Sentyabrın 2-də Azərbaycanın Xankəndi şəhərində mövcud olan qondarma, cinayətkar rejim "müstəqilliyinin" 31-ci ilini qeyd edir. Əslində bu gün Qarabağda baş verənləri, separatçı başbilənlərin, erməni rəsmilərinin və onların xaricdəki havadarlarının verdikləri bəyanatları oxuyanda "qeyd edir" ifadəsi yerinə düşmür. 

44 günlük müharibədə bütövlükdə Azərbaycan Ordusuna məğlub olmuş erməni cameəsi Qarabağdakı 29 illik "bespredelliyi" həsrətlə xatırlayır demək, daha doğru olardı.

Məhz bu "əlamətdar" gündə müharibədəki məğlubiyyətin erməni cəmiyyətinə nə qədər sarsıdıcı zərbə vurduğunu, dərin depressiya və ümidsilik yaratdığını daha aydın görmək olur. Həm də separatçılarla Ermənistan rəhbərliyi arasında, habelə iqtidar-müxalifət düşərgələrində qarşılıqlı nifrətin, siyasi düşmənçiliyin “iliyə qədər” işlədiyi də nəzərdən qaçmır.

Xarici havadarların "müstəqillik" təbriklərinin nə qədər az, sönük, boğazdan yuxarı, həvəssiz və ümidsiz yazılması isə ayrıca mövzudur. Məsələn, ABŞ Konqresinin Erməni Məsələləri üzrə Komissiyasının üzvləri Frenk Palon, Qus Bilirakis, Ceki Sper, Devid Valdao və Adam Şiff separatçı cinayətkar Arayik Arutyunyana yazdıqları məktub başdan-ayağa Azərbaycan-Türkiyə ittifaqına qarşı qəzəbli cümlələrlə doludur. Məktubda bir cümlə təbrikə həsr olunubsa, konqresmenlər qalan səylərini ABŞ administrasiyasına, beynəlxalq aləmə Türkiyə və Azərbaycana qarşı cəza tədbirləri görməyə çağırış etməyə sərf ediblər.

Separatçı cinayətkar A.Arutyunyanın bəyanatında ilk cümlədən sonra şikayət başlayır. Bu şikayətlər təkcə yüz illərdir ermənlərə xas olan məkrli sıtqınlık, əziklik deyil, həm də 44 günlük müharibənin vurduğu ağır zərbənin siyasi, psixoloji travmasının nə qədər dərinə işlədiyini, erməni separatizminin belini qırdığını nümayiş etdirir: "2020-ci ilin 44 günlük müharibə erməni xalqı üçün yeni fəlakətə çevrildi, minlərlə igid oğullarımızın həyatına son qoydu, bir çox taleləri şikəst etdi... Biz Ermənistanda yaşayan soydaşlarımıza və diaspora, Rusiya Federasiyasına – “artsax”da həyata keçirilən mühüm missiyaya görə daimi dəstəyə və bütün bu illər ərzində bizim yanımızda olan dövlətlərə, siyasi və ictimai xadimlərə minnətdar idik..."

Ermənistanın Baş naziri Nikol Paşinyanın 2 sentyabr tarixi ilə bağlı bəyanatı isə təbrik yox, mövcud situasiyanın bir qədər təhrif edilmiş konstatasiyası idi. Baş nazir 31 il əvvəl qəbul edilmiş bədnam müstəqillik bəyannaməsini o zamankı tarixi-siyasi şəraitdən irəli gələn zərurət adlandırsa da, müharibədən sonra yaranmış status-kvoya uyğun gəlmədiyini etiraf etməyə məcbur olur: "...soydaşlarımızın bu qərarı Sumqayıtda, Bakıda, Kirovabadda törədilən qırğınların təzahürü olan ekzistensial təhlükəyə cavab idi. Bu qərar "artsax" ermənilərinin təhlükəsizliyinin və hüquqlarının müdafiəsi üçün təminat kimi qəbul edilib. "Müstəqillik bəyannaməsi"nin qəbulundan sonra 10 dekabr 1991-ci ildə referendum, 1-ci "artsax" müharibəsi, 4 günlük müharibə və 44 günlük müharibə baş verdi. Amma Dağlıq Qarabağda və ya onun bir hissəsində soydaşlarımızın yaşamağa davam etməsi faktı dəyişməz olaraq qalıb. Onların təhlükəsiz mühitdə yaşamaq hüququ var. Əslində, Dağlıq Qarabağ probleminin mahiyyəti də bundan ibarətdir..."

