Bu gün Bakı Biznes Mərkəzində Medianın İnkişafı Agentliyinin (MEDİA) 2022-ci ilin yekunlarına dair hesabat konfransı keçirilib. Konfransda çıxış edən Agentliyin İcraçı direktoru qurumun ötənilki fəaliyyəti ilə bağlı geniş məlumat verdi.
Onun sözlərinə görə, ötən iki ay ərzində Media Reyestrində qeydiyyatdan keçmək üçün müraciət edən media strukturlarının sayı 200-dən çoxdur.
Ə.İsmayılov əlavə etdi ki, onlardan 150-si qeydə alınıb. Jurnalistlərdən isə 180 nəfərin adı reyestrə salınıb.
İcraçı direktor bildirdi ki, 2022-ci ildə MEDİA 500-ə yaxın jurnalist və media subyekti ilə görüşlər keçirib. 60-dan çox dövlət qurumunun mediaya məsul əməkdaşları üçün seminarlar təşkil edib.
“Media menecerlərin və jurnalistlərin peşəkarlığının artırılması məqsədilə yerli və xarici mütəxəssislərin iştirakı ilə 800 nəfəri əhatə edən təlimlər keçirilib. Anadolu Agentliyi ilə birgə jurnalistlər üçün hazırlanan onlayn videotəlim platformasına dair işlər yekunlaşmaq üzrədir. Medianın İnkişafı Agentliyi tərəfindən 2022-ci ildə beynəlxalq əməkdaşlığın qurulması çərçivəsində ümumilikdə 14 görüş keçirilib, xarici və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə 4 tədbir təşkil edilib. Agentlik media ilə bağlı 11 beynəlxalq tədbirdə təmsil olunub” – o, qeyd edib.
Əhməd İsmayılov bildirib ki, eyni zamanda, beynəlxalq əməkdaşlığın inkişafı üçün Qazaxıstan və Özbəkistanın müvafiq media subyektləri ilə anlaşma memorandumları imzalanıb.
İcraçı direktor daha sonra MEDİA-ın əsas hədəflərini açıqlayıb. Ə.İsmayılov bildirib ki, əsas hədəflər ənənəvi medianın rəqəmsal mediaya uğurlu keçidinin təmin edilməsi, media subyektlərinin kadr, infrastruktur və texniki potensialının gücləndirilməsi, media subyektlərinin uğurlu biznes modelinin formalaşdırılması, cəmiyyətin mediaya etimadının artırılması, media subyektlərinin müasir dünya trendlərinə uyğunlaşdırılmasıdır.
İcraçı direktor vurğulayıb ki, media subyektlərinə 3 il müddətinə vergi tətilinin tətbiqini nəzərdə tutan qanun layihəsi müvafiq orqanlarla tam razılaşdırılıb.

Onun sözlərinə görə, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi tədbirləri çərçivəsində media dəstək layihələri tam yeni qaydalar əsasında həyata keçirilməkdədir: “Milli məzmun, sosial reklam və ictimai faydalı elanların maliyyələşdirilməsi yolu ilə mediaya dəstək mexanizmləri barədə beynəlxalq təcrübənin təhlili və təkliflər hazırlanıb aidiyyəti üzrə təqdim edilib. Region mediasının inkişafı ilə bağlı diaqnostik icmal hazırlanmaqdadır. Bu müddətdə Azərbaycan milli rəqəmsal media təhlili platforması “Metrix” istifadəyə verilib. Həmçinin, çap mediasının inkişafı və rəqəmsal transformasiyasınlın dəstəklənməsi ilə bağlı strateji pıan hazırlanıb, aidiyyəti üzrə təqdim edilib”.
Daha sonra jurnalistlərin suallarını cavablandıran İcraçı direktor media subyektlərinə reyestrə düşmək üçün 20 özəl xəbər tələbinə aydınlıq gətirib. Bildirib ki, 20 xəbər tələbi 20 yeni xəbər demək deyil: “Bizə subyekt müraciət edir və görürük ki, ayda sayta bir dənə material qoyur. Buna biz necə media deyək?! Bu tələb qoyulanda geniş müzakirə aparılmışdı. Hesab edirəm ki, lentinizdə özünüzə aid minimum 20 xəbər olmalıdır. Türkiyədə bu tələb daha yüksəkdir. Təbii ki, dəyişiklik ola bilər. Lakin hələlik, 20 tələb yaxşıdır”.

Ə.İsmayılov vurğulayıb ki, Azərbaycanda ali məktəbi bitirdikdən sonra obyektiv səbəblər üzündən diplom ala bilməyən jurnalistlərin media reyestrindən keçə bilməməsi məsələsi Medianın İnkişafı Agentliyinin (MEDİA) diqqətindədir. O bildirib ki, bu barədə MEDİA-ya müraciətlər daxil olub: “Jurnalistlərin problemlərini bildirmək üçün Media Agentliyi var. Onlar problemlərinin həlli üçün bizə müraciət edirlər. Bu məsələ ilə bağlı məşğul olan dövlət orqanı var. Ona müraciət etməlisiz ki, müvafiq qurum bununla bağlı hansısa bir iş görsün. Biz Media Agentliyi olaraq sizə söz veririk ki, bu məsələni aidiyyatı qurumların qarşısında qaldıracağıq. Görək necə həll edə bilərik? Bununla bağlı biz Media Agentliyinə müraciətlərin sayını bilirik. Mən də həmkarlardan xahiş edəcəm ki, bu məsələ ilə bağlı arayış hazırlansın. Aidiyyatı orqanlardan da xahiş edəcəm ki, gələcəkdə problemin həlli üçün çıxış yolu tapılsın”.
Rasim
“AzPolitika.info”


Şərhlər