“O, baş həkim təyin olunandan qara günlərimiz başlayıb” - Ucar sakinləri sabiq nazirin qohumundan şikayətlənirlər

“Ucar rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Zeynal Bayramlının  qanunsuz əməllərindən çox əziyyət çəkirik. Əslən Ağsu rayonundan olan Zeynal Bayramlı keçmiş Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı İldırım Məmmədovun kürəkəninin qardaşıdır. Məhz bu səbəbdən də Zeynal Bayramlı 2007-ci ildən Ucar rayon Mərkəzi Xəstəxanasına baş həkim vəzifəsinə təyin etdirilib. Bundan sonra Ucar sakinlərinin qara günləri başlayıb”. 

Bunlar bir qrup Ucar sakininin“AzPolitika.info”-ya ünvanladığı şikayət məktubunda bildirilir.

Şikayətçilər qeyd edirlər ki, savadlı həkimlər suni əngəllərlə üzləşərək öz ərizələri ilə işdən çıxdıqları üçün Ucar sakinlərinin böyük əksəriyyəti müayinə-müalicə ehtiyaclarını qarşılamaqdan ötrü qonşu rayonlardakı xəstəxanalara üz tutmalı olurlar: “İcbari tibbi sığorta Ucar xəstəxanasında işləmədiyindən, müayinə-müalicə xidmətləri ödənişlidir. Məsələn, ultrasəs müayinəsi 30 manat, qan analizi 30 manat, rentgen müayinəsi 30 manat təşkil edir. Bu səbəbdən də imkansız insanlar böyük problemlə üzləşirlər”.

Şikayətçilərin sözlərinə görə, xəstəxanada 200 manat qarşılığında qanunsuz şəkildə saxta bülletenler satılır: “Sağlam şəxslərə iş yerinə təqdim etmək üçün 200 manat qarşılığında 10 günlük bülleten verilir. Bunu anlamaq üçün xəstəxanada olan müşahidə kameralarını izləmək kifayət edir. Belə ki, bülleten almış şəxlər həmin vaxt nə xəstəxanaya gəliblər nə də müalicə olunublar. Stasionar müalicə olunan xəstələrə verilən yeməklər isə yararsız olduğu üçün evdən gətirilən yeməklərlə qidalanırlar. Əlil vətəndaşların bir çoxu dövlətin ayırdığı dərman pereparatları və tibbi ləvazimatlarla təmin olunmurlar”.

Şikayət məktubunun sonunda sakinlər ölkə rəhbərliyinə müraciət edərək, Ucar rayon Mərkəzi Xəstəxanasında obyektiv yoxlamalar aparılmasını və buradakı korrupsiya hallarına son qoyulmasını xahiş edirlər.

“AzPolitika.info” Ucar rayon Mərkəzi Xəstəxanası rəhbərliyinin mövqeyini dərc etməyə hazırdır.

“AzPolitika.info”



635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar