"Ermənistanın şərti sərhəddə törətdiyi təxribatın motivini anlamaq üçün istinad edilməli olan çoxlu sayda hadisə və proseslər baş verib".
"AzPolitika.info" xəbər verir ki, bunu cəbhədə baş verən hərbi qarşıdurmanı şərh edən politoloq Fərhad Məmmədov bildirib.
Ekspert xatırladır ki, avqustun 31-də Brüssel görüşünün nəticələrinə əsasən, ayın sonuna kimi sülh müqaviləsinin mətnini hazırlamaq üçün Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilməli idi: "Brüssel görüşündən sonra Rusiya fəallaşdı, Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı, Vladivostokda Putinlə Paşinyan arasında təkbətək görüş keçirildi. Qeyd edim ki, Azərbaycan və Ermənistan liderləri sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcəklər. Bundan başqa ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş danışmanı Filip Riker regiona gəlib. O Tiflisdən hələ də Bakıya uçmayıb..."
Ekspertin sözlərinə görə, bütün bu hadisələr Ermənistanı sülh gündəminin davam edtməsi üçün qərar qəbul etməyə vadar edirdi: "Bu qərarın Rusiyanın, yoxsa Brüsselin vasitəçiliyi ilə olmasının fərqi yoxdur. Əsas məsələ sülh gündəminin davam edib-etməməsi idi. Amma İrəvan prosesi ləngitmək üçün sərhəddə təxribat törətmək variantını seçdi. Bu məntiqə görə, Rusiyanı KTMT ilə prosesə sürükləmək də hədəflənmişdi. Bütün bu hərəkətlər isə F.Rikerin Bakıya səfəri günlərində baş verir. Azərbaycan ən sərt cavabı verdi, çünki danışıqlara ayrılan vaxt daralır. Ermənilərin gündəmlə bağlı belə saxta oyunları isə Minsk Qrupuna "narahatçılığına" istinad etməyə və “status” mövzusunu “oyatmağa” hesablanıb. Nəzərə alaq ki, Ermənistan Qarabağda silahlı birləşmələrini saxlamaqda hələ də davam edir".

F.Məmmədov hesab edir ki, bundan sonra baş verəcək hadisələr Ermənistan rəhbərliyindən asılıdır: "Ermənistanın Baş naziri razılaşmaları pozmaq üçün destruktiv addımlar atmaqda davam edərsə, o zaman Azərbaycanın cavabı özünü çox gözlətməyəcək. O da mümkündür ki, Ermənistan rəhbərliyi öz cəmiyyətinə dinc gündəliyin zəruriliyini başqa cür izah edə bilmədiyi üçün yenidən eskalasiya yolu ilə qərar qəbul etməyə getsin. Bir şey aydındır ki, Azərbaycanın mövqeyi aydın və ardıcıldır, resurslarla dəstəklənir. Ermənistanın mövqeyi yayğın və ziddiyyətlidir. Belə bir şəraitdə Ermənistana ümid verən qüvvələr İrəvan rəhbərliyini inandırmalıdırlar ki, öhdəliklərini yerinə yetirməlidirlər, əks halda yeni şərtlər indiki şərtlərdən daha ağır olacaq. Biz Ermənistan silahlı birləşmələrinin Qarabağdan tamamilə çıxarılmasını gözləyirik".
Ekspertə görə, əgər Ermənistanın himayədarları erməni illüziyalarının közərməsinə imkan verməkdə davam edərlərsə, bu, ilk növbədə Ermənistanın özünə mənfi təsir göstərəcək: "Ortaya çıxacaq nəticələrinə görə məsuliyyəti bu qüvvələr daşıyacaq".
Politoloq Elxan Şahinoğlu isə xatırladır ki, İkinci Qarabağ müharibəsindən iki ilə yaxın vaxt keçib, Moskvanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderlərinin 2020-ci ilin 10 noyabrında və 2021-ci ilin 11 yanvarında imzaladıqları iki ortaq sənəd var: "Azərbaycan və Ermənistan təmsilçiləri sərhədlər və kommunikasiyaların açılması məsələsi ilə bağlı danışıqları davam etdirirlər. Bundan başqa, Brüsselin vasitəçiliyi ilə liderlərin 4 görüşü keçirilib. Buna baxmayaraq, bölgədə gərginlik azalmır. Ermənistanın Baş naziri Nikol Paşinyan bir tərəfdən etiraf edir ki, Azərbaycanla sülhün alternativi yoxdur, sanki cəmiyyətini sülhə hazırlayır, digər tərəfdən, sərhədlərin müəyyənləşməsi və kommunikasiya xətlərinin açılması prosesini qəsdən ləngidir. Paralel olaraq Ermənistan ordusu Kəlbəcər və Laçın istiqamətində atəş açır. Bu gedişatın yeni toqquşmaya səbəb olacağını demişdim".

Ekspert əlavə edir ki, Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənndə keçiriləcək sammitində Rusiya Prezidenti Vladimir Putinin özünün iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş təşkil etməyə çalışacaq: "Belə bir görüş olsa belə hansısa sənədin qəbulu problematikdir. Çünki nə kommunikasiya xətlərinin açılması, nə sərhədlərin müəyyənləşməsi ilə bağlı sənədlər hazırdır, nə də sülh sazişinin mətni üzərində iş gedir".
Rasim
"AzPolitika.info"

Şərhlər
rusu ölkəmizə dəvət edəndə bilmirdiniz belə olacaq?
Paşinyan yox,Putin təxribat yolunu seçdi.Məgər,Paşinyan ermənistanın yiyəsidir?Gəlin,özümüzü aldada-aldada Putinə xidmət etməyək.ermənistan problemi Rusiyadan idarə olunur.Əksinə,Paşinyan Putinin oyunlarına mane olmaq istəyirdi.Lakin biz Putinin tərəfioni tutmaqla işi qəlizləşdirdik.