44 günlük Vətən Müharibəsinin ağ xalatlı qəhrəmanlarından biri, cərrah Cəmil Ələkbərov Qəbələ Mərkəzi Rayon Xəstəxanasının Baş həkimi, Direktorun cərrahiyyə işləri üzrə müavini vəzifəsinə təyin olunub.
“AzPolitika.info” xəbər verir ki, bu barədə yanvarın 18-də TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.
C.Ələkbərov Vətən Müharibəsinin iştirakçısıdır, yüzlərlə yaralı Azərbaycan hərbçisinin həyatını xilas edib. O, döyüşlərin başlandığı ilk gündən çalışdığı tibb müəssisəsində işini yarımçıq qoyaraq könüllü cəbhəyə gedən həkimlərimizdəndir.

C.Ələkbərov müharibədən sonra cəbhə təəssüratlarını “AzPolitika.info”-ya danışmışdı (Burdan oxu: VƏTƏN MÜHARİBƏSİNİN AĞXALATLI QƏHRƏMANI: “Bəzən yaralıların içində düşmən əsgərləri də olurdu...”).
Ələkbərov 1980-ci ildə Naxçıvanda anadan olub, Tibb Universitetinin Müalicə işi fakültəsini bitirib, Kazan Tibb Akademiyasında elmi işini vaxtından əvvəl müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Azərbaycanın tanınmış torakal cərrahlarından biridir.
2009-2017-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda Döş qəfəsi cərrahiyyəsi üzrə aparıcı elmi işçi vəzifəsində çalışıb. 2018-ci ildən Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsində Döş qəfəsi cərrahi kimi işini davam etdirib. Azərbaycanda ilk dəfə olaraq narkozsuz ağciyər əməliyyatını icra edib.
“AzPolitika.info”


Şərhlər