Yanvarın 11-də Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda keçirdikləri aksiyanın 1 ayı tamam olur. Bu müddət ərzində gecə-gündüz davam edən etirazın əsas şüarları Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan bölgələrdə Azərbaycana məxsus təbii sərvətlərin qanunsuz istismarının, ətraf mühitə, ekologiyaya vurulan zərbələrin dayandırılması, dövlət qurumlarının sözügedən faydalı filiz mədənlərində monotorinqlər keçirilməsinə şərait yaradılmasından ibarətdir. Təəssüf ki, bu müddət ərzində azərbaycanlı ekofəalların tələbləri yerinə yetirilməyib. Aksiyaçılar isə davam etməkdə qərarlıdırlar.
Xatırladaq ki, bu hadisə dünyada geniş rezonans doğurub, xüsusən Qarabağdakı separatçı-cinayətkar qrupun rəhhbərləri, Ermənistanın hakimiyyət nümayəndələri, onların xaricdəki havadarları Azərbaycanı bölgədə yaşayan erməni əhalini blokadada saxlamqda ittiham edir, sözügedən dinc aksiyanı soyqırım aktı kimi təqdim etməyə çalışırlar. Amma aksiyanı kənardan müşahidə edən, habelə prosesin içində olan təşkilatlar, xüsusən Beynəlxalq Qızıl Xaç Cəmiyyəti ekofəalların Laçın-Xankəndi yolunu bağlamadıqları, həmin ərazidən sərbəst hərəkətin davam etdiyini bəyan ediblər.
Yanvarın 10-da Azərbaycan Prezidenti İlham Əliyev də aksiyadan danışaraq bu təşəbbüsü həyata keçirən gənclərə minnətdarlığını ifadə edib: “Laçın-Xankəndi yolunda etiraz aksiyası keçirən gənclər bizim fəxrimizdir. Gecə-gündüz şaxtalı-qarlı havada oradadırlar, öz haqlarını tələb edirlər və bir daha Azərbaycan gəncinin nə qədər yüksək keyfiyyətlərə malik olmasını bütün dünyaya göstərirlər. Bunun, necə deyərlər, bir addımlığında separatçılar dünyaya tamamilə yalan informasiya ötürməklə məşğuldurlar”.
Dövlət başçısı qeyd edib ki, orada blokadadan söhbət gedə bilməz. Sülhməramlıların dörd yüzə yaxın yük avtomobili oradan keçib.
“Əlbəttə ki, oradan keçən, hətta bu aksiyaya qədər keçən bütün nəqliyyat vasitələri nəzarət altında idi. Biz haradan öyrəndik ki, İran maşınları oraya yanacaq aparır? Biz orada gördük. Halbuki, İran tərəfi bunu əvvəllər inkar etməyə çalışırdı. Hətta İran maşınları üzərinə saxta erməni nömrələrini yapışdırmaqla bizi belə primitiv səviyyədə aldatmaq istəyirdilər”, - deyə Prezident İlham Əliyev diqqətə çatdırıb.
Azərbaycanın məqsədinin blokada olmadığını vurğulayan dövlət başçısı bildirib ki, bizim tələblərimiz tam ədalətlidir: “Monitorinq, təftiş, qanunsuz istismarın dayandırılması tələb edilir və biz buna nail olacağıq. Ona görə Laçın-Xankəndi yolunda baş verən hadisələrə blokada demək, sadəcə olaraq, insafsızlıqdır”.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “AzPolitika.info”ya açıqlamasında 1 aydır davam edən aksiya zamanı əldə olunan ilkin nəticələri barədə danışıb. Millət vəkili bir neçə məqama diqqət çəkib: “Əvvəla, Cənab Prezidentin vurğuladığı kimi qarlı-şaxtalı havada fasiləsiz olaraq aksiyanı davam etdirən, Azərbaycan cəmiyyətinin haqlı tələblərini yerli və dünya ictimaiyyətinə çatdıran gənclər alqışa layiqdirlər. Onların Qarabağın sərvətlərinin talan edilməsinə, ekologiyaya, ətraf mühitə qarşı vandal münasibətə dirəniş göstərməsi mühüm nəticələrə gətirib çıxardı. Mən ilk növbədə separatçı-cinayətkar rejimin və onunla işbirliyində olan kənar qüvvələrin dövlətimizə məxsus sərvətlərin istismarını dayandırmağa məcbur olduqlarını qeyd etmək istəyirəm. Məlumdur ki, həmin qanunsuz fəaliyyəti həyata keçirən şirkət mədənlərdə fəaliyyətlərini dayandırdıqlarını elan ediblər. Amma bu kifayət deyil, Azərbaycanın müvafiq qurumları həmin ərazilərdə monitorinq keçirməsinə şərait yaradılmalı, orada bizim icazəmiz olmadan hər hansı fəaliyyət olmamalıdır. Ümid edirəm ki, bu hədəfə də çatacağıq.
İkincisi, 1 aydır keçirilən aksiya tamamilə dinc şəraitdə keçdi və dünyaya sübut olundu ki, Azərbaycan cəmiyyəti tamamilə sivil yolla terrorçuluğa, ona şərait yaradan qüvvələrə qalib gəlmək əzmindədir. Keçən bir ayda Xankəndindəki cinayətkar qruplaşma tamamilə demorolizə olub və müxtəlif qurumların hay-küyünə baxmayaraq çıxılmaz vəziyyətə düşüblər. Onlar artıq anlamağa başlayıblar ki, bölgədə güclü Azərbaycan dövlətinə qarşı cinayətkar fəaliyyətin heç bir perspektivi yoxdur.
Üçüncüsü, bölgədə yaşayan erməni əhali də bir qrup separatçı-cinayətkar qruplaşmanın, onların dəstəkçilərinin əlində vasitə olduqlarını anlayırlar. Biz görürük ki, əhali arasında separatçı rejimə qarşı etirazlar gedikcə artır, mən ümid edirəm ki, bu proses məntiqi sonluğa gəlib çatacaq”.
Dördüncüsü, bölgədəki Rusiya sülhməramlılarına da aydın oldu ki, burada öz mandatlarından kənara çıxa, istədikləri kimi fəaliyyət göstərə bilməzlər. Eyni zamanda Azərbaycana düşmən olan dövlətlərin cəmiyyətimizi parçalamaq, qarşıdurma yaratmaq planları da iflasa uğradı. Onlar da gördülər ki, cəmiyyət yumruq kimi birləşib və bir nöqtəyə vurur.
Sadiq Qurbanov daha bir nəticə kimi Prezidentin daim tövsiyyə etdiyi ictimai nəzarətin nə qədər böyük əhəmiyyət daşıdğının nümayişini göstərir: “Bir daha sübut olundu ki, Azərbaycan sivil, bəşəri dəyərləri rəhbər tutmaqla öz məqsədlərinə nail olur və Laçın-Xankəndi yolunda keçirilən dinç aksiyanı həyata keçirən eko fəalların əldə etdiyi nəticələr bunun parlaq təzahürüdür”.
Rasim
“AzPolitika.info”


Şərhlər