü dadə dad verdin, yetsin Allah dadına!
Yaxşı bir şöhrət qazandın adına, övladına;
Getdiyin yol, tutduğun niyyət həlal olsun sənə!
Verdiyin məşruteyi-millət həlal olsun sənə!
Görün bu mövlam şıxəliyev nə qədərqudurub ki, məhkəməni də saymır. Allah sənin cəzanı versin, bu qədər insanlara zülm etmisən yenə gözün doymur. Ay bədbəxt qismət olsa əgər 2 metr yer, 5 metr ağ parçadan başqa heç nə aparmayacaqsan.
AZERBAYCANDA RAMIZ KIMI ,ABEL KIMI akademiklar OLANDA ELDAR KIMI qenerallar da olar
Təşəkkür edirik Cəlal bəy, Allah sizi var eləsin! Nə yaxşı ki, sizin kimi müdrik, ziyalı və vətənpərvər oğullar var. Qisas qiyamətə qalmaz deyiblər. Biz kasıbların ahı bəzilərinin belini qırıb, üç-beş çaqqal qalıb ki, sıra onlara da gələcək. Allaha əmanət olun.
Eger belelerinin cezasını Qanun vere bilmese,onda emin olun Heyat özü verecekdir.çğnki yerlerin ve göylerşn Ulu sahşbş ve onun mizan terezisi var,gec eder güc eder.