Azərbaycandan xarici ölkələrə qanunsuz pul köçürmə fəaliyyəti ilə məşğul olan şəxslər 5 il müddətinə azadlıqdan məhrum ediləcək.
"Report"un xəbərinə görə, bu, sentyabrın 22-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılmış Cinayət Məcəlləsində dəyişiklikdə əksini tapıb.
Dəyişikliklə məcəlləyə yeni 206-1-ci maddə (Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma) əlavə edilib.
Yeni maddəyə əsasən, Məcəllənin 206-cı maddəsində nəzərdə tutulmuş cinayətin əlamətləri olmadan, əvəzləşdirmə və ya digər qarşılıqlı hesablaşma üsulları ilə pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycan Respublikasına qanunsuz pul köçürülməsi fəaliyyəti ilə məşğul olma, bu əməllər xeyli miqdarda törədildikdə cinayətin predmetinin dəyərinin 40 faizi miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin 40 faizi miqdarında cərimə edilməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılacaq.
Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə və külli miqdarda törədildikdə cinayətin predmetinin dəyərinin 40 faizindən 60 faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin 40 faizi miqdarında cərimə edilməklə 2 ildən 4 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Məcəllənin 206-1.1 və 206-1.2-ci maddələridə nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə cinayətin predmetinin dəyərinin 40 faizindən 60 faizinədək miqdarında cərimə edilməklə 3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Məcəlləyə dəyişiklik layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.


Şərhlər
Bu qanun göstərir ki,Azərbaycan müstəmləkə rejimində fəaliyyət göstərir.Əhalinin var-dövləti üzərində nəzarət,artıq komendant rejiminin tətbiqi kimi bir şeydir.
Daldan atılan daş topuğa dəyər. Lələ köçüb yurdu qalıb. Bəs o afşorlara gedən milyardların axırı necə olacaq.