KÖHNƏ AVTOMOBİLLƏRİN UTİLİZASİYASI – “Köhnə avtomobilini təhvil verən güzəşt əldə edəcək”

Son illər Azərbaycanda avtomobillərin sayında hiss olunacaq dərəcədə artım müşahidə edilir. Bu artım iri şəhərlərdə tıxacların yaranmasına səbəb olur, həmçinin ölkəmizin ekoloji mühitinə böyük ölçüdə ziyan vurur. 

Statistik məlumatlara əsasən, 2022-ci ildə Azərbaycanda 1,7 milyon avtomobil qeydiyyatda olub. Bu avtomobillərin 80 faizindən çoxunun yaşı 10 ili ötür. Bu cür avtomobillərin sayının ildən-ilə artması bir sıra fəsadların ortaya çıxmasına səbəb olur. Ekspertlər Azərbaycanda hava çirklənməsində nəqliyyat sektorunun payının 80 faizdən çox olduğunu bildirirlər. Bu göstəricinin yüksək olmasının başqa bir səbəbi də, istismar müddətini başa buran avtomobillərin sayının çoxluğuyla əlaqədardır. Belə ki, istismar müddətini başa vurmuş avtomobillər havaya daha çox dəm qazı, karbohidrogenlər, azotoksidlər və digər zərərli qazlar buraxırlar ki, bu da öz növbəsində ekoloji çirklənməyə səbəb olur.

Bu problemin həlli istiqamətində yaxın gələcəkdə Azərbaycanda avtomobillərin utilizasiyası (Tullantıların xammal kimi istifadəsi- red.) üçün yeni qurumun yaradılacağı bildirilir. Artıq bu barədə bir neçə nazirlik və dövlət qurumu müzakirələr aparırlar. Bu günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə yerli mediaya açıqlamasında bildirib ki, Azərbaycanda köhnə avtomobilini utilizasiya edən vətəndaşlara müəyyən güzəştlər təklif olunacaq: “Bu proses məcburi olmayacaq. Köhnə avtomobilini utilizasiya edən vətəndaş yeni maşın almaq üçün güzəşt əldə edəcək. Bu, stimullaşdırıcı tədbir kimi həyata keçiriləcək. Məsələn, kiminsə həyətində köhnə maşın var və o, istifadə edilmir. Bir var onu “metalalom”a verirlər, bir də var, həmin proqram çərçivəsində utilizasiya edirlər. Həmin maşının şüşəsi, plastik hissəsi, dəmir parçası və s. hissəsindən təkrar emalda istifadə ediləcək”.

Qeyd edək ki, qiymətləndirmə prosesi avtomobilin mühərrikinin həcminə və vəziyyətinə uyğun aparılacaq. Rasim Səttarzadə bununla bağlı vurğulayıb ki, qiymətləndirmə prosesi avtomobilin texniki vəziyyətinə uyğun aparılacaq: “Bu, 1000 manat da ola bilər, 1500 manat və daha çox da hesablana bilər. Minik avtomobilləri daha ucuz hesablanacaq. Yük avtomobilləri, avtobuslar, qoşqulu maşınlara və s. nisbətən yüksək məbləğ təklif olunacaq.

Proses təsdiqləndikdən sonra utilizasiyanın həyata keçirilməsi üçün müvafiq qurum yaradılacaq. Həmin qurumun tərkibində komissiya yaradılacaq və həmin komissiyada müxtəlif dövlət qurumlarından nümayəndələr iştirak edəcəklər. Vətəndaş köhnə maşınını həmin quruma təqdim edəcək və qiymətləndirmə aparılacaq”.

Nazirliyin şöbə müdirinin sözlərinə görə, vətəndaş ona təqdim edilən vauçerlə yerli istehsal olan avtomobilləri daha ucuz qiymətə ala biləcək. Xarici istehsal olan yeni avtomobillərin alınmasına görə isə daha az məbləğ veriləcək.

“Utilizasiya proqramının əsas məqsədi köhnə avtomobillərdən çıxan zərərli qazlarla ekologiyanın çirklənməsinin qarşısını almaqdır. Proqramın hazırlanması sonuncu mərhələdə olsa da, nə vaxtdan tətbiq ediləcəyi və dəqiq olaraq hansı göstəricidə olan avtomobillərə şamil ediləcəyi hələ dəqiq deyil”,- deyə nazirlik rəsmisi bildirib.

Xatırladaq ki, hazırda sözügedən layihə Nazirlər Kabinetində müzakirədədir.

Bu barədə ekoloq Telman Zeynalov “AzPolitika.info”-ya şərhində bildirib ki, hökumətin belə bir addım atması təqdirəlayiqdir: “Nazirlər Kabineti sözügedən qanun layihəsini qəbul edərsə, bu, ətraf mühitin mühafizəsinə imkan verəcək. Bildiyiniz kimi, nəqliyyat sektorunun ətraf mühitin çirklənməsində payı olduqca böyükdür. Düşünürəm ki, bu qanun layihəsi bir növ istismar müddətini başa vurmuş avtomobillərin havaya buraxdığı zərərli qazların önünü kəsmiş olacaq”.

Ekspert sözügedən qanun layihəsi çərçivəsində bir sıra cərimələrin tətbiq olunacağını bildirib: “Hesab edirəm ki, bu sahədə müəyyən cərimələr də nəzərdə tutulacaq. Beləcə, istismar müddətini başa vurmuş avtomobillərin bir çoxunun fəaliyyəti məhdudlaşacaq. İnsanlar məcbur olacaqlar ki, bu cür avtomobillərdən istifadə etməsinlər. Əgər bu qanun layihəsi düzgün həyata keçirilərsə, qısa müddət ərzində bunun müsbət təsirlərini görə bilərik”. “Qanunun düzgün icara olunması üçün ilk növbədə korrupsiyanın qaşısı alınmalıdır.

Əgər rüşvət aradan qaldırılmasa, heç nəyə nail ola bilməyəcəyik. Bu gün əksər insanlar sınıq, köhnə avtomobillərlə gündəlik yaşam xərclərini qarşılamağa çalışırlar. Bu qanun layihəsi tətbiq olunarsa, onlar ya avtomobilərindən imtina edəcəklər, ya da məcburən rüşvət verməli olacaqlar. Ona görə də, belə tədbirlərin həyata keçirilməsi üçün ilk növbədə bu cür problemlərin həllindən başlamaq lazımdır”, - ekoloq bildirib.

E. Bəyməmmədli

“AzPolitika.info”

Qeyd: Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda hazırlanmışdır


635x100

Şərhlər

t.ədalət 2023-02-03 10:57:59

Ətraf mühitin mühafizəsi üçün ,ilkin olaraq ölkədə yanacaq istehsalı zamanı yol verilən qüsurları aradan qaldırmaq lazımdır.İkincisi də,kimdir öz avtomobilini qəpik-quruşa təhfil versin?Ətraf mühitin qayğısına qalan dövlət köhnə avtomobilləri bazar qiymətinə alıb istismaqdan çıxarmalıdır.İndi nəzərdə tutulan qiymətə heç kim avtomobilini verməz.Ondansa aparıb ayaqyoluna atarlar.

Turan 2023-02-03 10:26:11

Mən təklif edərdim ki istehsal müddəti 30 ildən çox olan maşınlar həm sığorta olunmasınlar həm də texniki baxışdan keçirilməsin. Bununla da bütün məsələlər həll olunur. Artıq qanun layihəsi nəyə laxım?

Son yazılar