Ukraynanın Müdafiə naziri Aleksey Reznikov Pentaqonun rəhbəri Lloyd Ostinlə telefon danışığı aparıb.
"AzPolitika.info" "Unian" agentliyinə istinadla xəbər verir ki, nazir görüşdən sonra “Twitter” hesabında “yaxşı xəbərlər” vəd edib. O əlavə edib ki, Ukrayna ərazilərinin işğaldan azad edilməsi əməliyyatı davam etdiriləcək.
Reznikovun sözlərinə görə, Ostinlə söhbət zamanı cəbhə xəttindəki vəziyyət, Ukraynaya hərbi yardım göstərən donor ölkələrin “Ramşteyn” formatında görüşü, Ukrayna Silahlı Qüvvələrinin potensialının gücləndirilməsi yolları müzakirə olunub.
Ostin ukraynalı naziri əmin edib ki, ABŞ Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərini ilhaq etmək cəhdlərini tanımır və Müdafiə Qüvvələri Ukrayna torpaqlarını işğaldan azad etmək üçün müttəfiqlərin silahlarından istifadə etməyə davam edəcək.
Xatırladaq ki, Ukraynanın şərqində və cənubunda Silahlı Qüvvələrin əks hücum əməliyyatı davam edir. Son xəbərlərə görə, Liman şəhərində yerləşən 5 min nəfərlik Rusiya hərbi birləşmələri mühasirəyə alınıb. Hazırda onların məhv edilməsi istiqamətində tədbirlər görülür.
"AzPolitika.info"


Şərhlər