Paşinyan Qarabağın müstəqilliyindən yox, oradakı erməni azlığın təhlükəsizliyi və hüquqlarının müdafiəsindən və "status"dan, artıq mövcud olmayan ATƏT-in Minsk Qrupunun fəaliyyətinin zəruriliyindən danışır. Bu cümlələrin reallıqla əlaqəsi yoxdur, çünki Azərbaycan birmənalı şəkildə status olmayacağını bəyan etməklə bərabər Minsk Qrupundan da imtina edib. Necə deyərlər, Paşinyan separatçıların "əlamətdar" gününü bir neçə cümlə ilə "yola verib.

Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyan isə Paşinyan iqtidarına qarşı kin-nifrətini sanki 2 sentyabra saxlayıbmış: “Bu gün artıq illər əvvəl olduğu kimi, "artsax"da ənənəvi təbriklər, bayram atəşfəşanlığı və ümumxalq sevinci günü deyil, müstəqillik təhlükə altındadır. "Artsax" arxadan ağır bir xain zərbə aldı və üç onillik ərzində dünya ermənilərinin səyləri ilə əziz tutulan azad və layiqli yaşayan və inkişaf edən respublika düşmənə təslim oldu".

Sarkisyan yazır ki, Ermənistanda və "artsax"da bütün xalq adından qərarlar qəbul edilir, danışıqlar aparılır və ölkəni yalançı sülhsevərlər təmsil edir, onlar evin qapılarını geniş miqyasda düşmənin üzünə açırlar. 

""Artsax" və bir vaxtlar onun təhlükəsizliyinin təminatçısı olan Ermənistan üçün təhlükələr günü-gündən daha çox narahatedici ölçülərə çatacaq", - eks-prezidentin bəyanatında qeyd olunur.

Sarkisyan bildirir ki, yalnız dövləti, milləti məhv edən idarəçilərin tez bir zamanda uzaqlaşdırılması ölkəni bu fəlakətli vəziyyətdən çıxarmağa, layiqli danışıqlar aparmağa, tərəfdaşlarla əlaqələr qurmağa imkan verə bilər: "Bu sadə həqiqəti dərk etməmək həm "artsax", həm də Ermənistan Respublikası üçün fəlakətli ola bilər".

Beləliklə, 2 sentyabr Azərbaycanda bir çoxları üçün bəlkə də dumanlı görünən acınacaqlı erməni reallığını bir daha gözlər önünə sərir. Onlar özlərini inandırdıqları çox hündür yerdən yıxılıblar, ayağa qalxmaları yaxın onilliklərdə mümkün deyil!

Bu bəbəxt toplumun yeganə yolu Azərbaycanın tələblərini daha tez qəbul edib, normal şərtlər altında yaşamaqdır. 44 günlük müharibə tarixin əsas qanununu bir daha sübut etdi ki, çalış məğlub olma, çünki qaliblər heç vaxt mühakimə olunmur. O Qalib ki, təkcə güclü deyil, həm də haqlıdırsa, ona qarşı mübarizə çağırışları erməni toplumu üçün yeni fəlakətlər vəd edir. Bu çağırışı edənlər ermənilərin birinci düşmənləridir. Soyuq başla düşünmək lazımdır!

Elçin Rüstəmli

"AzPolitika.info"