Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldıulının 230 milyon dollarlıq qiymətli daşları və başqa zinət əşyaları dövlət nəfinə müsadirə olunub.
"AzPolitika.info" "Azadlıq" radiosunun Qazax ximətinə istinadla xəbər verir ki, bu zinət əşyalarının müsadirəsini Qazaxıstan Korrupsiya ilə Mübarizə Agentliyi kriminal gəlirlərin leqallaşdırılması xətti ilə həyata keçirib. Agentlik bildirir ki, qiymətli əşyalar uzaq xaricdəki ölkələrdə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilib. Lakin qurum bu qiymətli əşyaların nədən ibarət olduğunu açıqlamır.
Bundan başqa antikorrupsiya xidməti bildirib ki, Satıbaldıulı xarici qiymətli kaqızlara 300 milyon dollar yatırıb. Bildirilir ki, bu vəsait də tezliklə büdcəyə qaytarılacaq.
Ötən sentyabrda Astana məhkəməsi Satıbaldıulını əmlakının müsadirə olunması ilə 6 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmə hökmünə görə onun habelə 10 il ərzində dövlət vəzifəsi tutması qadağan olunur.
Nazarbayevin qardaşı oğlu "Kazaxtelekom" şirkətində külli məbləğdə vəsaiti mənimsəməkdə ittiham olunurdu. Məhkəmə dinləmələri zamanı bildirilirdi ki, Satıbaldıulı "Kazaxtelekom" və Nəqliyyat Xidməti Mərkəzi şirkətlərinə vurduğu ziyanın müqabilində büdcəyə on milyardlarla tenge ödəyib. Satıbaldıulı jurnalistlərin diqqətini "Skyline Investment Company S.A." ofşor şirkətinin yeganə mənfəəatdarı olması faş ediləndən sonra cəlb etmişdi.
Bu şirkət "Kazaxtelekom" şirkətində 24 faiz paya malik idi. "Kazaxtelekom" Qazaxıstanın telekommunikasiyalar bazarında inhisarçı mövqe tutur. Şirkət bundan əvvəl bildirmişdi ki, onun sahibləri arasında Lüksemburq şirkəti də var. Amma bu şirkətin mənfəətdarlarının kim olması açıqlanmamışdı.
Kayrat Satıbaldıulına dair informasiya Lüksemburq burada qeydiyyatdan keçmiş şirkətlərin sahibləri haqqında məlumatları açıqlayandan sonra aşkar olmuşdu. Bundan əvvəl Lüksemburq bu informasiyaları açıqlamırdı. Amma ölkə Avropa İttifaqında çirkli pulların yuyulması ilə mübarizə proqramının tələblərinə uyğun olaraq bu məlumatı üç il əvvəl açmışdı. "Forbes" jurnalının 2018-ci il üçün məlumatına görə Satıbaldıulının sərvəti 163 milyon dollar idi.
"AzPolitika.info"


Şərhlər
InşAllah xalqımızdan oğurlanan sayı hesabı olmayan sərvət dövlətimizə qaytarilar. Sağ əlləri başımıza