Avropa Şurası Parlament Assambleyası Rusiyanın “terror rejimi” adlandırıldığı “Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzünün daha da genişlənməsi” adlı qətnaməni təsdiqləyib.
Bu barədə Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri məlumat verir.
Qətnamənin digər bəndləri arasında raket hücumlarından qorunmaq üçün Ukraynaya hava hücumundan müdafiə sistemlərinin verilməsi, habelə Rusiyanı BMT Təhlükəsizlik Şurasından çıxarmaq və müharibə zamanı törədilən mümkün cinayətləri araşdırmaq üçün beynəlxalq tribunal yaratmaq çağırışı var.
Qətnamədə videobağlantı vasitəsilə sessiyada çıxış edən Ukrayna prezidenti Vladimir Zelenskiyə dəstək tələb olunub.
Qeyd edək ki, mart ayında Rusiya Avropa Şurasından çıxarıldığı üçün Rusiya nümayəndə heyəti sessiyada iştirak etmir.
AŞPA-nın siyasi məsələlərlə bağlı qətnamələri təşkilata üzv ölkələr üçün məcburi deyil. Ukrayna dünya ölkələrini Rusiyanı terrorçu dövlət kimi tanımağa çağırır. ABŞ administrasiyası Rusiyanın terrorizmin sponsoru kimi tanınmasına dəstək verməyə hazır olmadığını bildirib.Çünki Ağ Ev hesab edir ki, tanınma Rusiya ilə kritik sahələrdə əməkdaşlıq imkanlarını tamamilə dayandıracaq. Bir gün əvvəl Fransa prezidenti Emmanuel Makron da buna qarşı çıxıb.
"AzPolitika.info"


Şərhlər