“Yabancı pasiyent”lər üçün tibbi müayinənin qiyməti bir neçə dəfə artırılıb

Türkiyədə müayinə xərcləri artıb. Bu artım isə ancaq “yabancı pasiyent”lər üçün tətbiq edilib. Artıq bu ölkədə müayinə və müalicəyə gələn başqa ölkələrin vətəndaşları əvvəlkindən baha qiymətlərlə qarşılaşacaqlar.

Qardaş ölkəyə müalicəyə gedən azərbaycanlılar üçün də tibbi müayinənin qiyməti bir neçə dəfə artırılıb. Əvvəllər bu ölkəyə gedən Azərbaycan vətəndaşları sığortası olmayan Türkiyə vətəndaşları kimi müayinə oluna bilərdilər. Bu da qiymətlərdə xeyli endirimə səbəb olurdu. Ancaq bir həftə öncə həmin qaydalar dəyişdirilib. Artıq azərbaycanlılar “yabancı pasiyent” hesab olunurlar və sığortası olmayan Türkiyə vətəndaşları kimi ucuz qiymətə müayinə və əməliyyat oluna bilməyəcəklər. Əvvəllər sığortası olmayan Türkiyə vətəndaşı kimi bu ölkədəki tibbi xidmətlərdən yararlanan azərbaycanlılar artıq bu xidmətlərdən məhrum olacaqlar. Çünki Azərbaycandan gedən xəstələr üçün artıq qiymətlər 3-5 dəfə artırılıb.

Bu bahalıq isə Azərbaycandan Türkiyəyə üz tutan “xəstə ordusu” üçün münasib deyil. Bu səbəbdən də qardaş ölkənin səhiyyəsindən faydalanan vətəndaşlarımızın sayı dəfələrlə azalacaq. Lakin ölkə səhiyyəsinə güvənməyən insanların alternativ tibbi xidmət axtarışı onları bir qədər ucuzluq olan yerlərə üz tutmasına gətirib çıxaracaq. Hazırda azərbaycanlıların böyük bir qisminin qonşu İrana üz tutduğunu nəzərə alsaq, variantlardan biri kimi məhz bu ölkənin səhiyyə ocaqlarını göstərmək olar.

Türkiyədən əli üzülən azərbaycanlılar İranın tibbi müəssisələrinə daha çox maraq göstərməli olacaqlar. Bu da öz növbəsində İrandakı klinikalarda qiymət bahalaşmasını şərtləndirəcək. Onsuz da Azərbaycandan İrana gedən xəstələrin sayı artdıqca orada analiz və həkim müayinəsi bahalaşmaqdadır. Bir neçə il öncə ilə müqayisədə bu ölkədə tibbi xidmətlər xeyli bahadır. Maraqlıdır ki, qiymət fərqi yerlilər üçün deyil, digər ölkələrdən və Azərbaycandan gedənlər üçün keçərlidir. İranda isə öz əhalisi tibbi sığortadan normal şəkildə faydalanır. Tibbi sığorta müayinə və müalicələrə, əməliyyatlara 70 faiz endirim deməkdir. Hətta apteklərdən dərmanları da qiymətində 70 faiz ucuz almaq mümkündür. Ancaq Azərbaycandan gedən xəstələr üçün qiymətlər yerli sakinlər üçün tətbiq ediləndən 5-10 dəfə bahadır.

Ekspertlər də bildirirlər ki, Türkiyədə bir həftə əvvəl tətbiq edilən qaydalar Azərbaycandakı minlərlə xəstə üçün ümid yerinin bağlanması deməkdir. Çünki bahalı Avropa klinikalarına üz tutmaq imkanı olmayan Azərbaycan vətəndaşı üçün keyfiyyətli Türkiyə səhiyyəsi qiymətdə də bir qədər münasib idi. Artıq bu ölkədə azərbaycanlıların heç bir güzəştsiz müayinə olunması qaydalarının qoyulması isə onların Türkiyədən vaz keçməsi və alternativlər axtarışına səbəb olacaq.

Ölkədə dəfələrlə tibbi sığortanın tətbiqini təklif edən və hökumətə təkliflər göndərən ekspert Qubad İbadoğlu da deyir ki, Türkiyədəki tibbi xidmətlə bağlı dəyişiklik bizim xəstələrin xaricdə müayinəsinə mənfi təsir göstərəcək: “Vətəndaşlar başqa alternativlər axtaracaq. Gürcüstana gedə bilərlər. Digər, adını hələ geniş şəkildə reklam edə bilmədiyimiz ölkələr də meydana çıxa bilər. Səhiyyə sistemi daha yüksək inkişaf etmiş ölkələr var ki, insanlar seçim etməyə məcbur olacaqlar. İrana axın güclənə bilər. Burada artıq əvvəlki kimi müayinə və dərmanlar ucuz deyil, çünki kütləvi axın oldu və vəziyyət pisləşdi”. Qeyd edək ki, Gürcüstan və İran arasında qiymət fərqi olsa da, artıq vətəndaşlarımız Gürcüstana da müayinə üçün üz tutur. Türkiyədəki son tibbi qərar isə bu iki ölkəyə üz tutan azərbaycanlıların sayını daha da artıracaq".(musavat.com)