Zelenski Modinin sülh çağırışını rədd edib – “Putinlə heç bir danışıq olmayacaq”

Ukrayna Prezidenti Volodimir Zelenski Hindistanın Baş naziri Narendra Modinin sülh çağırışlarına cavab olaraq bildirib ki, Kiyev Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmayacaq.

Telefon danışığı zamanı Baş nazir münaqişənin hərbi yolla həllinin mümkün olmadığına qəti əminliyini ifadə edib və Hindistanın istənilən sülh səylərinə töhfə verməyə hazır olduğunu bildirib. O, yenidən hərbi əməliyyatları dayandırmağa və diplomatiya yolu ilə getməyə çağırıb.

Baş nazir deyib ki, Rusiya-Ukrayna müharibəsi fonunda nüvə obyektlərinin təhlükə altına düşməsi ətraf mühit üçün fəlakətli nəticələrə səbəb ola bilər. Zelenski əlavə eidb ki, Rusiyanın nüvə şantajı, xüsusən də Zaporojye AES-i ilə bağlı təkcə Ukrayna üçün deyil, həm də bütün dünya üçün təhlükədir.

Ukraynanın Rusiya tərəfindən işğal olunmuş dörd bölgəsində - Luqansk, Donetsk, Zaporojye və Xersonda keçirilən referenduma reaksiya verən Zelenski qeyd edib ki, təcavüzkarın Ukrayna ərazilərinin qanunsuz ilhaqına cəhdə yönəlmiş bütün qərarları etibarsızdır və reallığı dəyişmir.

Zelenski belə bir şəraitdə Ukraynanın Rusiya Federasiyasının hazırkı Prezidenti ilə heç bir danışıq aparmayacağını vurğulayıb və qeyd edib ki, dövləti hər zaman dialoq yolu ilə, sülh yolu ilə nizamlanmaya sadiqdir: “Lakin Rusiya dialoqun tərəfdarı olmadı və bu prosesi qəsdən pozmaqla son nəticəni ortaya qoydu. BMT Baş Assambleyasının sessiyasındakı çıxışım zamanı mən sülh üçün aydın düsturumuzu qeyd etdim. Biz tərəfdaşlarımızla birgə buna nail olmaq üçün işləməyə hazırıq”.

Zelenski Hindistanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyə görə Baş nazirə təşəkkür edib, Hindistan hökuməti və özəl sektorunun Ukraynaya göstərdiyi əhəmiyyətli humanitar yardımı qeyd edib.

Söhbət zamanı tərəflər müntəzəm tammiqyaslı Ukrayna-Hindistan təmaslarının dərinləşdirilməsində, o cümlədən hərtərəfli tərəfdaşlıq üzrə ikitərəfli münasibətlərin gündəliyində duran vəzifələrin həyata keçirilməsində qarşılıqlı maraqlı olduqlarını qeyd ediblər.

Söhbət zamanı Ukrayna Prezidenti Rusiyanın Ukraynaya təcavüzü fonunda Ukrayna-Hindistan tərəfdaşlığının gücləndirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra Zelenski baş naziri Modini Ukraynaya səfərə dəvət edib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar