ANIM VƏ QÜRÜR GÜNÜMÜZ - 27 SENTYABR! - “Salam, könüllü əsgər, könüllü şəhid, salam!”

Tariximizdə, qan yaddaşımızda qürurla hüznü eyni hisslə, bir qəlbdə və qəlibdə yaşadığımız günlər var. Bu günlərin sırasına ən son qoşulan 2020-ci ilin 27 sentyabr Anım günü, həm də 30 ildir gözlədiyimiz QƏLƏBƏYƏ gedən yolun başlanğıc günü oldu! 2 il öncə, hər birimizin qarışıq hisslər yaşadığı həmin gün hələ qarşıda VƏTƏNİMİZİ 44 şanlı savaş günü gözlədiyini bilmirdik...

Əslində, 2020-ci ilin 27 sentyabrından 8 noyabrına qədər olan hər bir gün müqəddəsdir – o günlərin hər biri özü ilə yurdumuza qələbə, qürur, əzəmət gətirdi! Lakin Anım günü kimi məhz 27 sentyabr gününün seçilməsi Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin dövlətçiliyimizə və milli adət-ənənələrimizə münasibətinin, hər bir şəhidimizə, qazimizə verilən dəyərin, ehtiramın təzahürüdür. Çünki 27 sentyabr özü ilə vətənimizə qələbə gətirdiyi kimi, tariximizə minlərlə şəhid, yaralı, qazi adı da yazdırdı...

Həmin gün Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandanın və Hörmətli Birinci vitse-prezidentin Şəhidlər xiyabanını ziyarəti, şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad olunması, onların ruhuna dualar oxunması, məscidlərdə, kilsələrdə, sinaqoqlarda anım mərasimlərinin keçirilməsi və digər tədbirlər dövlətimiz və xalqımız tərəfindən şəhidlərə dərin minnətdarlıq, hörmət, sevgi və ehtiramın nümunəsidir. 

Həmin gün dinindən, dilindən, mənəvi və siyasi əqidəsindən asılı olmayaraq Azərbaycanda yaşayan hər kəs şəhidlərin hüzurunda baş əyir və dövlətimiz, xalqımız, tariximiz durduqca, yaşadıqca da bu şəkildə davam edəcək! 

Həmin gün şəhidlərimizin ruhu sevinir. Çünki onların öz canlarından keçib azad etdikləri, uğrunda savaşdıqları torpaqlarda onların döyüşçü yoldaşları, Azərbaycan əsgəri və zabiti, paytaxtımızda və digər bölgələrimizdə isə dövlət başçısından tutmuş sıravi vətəndaşına qədər hər bir azərbaycanlı sayğı duruşu ilə şəhidlərimizi yad edir. Onu da unutmayaq ki, məhz Azərbaycan dövlətinin başçısının, xalqımızın öz şəhidlərinə ehtiram göstərməsi gələcək nəsillərin vətənpərvər yetişməsi üçün xüsusi rol oynayır və hər zaman oynayacaq.

Şəhidlərimiz millətimizin qürur yeri, vətənimizin müqəddəs əmanətidirsə, qazilərimiz də şəhidlərimizin sağ qalmış əmanətləri, silahdaşları, səngər yoldaşları, onlarla birgə savaşın bütün ağrı-acılarını yaşamış qəhrəmanlarımızdır. Qazilərimiz gəzən şəhidlərimizdir! Ona görə də Azərbaycan Prezidenti, dövləti, xalqı qazilərimizə də şəhidlərimiz qədər hörmət və ehtiramla yanaşır, onları hər cür qayğı ilə əhatə etməyə çalışır. Odur ki, Anım günü həm də qazilərimizin günüdür!

Bir sözlə, 27 sentyabr Anım günü bizi 8 noyabr Zəfər gününə aparan yolun başlanğıc günüdür. Artıq hər il həmin gün saat 12-də Prezidentimizdən ən sadə vətəndaşımıza qədər hər birimiz şəhidlərimizi 1 dəqiqəlik sükutla yad edirik və hər bir şəhidimizin qarşısında baş əyərək, ehtiram göstərməklə yanaşı, onlara mənəvi hesabat veririk, onlara SALAM veririk.

Elşad Baratın məşhur şeirində olduğu kimi:

Salam, könüllü əsgər,

Könüllü şəhid, salam.

Bu şeiri sən danış,

Mən susuram, mən lalam.

Danış, bizə necədi,

Şəhidliyin zirvəsi,

Haqqın axan çayları,

Cənnətinin meyvəsi?

Necədi anan üçün,

Yuxu olmaq, səs olmaq?

Necədi vətən üçün,

Ölüb müqəddəs olmaq?

Özün de, doğmalara,

Uzaqdan baxmaq necə?

Səkkiz aylıq qızından,

Sarı darıxmaq necə?

Necə olur ananı,

Ağlayanda izləmək?

O yatanda başının,

Üzərində gözləmək?

Özün danış, özün de,

Vaxt ötür, gecə keçir.

Şəhidlər arasında,

Qələbə necə keçir?

Dayan, hara gedirsən?

....Yaxşı yol, gülə-gülə.

Hamıya salam denən,

Hamını təbrik elə.

Sizin xidmətinizi, dəyərinizi və müqəddəsliyinizi unutmamışıq, unutmuruq və unutmayacağıq!

Anar Qocayev

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Bakı şəhəri Səbail rayon İcra şöbəsinin rəisi, ədliyyə müşaviri 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar