Menu

PUTİNİN XERSONDAN QAÇIŞI: “Ukrayna Ordusu Krıma nə vaxt girəcək?”

18.11.2022, 11:09
PUTİNİN XERSONDAN QAÇIŞI: “Ukrayna Ordusu Krıma nə vaxt girəcək?”

Rusiya ordusu Ukrayna Silahlı Qüvvələrinin göstərdiyi təzyiqlərə tab gətirə bilmədiyi üçün Xerson vilayətinin sağ sahilini tərk etmək məcburiyyətində qaldı. Artıq Vladimir Putinin uğursuzluqlar zamanı özünü kənara çəkməsi, hərbçiləri, generalları önə verməsi, eləcə də bütün qəzəbini Dmitri Medvedev vasitəsilə çatdırması adi hal alıb.

Xerson vilayətinin böyük hissəsi itirildikdən sonra da köhnə ssenari təkrarlandı və Putin yenə də susdu. Ruslar döyüş meydanında dönüş yaratmağa nə qədər cəhd göstərsələr də, istədikləri nəticəni əldə edə bilmirlər. Təchizat, logistika və hərbi sursat sarıdan korluq çəkən Rusiya ordusunun vəziyyətinin qışda daha da ağırlaşacağını söyləyən analitiklərin fikrinə görə, Ukryana ordusunun növbəti hədəfi Krım yarımadasının azad edilməsi olacaq.

“AzPolitika.info” xəbər verir ki, Ukraynanın “Apostrof.ua”portalı “Putinin Xersondan qaçışı: Ukrayna Ordusu Krıma nə vaxt girəcək?” başlıqlı məqaləsində sözügedən mövzuya toxunub. Həmin yazının tərcüməsini təqdim edirik: ”Kremldəki ümumi əhvalı bir neçə sözlə ifadə etmək olar: qorxu, rüsvayçılıq və gücsüzlük. Putin Xersonun tərk olunmasını şərh etmədi. Amma onun əvəzinə Dmitri Peskov danışdı. Peskovun qarışıq izahlarından belə nəticə hasil oldu ki, Xersondan çıxmaq qərarını Rusiya Müdafiə Nazirliyi verib. Bundan başqa, Peskov əlavə edib ki, Xerson Rusiya ərazisidir və xüsusi əməliyyat davam etdiriləcək.

İşğalçıların Xersondan nə üçün çəkilmələri barəsində isə Peskov heç nə deməyib. Onun ardınca “Kreml sirkinin” arenasına eks- prezident Dmitri Medvedev çıxıb. O, Xersonun NATO gücləri və bütün Qərbin silahlı təzyiqlərinə görə tərk olunduğunu izah etməyə çalışsa da, bundan inandırıcı bir şey çıxmayb.

Rusiya hərbi komandanlığı pis variantla (mövqelərdən müəyyən qədər nizamlı şəkildə çəkilmə) ən pis variant arasında (Əsgərləri, texnikanı, silah-sursatı atıb Xarkov vilayətindəki kimi qaçmaq şəklində) seçim etməliydi. Maraqlıdır ki, İzyum və Balakleyanı itirdiyinə görə general Aleksandr Lapini Rusiyada qorxaq və yarıtmaz adlandırdılar. Bu məsələdə “Vaqner” özəl hərbi birləşməsinin qurucusu Yevqeni Priqojin və çeçen tik-tokerlərin başçısı Ramzan Kadırov daha çox hiddət nümayiş etdirmişdilər. Lapinə loyal münasibət göstərən hərbi müxbirlər hadisələri az-çox obyektiv işıqlandırmağa çalışsalar da, Priqojini və Kadırovu dəstəkləyən Kreml təbliğatının təzyiqinə tab gətirə bilmədilər. Lakin Xersondan qaçan işğalçı ordunun komandanı Sergey Surovikinin ünvanına kəskin tənqidlər səslənmədi...

Hərbi ekspert Oleq Jdanov “Apostrof.ua”-ya verdiyi müsahibəsində bu barədə deyib: ”Priqojin, Kadırov və onların üzərində dayanan persona Surovikini Rusiya ordusunun Baş Qərargah rəisliyinə hazırlayır. Öz hərbi resursları olan Priqojin və Kadırov bütün güc strukturlarını özlərinə tərəf çəkməyə və perspektivdə Rusiya hakimiyyəti uğrunda döyüşməyə hazırlaşırlar. Kreml və şəxsən Putin üçün bu, əhəməyyətli dərəcədə baş ağrısıdır. Lakin o, hələ ki, vəziyyətə nəzarət etmək qabiliyyətində olduğunu düşünür”.

