SİSTEM İŞLƏMİR, SAYT AÇILMIR, SAHİBKAR CƏRİMƏLƏNİR - “Dövlət Vergi Xidmətində daha müasir texnologiyaların tətbiqinə böyük ehtiyac var”

Uzun illərdir ki, nazirlik və komitələrin elektron sistemlərinin yaradılmasına, yenilənməsinə, işlək vəziyyətdə saxlanmasına və s. dövlət büdcəsindən 10 milyonlarla manat vəsait ayrılır. Lakin buna baxmayaraq, tez-tez hansısa qurumun elektron sisteminin çökdüyü, açılmadığı, yaxud çətinliklə işlədiyinə dair məlumatlar daxil olur.

Bu baxımdan Dövlət Vergi Xidmətinin “Taxes.gov.az” saytı da istisnalıq təşkil etmir. Əksinə, sahibkarlar və mühasiblər tez-tez saytın fəaliyyətində problemlərlə üzləşdiklərini, sayta girməyin, müxtəlif əməliyyatlat aparmağın, obyekt, kassa qeydiyyata qoymağın müşkülə çevrildiyini bildirirlər.

Son illər ölkədə sahibkarlığın inkişaf etdirilməsi, daha əlverişli biznes mühitinin formalaşdırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi məqsədilə bir sıra mühüm layihələr həyata keçirilir. Belə layihələrdən biri də, şəffaflığın artırılması və korrupsiyanın aradan qaldırılması üçün yaradılan elektron xidmətlər platformasıdır. Qeyd edək ki, bu platformalarda vətəndaşların işini asanlaşdırmaq üçün bir sıra e-xidmətlər fəaliyyət göstərir. Vətəndaş internet üzərindən onlayn qaydada bir sıra prosedurları kənar müdaxilə olmadan, özü şəxsən icra edir. Bu yolla həm vaxta qənaət olunur həm də yarana biləcək neqativ halların qarşısı alınır. Lakin son vaxtlar bu sahədə baş verən problemlərə görə, əhalinin e-xidmətlərə olan inamı xeyli azalıb.

Məsələn, sahibkarlar bildirirlər ki, “Taxes.gov.az”-da yaranan donmalar və gecikmələrə görə, elektron kabinetə daxil olmaq mümkün olmur. Sadə prosesləri icra etməkdə belə böyük çətinliklər yaranır. Yeni obyekti, kassanı qeydiyyatdan keçirmək üçün sahibkara 10 gün vaxt verilir. Bu müddət ərzində qeydiyatdan keçə bilməyəndə isə onlar cərimələnir. Hansı ki, çox vaxt gecikmənin səbəbi qurumun electron sistemindəki problemlərdir.

Məlumat üçün qeyd edək ki, 2011-ci ildən elektron qaydada fəaliyyət göstərən bu sistemdə fərdi sahibkarların qeydiyyatı, ödənişləri həmçinin kommersiya hüquqi şəxslərin qeydiyyatı və digər xidmətlər aparılır. Qurumdan isə bildirilir ki, ötən dövrlər əzrində sayt bir neçə dəfə təkmilləşdirilib və istifadəçilərin rahatlığını təmin etmək üçün müasir tələblərə uyğunlaşdırılıb. Lakin reallıqda çox zaman bunun əksi müşahidə olunur.

Onu da qeyd edək ki, saytın son yenilənmiş versiyası 2019-cu ildə “Safaroff Agency” şirkəti tərəfindən hazırlanıb.

Bu mövzuyla bağlı Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz “AzPolitika.info”-ya şərhində bildirib ki, yaranan problemin əsas səbəbi xidmətin keyfiyyəti ilə bağlıdır: “Müşahidələrimə əsasən, hazırda Vergilər Xidmətində köhnə informasiya sistemlərindən istifadə olunur. Dövlət Vergi Xidmətinin saytı Azərbaycandakı ən qədim xidmətlərdən biridir. Bu sayt elektron hökumət sistemi yaranmamışdan əvvəl fəaliyyət göstərirdi. Düşünürəm ki, bu sahədə daha yeni, müasir texnologiyaların tətbiqinə böyük ehtiyac var. Dövlət Vergi Xidmətinin hələ də mobil tətbiqi yoxdur. Fikrimcə, bütün xidmətlər olmasa da, ən əhəmiyyətlilələrini bir araya toplayıb, mobil tətbiq yaratmaq olardı”.

Ekspert bildirib ki, Azərbaycan vergi informasiya sistemini tam kökündən dəyişmək istəyir: “Bu istiqamətdə bir sıra işlər aparılırdı. Ancaq görünür hələ bu işlər tam yekunlaşmayıb. Eyni zamanda vergi informasiya sistemində istifadə olunan rəqamsal məsələlərin digər dövlət qurumlarının informasiya sisemlərinə inteqrasiyasına ehtiyac var. Məsələn, hazırda VÖEN-lə bağlı məsələlər satınalmalarla bağlı sistemə inteqrasiya olunmayıb. Bir sözlə, bu sahədə həm inteqrasiya həm də ümumiyyətlə yeni müasir texnologiyalardan istifadə edərək, daha mütərəqqi rəqamsal həllərin tətbiqinə ehtiyac var”.

Qurumun mətbuat xidmətindən isə “AzPolitika.info”-ya bildirilib ki, hal-hazırda saytın işləmə mexanizmində heç bir problem yaşanmır: “Adətən bəyannamələr verilərkən, sonuncu gündə trafik çox olduğuna görə, müəyyən gecikmələr baş verir. Lakin hazırda saytda heç bir problem yoxdur”.

Xatırladaq ki, iki ay öncə də vergi ödəyicilərinin rüblük vergi və sosial hesabatları verilən zaman “taxes.gov.az” saytında problemlər baş vermişdi. Son hesabat günündə qurumun rəsmi saytı günorta saatlarından etibarən fəaliyyətini dayandırmışdı. Nəticədə sistemdə yaranan problemlərə görə, sahibkarlar və vergi ödəyiciləri hesabatlarını təqdim edə bilməmiş və əsassız şəkildə cərimə olunmuşdular.

E.Bəyməmmədli

“AzPolitika.info”

635x100

Şərhlər

Camaat 2022-09-24 20:23:17

Bunu qəsdən edirlər.Sünü yaradılmış cərimələrə görə milyonlar milyardlara çevrilir və xırıd edilir.

Eli 2022-09-24 16:29:38

Bizim hörmetli İqtisadiyyat nazirliyinin bğyün işleri kimi bı işi de yarımçıqfır axıra çatdırılmır.Nece ki,emlak qurumunun işleri kimi .İki ileden artıq bit müddetdir ki rayon ve kendlerde vetendaşlara verilen pay torpaqlarında deqiqilrşdirmeler aoarılur be dediklerine göre 1921- ci ilin sonuna kimi Çuxarışlar verilmeli idi,sncaw nu günedek heç bir xeber yodur ,vetendaşkar da qeyri müeyyen veziyyetde qalıblar.

Son yazılar