BAXCP-dən Güney Azərbaycana yardım çağırışı – Prezidentə müraciət

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Güney Azərbaycanın Xoy şəhərində baş verən zəlzələdən zərər çəkən soydaşlarımıza yardım göstərilməsiylə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edib.

Müraciətdə qeyd olunur ki, Xoy şəhəri və ətrafında baş verən zəlzələlər nəticəsində yaşayış evlərinin əhəmiyyətli hissəsi dağılıb: “Güney Azərbaycandan olan soydaşlarımızın açıqlamalarından və zəlzələ baş verən bölgədəki mənzərəni əks etdirən foto və video görüntülərdən belə anlaşılır ki, evləri dağılan insanların əhəmiyyətli hissəsi hələ də çadırlarla və yaşayış üçün gərəkli olan digər ləvazimatlarla təmin olunmayıblar, şaxtalı qış günlərində açıq hava şəraitində yaşamaq məcburiyyətindədirlər.

Azərbaycan, hətta özünün çətin günlərində belə, hər zaman yaxın və uzaq ölkələrdə yaşayan, təbii fəlakətlərin doğurduğu məhrumiyyətlərlə qarşı-qarşıya qalan insanlara xüsusi həssaslıqla yanaşıb, onların dərdlərinə şərik olub, yardımını əsirgəməyib. Bu çətin günlərdə yardımlarımızla zəlzələdən zərər çəkən soydaşlarımızın yanında olmaq hər bir azərbaycanlının mənəvi borcudur”.

BAXCP əminliyini bəyan edir ki, Azərbaycan Prezidenti Güney Azərbaycanda və İran adlanan ölkənin hüdudlarından kənarda yaşayan soydaşlarımızın müraciətlərini nəzərə alacaq, Xoy və ətraf ərazilərdə baş verən zəlzələlərdən ziyan çəkən insanlara yardım edilməsi üçün müvafiq göstəriş verəcək.

“Şübhə etmirik ki, ehtiyac duyulacağı təqdirdə Azərbaycan Respublikasının əksər vətəndaşları və dünya azərbaycanlıları da Güney Azərbaycandakı soydaşlarımıza dəstəklərini əsirgəməyəcəklər”, - partiyanın çağırışında qeyd olunur.

“AzPolitika”

635x100

Şərhlər

dadaşyev 2023-01-30 20:55:29

Cənublu bacı-qardaşlarımızın bizdən başqa heç kimləri yoxdu,biz kömək etməsək heç kim onlara kömək etməyəcək.Fars tiryaki liderlər onlara əsla yardım etməyəcəklər.Üstəlik aylarla sürən iğtişaşlardan sonra.Biz öz bacı-qardaşlarımıza hər cür köməyi göstərməliyik.Bu bizim boynumuzun borcudur.Doğma bacı-qardaşlarımız yaman dardadır.

Son yazılar