"BU İŞLƏRƏ BİRBAŞA QARALOV VƏ USUBOV NƏZARƏT EDİRDİ" - "Mən özbaşına idim ki..."

"Rəis olduğum idarədə istintaq olunan cinayət işlərinə birbaşa Zakir Qaralov, Rüstəm Usubov nəzarət edirdi. Qanunsuzluq olubsa belə, onlar istintaqa nəzarət edən vəzifəli şəxs kimi görüb, aradan qaldırmalıydılar".

"AzPolitika.info" "Azadlıq" radiosuna istinadən xəbər verir ki, bunu uzun illər Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş, il yarımdır həbsdə olan general Mövlam Şıxəliyev və onun tabeliyində çalışmış polkovnik Yasin Məmmədov sentyabrın 15-də öz məhkəmələrində bildiriblər. Xatırladaq ki, bu məhkəmə prosesində onlarla yanaşı, daha iki keçmiş MTN polkovniki - Vüsal və Sahib Ələkbərovlar da mühakimə olunur.

8 ay MTN-in təcridxanasında saxlanandan sonra buraxılan Zeynalov müflis olub, xeyli vaxtdır ki, vaqonda yaşayır. O, MTN işində zərərçəkmişlərdən biridir. Məhkəmədə bildirib ki, 2014-cü ildə sifarişlə həbs olunmuşdu. Ailəsindən 10 milyon istəyib, 8 milyon alandan sonra onu buraxıblar. Qohum-əqrəbası nələri varsa, satıb, onu buraxdırıblar.

Oğlu İlqar Zeynalov deyir ki, 8 milyonu düzəldib, televizor qutusunda MTN binasının yaxınlığında atasının işini aparan müstəntiq Yasin Məmmədova verib. 

Keçmiş müstəntiq Məmmədov da, onun rəisi olmuş Şıxəliyev də indi deyir ki, Zeynalovlar ailəsindən alınan pul deputat Ziyad Səmədzadyə verilib. Hətta general Şıxəliyev çıxışında narazılıq edib ki, bu məsələ ilə əlaqədar onları ittiham edən prokurorluq niyə o pulun kimə çatdığını araşdırmayıb.

Deputat Ziyad Səmədzadə isə unikal.az-a açıqlamasında 8 milyonun ona çatması haqda iddiaları təkzib edib. O, haqqında bu iddiaları səsləndirənləri "vicdansız" adlandırıb: "Bunlar hamısı qurama işlərdir. Məni bu işə bağlamaq vicdansızlıqdır. Onu da deyim ki, mənim Eldar Mahmudovla da heç bir əlaqəm olmayıb, ancaq atası Əhməd Mahmudovla münasibətim olub".

Keçmiş MTN vəzifəliləri son sözlərində bildirib ki, onları müxtəlif adamları qanunsuz həbs edib, pullarını, əmlaklarını əllərindən almaqda ittiham edirlər. Halbuki, MTN-in İstintaq Baş İdarəsində cinayət işlərinin başlanması, kiminsə haqqında həbs qərarı üçün məhkəməyə təqdimat verilməsi, şəxsin həbsdən buraxılması kimi məsələlər birbaşa Baş prokuror və birinci müavininin nəzarətində olub. Hətta belə bir qanunsuzluq olubsa belə, buna görə prokurorluq rəhbərliyi məsuliyyət daşıyır.

"Rəis olduğum idarədə istintaq olunan cinayət işlərinə birbaşa Zakir Qaralov, Rüstəm Usubov nəzarət edirdi. Qanunsuzluq olubsa belə, onlar istintaqa nəzarət edən vəzifəli şəxs kimi görüb, aradan qaldırmalıydılar. Niyə eləməyiblər? Onlar istintaqda da, məhkəmədə də dindirilmədi, bu məsələlərə aydınlıq gətirilmədi", – Şıxəliyev belə deyib və ona bəraət verilməsini istəyib.

Təqsirləndirilən polkovnik Yasin Məmmədov da vurğulayıb ki, Zakir Qaralov, Rüstəm Usubov, Eldar Mahmudov, Mövlam Şıxəliyev olan yerdə, o, heç kim idi. Qərarları faktiki özü vermirdi, nə deyirdilərsə, onu edirdi: "Mən özbaşına idim ki, İbrahim Zeynalovun həbs olunması üçün vəsatət qaldırım? Baş Prokurorluqda müzakirə edilib razılıq verilirdi, biz də işimizi görürdük. Mən bu dövlətə canımı fəda eləmişəm. Balalarımı atasız, ev-eşiksiz qoymayın..."

Digər polkovnik Sahib Ələkbərov da sadəcə icraçı olduğunu deyir. Tələb edir ki, qanunsuz həbslərə görə onu cəzalandırırlarsa, o halda, həmin işlərdə istintaqa nəzarət edən prokurorlar, həbs qərarı çıxaran hakimlər, rəy vermiş ekspertlər də məhkum olunsun. Çünki yalnız MTN müstəntiqi heç nə edə bilməzdi.

"Mən verilən tapşırıqları icra eləmişəm. Tapşırıq verən vəzifəli şəxsin adını məhkəmə zalında ona görə çəkmirəm ki, bu məsələ mətbuatda hallanmasın. Amma yazılı şəkildə məhkəməyə təqdim edəcəm", – Ələkbərovun sözləridir. Sentyabrın 20-də sabiq MTN-çilərə hökm oxunacaq.

"AzPolitika.info"

635x100

Şərhlər

Müstəntiq-ə 2022-09-22 16:03:16

Guya bu rüşvətlərdən Rüstəmov və Qaralov bəhrələnməyib? Axı bu mümkün deyil.Onda bəs niyə onlar mühafizə olunur və istintaqa cəlb edilmirlər? Bu suala kim cavab verəcək?

Avtandil 2022-09-22 16:00:33

Əgər Azərbaycanda cinayət məcəlləsinin rüşvətəaid bəndinə tam əməl edilsə idi rüşvət bu qədər yayımazdı və cəmiyyətin psixologiyası da salamat qalardı.Nyə qanunda nəzərdə tutulan bəndlər rüşvət verənlərə tətbiq olunmur? Bu bəndin tətbiq olunmaması bir sıra adamlara rüşvət təklif edib cinayət törətdiyini sübut etmək məqsədi güdmürmü? Bu ciddi məsələ niyə kiminsə göstərişi ilə qanunun yarısını icra edilməməsinə imkan verib.Əgər rüşvət verməyin özünün cinayət olduğunu vətəndaş blsə ona əməl edər və rüşvət ölkədə bu qədər güniş yayılmazdı.

ƏDALƏT 2022-09-16 20:53:43

Əsas fiqurlar azadliqda sultan həyati yaşayirlar.Tutulanlar sadə icraçilardi

Nadir 2022-09-16 17:57:12

Zakir Qaralov hebs olunmalidir, onun azadliqda qaldigi her gun bu dovletin uzune tupurmekdir

t.ədalət 2022-09-16 17:10:10

Zakir Karalovun barmağı olmayan cinayət işi yoxdur.Bu adamı həbsdən qoruyan kimdir?

Mustentig 2022-09-16 16:11:07

MTN istintagina birbasa nezaret eden Rustem Usubov olub. Bash vermish cinayetlerde birbasha o ishtrakcidir. Tehrikci ve teshkilatcidir. O, gunu gozleyirem ki,onun cir sesini, baxishlarini demir barmaglar arxasindan gorem. Inshallah bu gunu Allah mene nesib eder

Son yazılar