Rusiya işğal etdiyi ərazilərdə saxta referendumlar keçirərək, Ukrayna ərazilərinin ilhaqına zəmin yaradıb. Moskva Ukraynanın uğurlu əks-hücumlarını dayandırmaq üçün, bu əraziləri ilhaq etməyə hazırlaşır. Bəs belə olan halda, Qərbin dəstəklədiyi Kiyev bütün bunlara necə reaksiya verəcək?
“AzPolitika.info” xəbər verir ki, Britaniyanın “The Guardian” nəşri Moskvanın Ukrayna ərazilərində keçirdyi saxta referendumlarla bağlı hazırladığı məqalədə bu suala cavab axtarıb. Həmin materialın maraqlı hissələrini təqdim edirik:
“Ukraynanın işğal olunmuş ərazilərində nə baş verir?
Rusiya işğal etdiyi dörd regionda - Donetsk, Luqansk, Xerson və Zaporojjyada saxta referendum keçirərək, bu əraziləri Rusiya Federasiyasına daxil etməyə çalışır. Ukrayna hökumətini dəstəkləyən bir çox insanın tərk etdiyi bu ərazilərdə keçirilən səsvermələrə rus hərbçiləri nəzarət edir. Ona görə də, bütün dünya və ukraynalılar bu referendumu silah gücünə keçirilən səsvermə adlandırır. Ancaq refrendumlar gözlənilən sonluqla yekunlaşdı və Moskva istədiyi nəticələri aldı. Hazırda Rusiya hökuməti saxta referendumların nəticələri əsasında bu dörd ərazini ilhaq etməyə hazırlaşır.

Putin bunu niyə edir?
Son həftələr Rusiya döyüş meydanında mövqelərini itirir və geri çəkilir. Ukraynanın əks-hücumları nəticəsində 3000 kvadrat mildən çox ərazi rus işğalından azad olunub. Rusiya Xarkov vilayətində, Donetsk və Luqanskda bir çox ərazilərə nəzarəti itirib. Analitiklər hesab edirlər ki, Rusiya bu referendumları indi keçiriərək, Ukrayna ordusunun irəliləyişlərini dayandırmağa çalışır. Rusiya bu ərazilərin özünə aid olduğunu elan etməklə, mümkün nüvə hücumu da daxil olmaqla, bir çox vasitələrlə Ukraynanı hədələməyi planlaşdırır.
Rusiya ilhaq planı nə vaxt açıqlanacaq?
Çoxları Putinin 30 sentyabrda Federasiya Şurasında əraziləri rəsmən ilhaq edildiyini açıqlayacağını düşünürdü. Qanuna görə, bu müqavilələr əvvəlcə Rusiya parlamentinin yuxarı orqanı olan Federasiya Şurasına, sonra isə imzalanması üçün Putinə təqdim edilməlidir. Bunu qısa müddətdə təşkil etmək olar. Ancaq indi Federasiya Şurası cümə günü xüsusi iclas keçirməyəcəyini bildirdi. Əgər bu doğrudursa, növbəti planlaşdırılan sessiya gələn cümə günü yəni, 4 oktyabr tarixində baş tutacaq.

İlhaqdan sonra nə baş verə bilər?
Əsas sual budur. Putin və digər yüksək vəzifəli şəxslər ilhaq edilmiş bölgələrə hücumları suveren Rusiya ərazisinə edilən hücumlar kimi qəbul etməyə başlayacaqlar. Nəticədə Ukrayna artıq müharibə zamanı Rusiya ərazisinə zərbələr endirmiş olacaq. Bundan sonra Rusiya daha çox əhalinin yaşadığı mərkəzlərə və hökumət binalarına hücumlar etməyə başlayacaqlar. Moskva Qərbi qorxutmaq üçün, taktiki nüvə silahından da istifadə edə bilər. Həmçinin sərhədləri bağlayaraq, müəyyən ərazilərdə hərbi vəziyyət tətbiq edə bilər. Hərbi vəziyyətlə nəzərdə tutulan tədbirlərə əmlakın müsadirə edilməsi, komendant saatının tətbiqi, hökumət tənqidçilərinin həbsi, xarici vətəndaşlar üçün həbs düşərgələri yaradılması da mümkündür.
Putin nə istəyir?
Putinin bir məqsədi var- Ukraynaya siyasi nəzarət etmək. Putin müharibədən əvvəl NATO-nun genişlənməməsi ilə bağlı təhlükəsizlik zəmanəti istədiyini desə də, indi aydındır ki, Kiyevdə rejim dəyişikliyi və ölkənin siyasi gələcəyinə hökmranlıq etmək istəyir. Şərqi Ukraynadakı ərazilərin ilhaqı yəqin ki, onu qane etməyəcək. O, Ukraynanın irəliləyişini dayandırmaq və qoşunlarına yenidən qruplaşdırmaq üçün vaxt qazanmağa çalışacaq. Və bu qoşunlar hazır olan kimi, yeni hücumlara başlaycaq”.
“AzPolitika.info”

Şərhlər
Putin ağılsız primitiv ,şovinşst bir sade bir rus muyikidir ve vezifesi onu bu gerizekalılığını görmeye qoymur perdeleyir.Nece ki ,Sovet döneminde Siyasi Büro üzvlerinin seviyyesi savadı kimi.Qorbaçıv gelenden sonra perde qalxdı ve melum oldu ku bunlar hamusı savadsız “Komsomollardır”