Başqa bir versiya da var. Belə vəziyyətdə Putinə “ildırımötürən” lazımdır. Ola bilər ki, Surovikinin “böyüdülməsi” məhz elə bununla bağlıdır. Putin istəyir ki, Surovikin Rusiya əhalisinə xoşagəlməz məlumatlar verən şəxs rolunu oynasın.

Aydındır ki, Xersondan çıxarılan işğalçı kontingentin bir hissəsi Kaxovsk SES-in və Krıma gedən yolların qorunaması üçün vilayət ərazisində saxlanılacaq. Digər bir hissəni isə Donetsk istiqamətinə yollayacaqlar.

Oleq Jdanov əlavə olaraq bildirib: ”Surovikin və onun himayədarlarına bir sıra uğursuzluqlardan sonra heç olmasa hansısa bir nəticə göstərmək lazımdır. Hazırda Donetsk iqtiqamətində daha yaxşı döyüş hazırlığına malik “Vaqner” muzdluları vuruşur ki, onların da motivasiyası yalnız puldur. Çox güman ki, işğalçılar həmin istiqamətdə hər hansı lokal qələbəyə cəhd göstərəcəklər”.

Xarkov vilayətindən təlaş içərisində qaçmağa başlayandan bu tərəfə Rusiya rəhbərliyi Prezident Volodimir Zelenski ofisinə daim danışıqlar təklif edir.

Dmitri Peskov Kiyevin heç nəyi müzakirə etmək istəməməsindən şikayətlənir. Hələ altı ay bundan öncə “NATO Avropadan çəkilməlidir” tələbi irəli sürən Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov indi deyir ki, Moskva “heç bir ön şərt qoymadan” danışıqlara hazırdır. Anoloji bəyanatları Rusiya XİN mətbuat katibi Mariya Zaxarovadan da eşidirik.

“İnformasiya müqaviməti” qrupunun hərbi icmalçısı Aleksandr Kovalenko bununla bağlı bildirib: ”Kremlə müəyyən qədər vəziyyəti dondurmaq, ehtiyat qüvvəni artırmaq, canlı qüvvə və texnika itkisinin yerini doldurmaq üçün vaxt udmaq lazımdır. Hal-hazırda onların mərmiləri və yanacaq sürtkü materialları çatışmır. Belə bir vəziyyətdə hansı hücumdan söhbət gedə bilər? Rusiya ordusu heç lazımi səviyyədə müdafiə oluna bilmir. Moskvanın əlində qalan yeganə variant Ukraynanın dinc əhalisini terrora məruz qoymaqdır. Lakin onlar döyüş meydanında qələbə görməyəcəklər”.

Ukrayna rəhbərliyi ruslar, Krım da daxil olmaqla, bütün işğal edilmiş ərazilərdən çəkilməsi şərti ilə Putinlə danışıqlara gedər. Əslində, Moskva Xerson və Zaporojye vilayətlərini Rusiyaya “birləşdirməklə” özünü tələyə salıb. İndi Kremlin qanunlarına görə, ordu Rusiya Federasiyasının ərazisindən qaçıb. Göründüyü kimi, “Overton pəncərəsi” kəskin şəkildə Ukraynaya tərəf hərəkət edib.

Əgər bu gün Peskov və Kremlin digər boşboğaz başları “Xerson kimindir” sualına cavab verə bilmirlərsə, onda elə bir vaxt gələcək ki, təbliğatçılar onlara “Krım kimindir” sualını verəcəklər...

Ukrayna Silahlı Qüvvələrinin Melitopol-Armyansk xəttinə çıxması ilə Krımdakı daimi partlayışlar Kerç-Cankoy dəmiryolu xəttinin bütün logistikasının məhv olunması ilə birlikdə baş verəcək. Qara dəniz donanmasını Sevastopol buxtasından kənara çıxarmağa qorxan komandanlıq Krımın müdafiəsinə istənilən köməyi göstərə bilməyəcək. Ukrayna Ordusu Rusiya gəmilərini “Moskva” kreyserinin ardınca dənizin dərinliklərinə qərq etmək üçün bütün imkanlara malikdir.

Oleq Jdanov deyib: ”Xersonun azad olunmasından sonra ruslar Krımı “dişləri” ilə saxlayacaqlar. Burada çox şey rusların döyüş ruhundan asılıdır. Hələ ki, sıravı əsgərlərin və kiçik zabit heyətinin sona qədər Ukrayna torpaqlarında duruş gətirmək istəyi görünmür.”

Ümumiyyətlə, Krım Putin üçün ən əsas və həssas nöqtədir. O, bütün gücü və imkanları ilə bu yarımadanı əlində saxlamağa çalışacaq”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol