Rusiyanın 31 avqustudan başlayaraq Avropa ölkələrini qaz şantajına başlaması gözlənilən effeti vermədi. Birjalarda qısamüddətli dalğalanmalar olsa da enerjidaşıyıcıları kəskin bahalaşmaq əvəzinə ucuzlaşmaqda davam edir. Eyni zamanda neft qiymətlərində də eniş artıq tendensiyaya çevrilib.
Belə ki, dünən London əmtəə birjasında qaz 14%, Brent markalı neft isə 5%-dən çox dəyərini itirib. Bu gün isə neftin dünya bazar qiyməti 1 gündən 7 faizdən çox ucuzlaşıb. Sentyabrın 7-də bir bareli 94.0 dollara satılan Brent markalı nefti indi 88.0 dollardan ucuz təklif olunur. Avqustun son iş həftəsinin ilk günü ilə müqayisədə isə neft 17 faizdən çox dəyərsizləşib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, Avropa ölkələri qənaət rejiminə keçir. Onun sözlərinə görə, 8 ayın nəticələri də Rusiya üçün ürəkaçan deyil, çünki Avropa Rusiyadan idxal etdiyi qazın həcmini 48% azaltmağa müvəffəq olub: "İqtisadiyyat təkcə Avropada eniş istiqaməti götürmür, 40 ildir Qərbin meqa istehlak bazarına bağlı Çin iqtisadiyyatının daha sürətlə azalması proqnoz edilir. Bir sözlə, enerjiyə qlobal tələbatın azalması xəbərləri və ABŞ-ın maliyyə-kredit siyasəti neft-qazı aşağı aparan əsas amil rolunda çıxış edir".
İqtisadçı, deputat Vüqar Bayramov hesab edir ki, neftin qiymətindəki son azalmalar qlobal iqtisadiyyatdakı resessiya riskinin güclənməsi ilə bağlıdır.
Ekspert qeyd edir ki, Rusiya-Ukrayna müharibəsi kontkestində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4.1 faizdən 2.9 faizədək azaldılıb: "Avropa İttifaqı üçün də bu ilki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4.0 faiz artım proqnozlaşdıran avropalılar bu göstəricini 2.8 faizədək azaldıblar. Bütün bunlar neftə olan tələbin azalacağı ilə bağlı bazar tərəddüdlərini artırıb və bu da qiymətlərdə müşahidə olunmaqdadır".
İqtisadçı əlavə edir ki, dünyada ikinci ən böyük neft istehlakçısı olan Çin pandemiya səbəbindən iqtisadi məhdudiyyətləri genişləndirir.
"Bu isə Çin iqtisadiyyatındakı gözlənilən artımlara nail olmaqda çətinlik yaradır. Sərt qaydalar səbəbindən hazırda Çində 65 milyon insan sərt karantin rejimində yaşayır", - o qeyd edir.
V.Bayramov bu arada Qərbin İran ilə danışıqları daha da intensivləşdiyini xatırladır: "İrana qarşı sanksiyaların yumşalacağı halda gələn ilin ikinci yarısı neftin bir barelinin qiymətinin 65.0 dollaradək ucuzlaşacağı istisna edilmir. Bütövlükdə, qlobal durğunluq, bazara daha çox neftin çıxarılması kimi proseslər neft bazarı üçün nikbinlik vəd etmir".
İqtisadçının sözlərinə görə, neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda siyasi faktorlardan asılı olduğundan istənilən zaman bazarda sıçrayışlar istisna edilmir.
"Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resurslar ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Neft bazarındakı sıçrayışlar istənilən zaman neft gəlirlərini kəskin azalda bilər", -deputat vurğulayıb.
Rasim Əliyev
"AzPolitika.info"


Şərhlər